Azərbaycanda əvvəllər elmə məlum olmayan bir sıra abidələr aşkarlanıb

17:22 13 Yanvar 2015
156 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 17:16 ]


Bakı. Könül Kamilqızı - APA. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu 2014-ci ildə elmi tədqiqat və elmi təşkilati işlərin planına uyğun olaraq geniş elmi tədqiqat işlərini davam etdirib.

 

Arxeologiya və Etnoqrafiya İnstitutundan APA-ya verilən xəbərə görə, hesabat ilində institutun fəaliyyəti genişlənib, arxeoloji və etnoqrafik səfərlər intensiv xarakter alıb, uzun illər araşdırmalardan kənarda qalmış bir sıra abidələr tədqiqata cəlb olunub. Cari ildə arxeoloji qazıntı işləri daha da canlanıb, əvvəllər elmə məlum olmayan bir sıra abidələr aşkar edilib, dəyərli etnoqrafik məlumatlar toplanıb. Bunlardan Minğəçevir, Şamaxı, İsmayıllı, Ağcəbədi, Goranboy, Ağdaş, Lerik, Şəmkir, Tovuz, Samux və Şabran rayonlarında yeni aşkar edilən və tədqiqatlar aparılan abidələri qeyd etmək olar.

 

Bu işlərlə bərabər, 2014-ci ildə arxeoloji qazıntılardan əldə edilmiş maddi mədəniyyət nümunələrinin kameral işlənməsində və laboratoriya analizlərində xarici ölkələrin qabaqcıl texnologiyalarının tətbiq edilməsi prioritet istiqamətlərdən biri olub. 2014-cü ildə respublikanın Abşeron, Salyan, Qəbələ, Quba, Xaçmaz, Şabran, Qax, Şəki, Ağcəbədi, Ağdam, Fizuli, Oğuz, Cəlilabad, Şamaxı, Ağsu, Gəncə, Goranboy, Tovuz, Ağstafa, Şəmkir, Şərur, Babək, Ordubad, Bərdə, Gədəbəy, İsmayıllı, Lerik, Kəngərli və digər rayonlarında geniş və irimiqyaslı arxeoloji qazıntı işləri aparılıb, Bərdə və Gədəbəy rayonlarına, Quba-Xınalıq, İsmayıllı-Qəbələ, Lənkəran-Astara bölgələrinə etnoqrafik səfərlər təşkil edilib.

 

Mil-Qarabağ bölgəsinin arxeoloji tədqiqi institutun elmi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Kəşfiyyat işləri zamanı bu bölgədə əvvəllər elmə məlum olmayan neolit, eneolit və tunc dövrlərinə aid bir sıra yeni yaşayış məskənləri və qəbir abidələri aşkar edilib. Eyni zamanda yerli icra nümayəndələrinin və təsərrüfat rəhbərlərinin köməyi ilə bəzi abidələrin dağılma təhlükəsinin qarşısı alınıb.

 

Hesabat ilində institutun beynəlxalq elmi əlaqələri genişlənib, Turkiyə, ABŞ, Fransa, Almaniya, Yaponiya, Gürcüstan, Koreya, Rusiya, Qazaxstan arxeoloqları və etnoqrafları ilə birlikdə Azərbaycanın bir sıra abidələrində qazıntı, tədqiqat işləri aparılıb, görüşlər keçirilib, gələcək əməkdaşlıq barəsində müzakirələr aparılıb. Hesabat ilində Arxeologiya və Etnoqrafiya İnstitutu öz fəaliyyətini “Azərbaycanda Arxeoloji və Etnoqrafik tədqiqatlar” istiqamətində davam etdirib. Bu istiqamət üzrə 6 problem və 23 mövzu üzərində elmi tədqiqat işləri aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR