Milli Qəhrəmanın doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini olmuş Şikar Şikarovun doğum günüdür.

Metbuat.az xəbər verir ki, 1953-cü il dekabr ayının 3-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirib. Elə həmin il SSRİ Müdafiə Nazirliyinin Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk diyarındakı hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlayıb.

1986-cı ildə SSRİ Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasına daxil olub, 1989-cu ildə oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilib.

1990-cı il 20 yanvar hadisələrindən sonra Azərbaycana qayıdıb. Əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilib. 1992-ci ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik edib, uğurlu əməliyyatlar keçirib.

1992-ci il iyunun 13-də Ağdərə uğrunda gedən ağır döyüşlərin birində həlak olub. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Qobustan rayonundakı Sündü kənd orta məktəbi onun adını daşıyır (əslən həmin kənddəndir).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR