"Azərros"da qalmaqal böyüyür: qurultay təxirə salındı

"Azərros"da qalmaqal böyüyür: qurultay təxirə salındı
15:59 13 Yanvar 2015
165 Dünya
Ölkə mətbuatı
A- A+

"Azərros" Federal Milli Mədəni Muxtariyyətindəki daxili qalmaqal böyüyür.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qurum üzvləri ilə Ağsaqqallar Şurası arasında anlaşılmazlıq yaranıb. Belə ki, qurumun prezidenti Asif Məhərrəmov dekabrın 26-da istefa verəndən sonra bu il yanvarın 17-də növbədənkənar qurultay keçirilməsi barədə qərar qəbul olunub.  Lakin "Azərros" Ağsaqqallar Şurasının sədri Abbas Abbasov həmin tarixdə növbədənkənar qurultayın keçirilməsinə qarşı çıxıb və bununla bağlı bəyanat yayıb.

 

A. Abbasov bu gün yaydığı müraciətində qeyd edib ki, "Azərros"la bağlı Federal Şuranın iclası çağırılmalı, növbədənkənar qurultaya hazırlıq planı təsdiq edilməlidir: "Buna görə də 2015-ci il 17 yanvar tarixinə təyin olunan növbədənkənar qurultaya hazırlıq işləri dayandırılmalıdır. Çünki qurultaya hazırlıq "Azərros" FMMM-in Nizamnaməsinə uyğun olaraq Muxtariyyətin Federal Şurasının rəhbərliyi altında keçirilməlidir".

 

A. Abbasov bəyanatında qeyd edib ki, yalnız Ağsaqqallar Şurası namizədləri təsdiq edəndən sonra "Azərros" prezidentini seçmək, eləcə də digər məsələləri həll etmək üçün qurultay keçirmək olar.

 

A. Abbasovun bu müraciətindən bir qədər sonra isə "Azərros"dan APA-ya bildirilib ki, yanvarın 17-nə təyin olunmuş növbədənkənar qurultay qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Federal Milli Mədəni Muxtariyyətin bir qrup üzvü növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü ilə çıxış edib. Qurultaya hazırlıq işlər ilə bağlı yaradılan Təşkilat Komitəsinin sədri Tahir Hacıyevin imzası ilə “Azərros”un Federal Şurasının sədri Mehriban Sadıqovaya və “Azərros”un prezidenti Asif Məhərrəmova ünvanlanan məktubda növbədənkənar qurultay keçirmək istəyən şəxsləri bu addıma vadar edən səbəblərdən bəhs olunub. Bildirilib ki, onların narazılığına başlıca səbəb qurumun prezidenti A. Məhərrəmovun fəaliyyəti və davranışıdır. Konkret olaraq, “Azərros”un fəxri prezidenti Söyun Sadıqov və Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun xahişi ilə A. Məhərəmovun qurumun rəhbəri seçilməsindən sonra “Azərros”un 2 il ərzində münaqişə, intriqa və şayiələr məkanına çevrildiyi vurğulanıb.

 

Məktubda A. Məhərrəmovun “Azərros”u dağıtdıqdan sonra azərbaycanlıların digər təşkilatlarının məhvinə başladığı, habelə onun səyi nəticəsində 1998-ci ildən azərbaycanlıların Rusiya və digər ölkələrdəki fəaliyyəti haqqında audio-video materialların, habelə “Azərros”un bütün arxivinin məhv edildiyi bildirilib.

 

Xatırladaq ki, "Azərros"a əvvəllər Söyün Sadıqov rəhbərlik edib. Daha sonra isə S. Sadıqov təşkilat rəhbərliyindən istefa verib. 2013-cü il yanvarın 25-də təşkilatın V qurultayı keçirilib. Qurultayda Ağsaqqallar Şurası yaradılıb. Ağsaqqallar Şurasına Abbas Abbasov, qurumun sədri vəzifəsinə isə Asif Məhərrəmov seçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR