Azərbaycanda İİV-in ən çox yayıldığı şəhər və rayonlar

Azərbaycanda İİV-in ən çox yayıldığı şəhər və rayonlar
17:32 13 Yanvar 2015
186 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi ən yüksək olan ərazi Şirvan şəhəridir

Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Trend-ə verilən məlumata görə, ölkə üzrə İİV-in ən çox yayıldığı ikinci rayon Haçıqabul, üçüncü rayon isə Astaradır. Siyahıda Lənkəran 4, Sumqayıt 5, Yevlax 6-cı yeri tutur.

Siyahıda ilk yeri tutan Şirvanda 386 nəfər İİV-ə yoluxan insan var ki, onun 311-i kişi, 75-i qadındır. Bu şəhərdə əhalinin hər 10 min nəfərindən (əhalisinin sayı 80 900 nəfərdir) 47,7 nəfəri İİV-ə yoluxan insandır.

Hacıqabulda 150-si kişi, 41-i qadın olmaqla, 191 İİV-ə yoluxmuş insan qeydiyyata götürülüb. Bu rayonda əhalinin hər 10 min nəfərindən (əhalisinin sayı 69 100 nəfərdir) 27,6 nəfəri İİV xəstəsidir.

Astarada 161 kişi, 44-ü qadın olmaqla, 205 İİV-ə yoluxan insan var. Əhalisinin sayı 101 200 nəfər olan Astarada əhalinin hər 10 min nəfərindən 20,3-ü İİV-li xəstədir.

Siyahıda 4-cü yeri tutan Lənkəranda 353 İİV-ə yoluxan insan var. Onların 284-ü kişi, 69-u qadındır. Burada hər 10 min əhaliyə (əhalisinin sayı 215 800 nəfər) düşən İİV-li xəstələrin sayı 16,4-dür.

Siyahıda 5-ci yeri tutan Sumqayıt şəhərində İİV-li xəstələrin sayı adları qeyd edilən rayon və şəhərdəki xəstələrin sayından çox olsa da, burada əhalinin hər 10 min nəfərinə düşən xəstələrin sayı həmin ərazilərlə müqayisədə azdır. Bu şəhərdə 492 İİV-ə yoluxan xəstə qeydiyyata götürülüb. Onun 395-i kişi, 97-si qadındır. Əhalisinin sayı 325 200 nəfər olan Sumqayıtda əhalinin hər 10 min nəfərinə düşən İİV-li xəstələrin sayı 15,1-dir.

Siyahıda 6-cı yeri tutan Yevlaxda 99-u kişi, 30-u qadın olmaqla, 129 İİV-li xəstə qeydiyyata götürülüb. Əhalisinin sayı 122 300 nəfər olan Yevlaxda əhalinin hər 10 min nəfərindən 10,5-i İİV-li xəstələrdir.

Adları qeyd edilən 6 şəhər və rayonda İİV-in yayılma göstəricisinin yüksək olması həmin ərazilərdə narkomaniyanın daha çox yayılması ilə əlaqəlidir.

Paytaxt Bakıya gəldikdə, Mərkəzdən bildirilib ki, Bakı əhalisinin sayı çox olduğundan İİV-ə yoluxma göstəricisi çox da yüksək hesab edilmir. Bakıda 903-ü kişi, 239-u qadın olmaqla, 1142 nəfəri İİV infeksiyasına yoluxub. Paytaxt əhalisinin hər 10 min nəfərindən 5,3 nəfəri İİV infeksiyasına yoluxub.

Ölkədə İİV-in ən az yayıldığı ərazilər isə Biləsuvar və Naftalan rayonlarıdır. Biləsuvarda cəmi 7, Naftalanda isə 1 nəfər İİV-ə yoluxan xəstə kimi qeydiyyatdadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agenc

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR