Döyüş meydanında hünər göstərən igid oğul...

Döyüş meydanında hünər göstərən igid oğul...

Vətənimizin ən ağır günlərində digər rayonlarımızda olduğu kimi, Şəmkirin igid oğulları da silaha sarılaraq, erməni vandallarına qarşı döyüşə yollandılar. Bu müqəddəs amal uğrunda rayon sakinlərindən 230 nəfəri şəhid, onlarla şəmkirli isə əlil olub.

Şəmkirin şəhidlik zirvəsinə yüksələn igid övladlarından 17 nəfəri məhz Daxili Qoşunların cəsur döyüşçüləri idi. Onlardan biri də rayonun Yeni Həyat kəndinin vətənpərvər oğlu şəhid Vüqar Məmmədovdur.

Sıravi Vüqar Bayram oğlu Məmmədov 1971-ci il iyul ayının 7-də Şəmkir rayonunun Yeni Həyat kəndində dünyaya göz açıb. Atası Bayram kişinin və Güllüzar ananın (hər ikisi vəfat edib) halal zəhmətlə böyüdüb tərbiyə etdiyi 4 övladın (Fərman, Bahar, Mehbarə və Vüqar) biri, eyni zamanda ailənin sonbeşiyi idi Vüqar.

1988-ci ildə Yeni Həyat kənd orta məktəbini bitirdikdən sonra iki il Sovet Ordusu sıralarında Moskva ətrafında yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçib. Nümunəvi xidmətinə və yüksək nizam-intizamına görə hərbi hissədən ailəsinə tərifnamə göndərilib.

İgid silahdaşımızın bacısı Bahar Məmmədova onun bacarıqlı, işgüzar və intizamlı olduğu üçün hər kəs tərəfindən sevildiyini deyir: “Vüqar məndən 4 yaş kiçik, həm də ailəmizin sonbeşiyi idi. Uşaqlıqdan sakit, mehriban, deyib-gülən, eləcə də çalışqan şagird olduğu üçün həm qohum-qonşular, həm də məktəbdə müəllim və şagird yoldaşları onun xətrini çox istəyirdi. Təsərrüfat işlərinə, xüsusən də heyvandarlıq sahəsinə böyük maraq göstərərdi. İşdən-gücdən heç zaman qaçmaz, atama kömək edərdi. Olduqca zəhmətkeş bir insan idi.

Vüqar həm də vətənpərvər bir gənc idi. Cəbhəyə də könüllü olaraq getmişdi. Nə deyim? Vətənini, el-obasını sevən igid oğullarımızla ancaq qürur duymaq olar. Bu səbəbdən də qardaşım Vüqarla ancaq fəxr edir, onunla qürur duyuram”.

1992-ci il avqust ayının 12-də gənc Vüqar Şəmkir Rayon Hərbi Komissarlığına gələrək könüllü olaraq torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmək arzusunda olduğunu bildirir. Beləliklə o, qəlbində olan böyük Vətən sevgisi və düşmənə sonsuz nifrət hissi ilə doğma yurdumuzun müdafiəsinə yollanır.

Bir müddət sonra V.Məmmədov Daxili Qoşunların Ağdam rayonunda-döyüş bölgəsində yerləşən “N” saylı hərbi hissəsinin “sıravi” hərbi qulluqçusu kimi Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır. O, bu hərbi hissənin tərkibində Ağdərə rayonu ərazisindəki bir sıra kənd və yüksəkliklərin azad edilməsi, eləcə də müdafiəsi uğrunda gedən ağır döyüş əməliyyatlarında fəal iştirak edir.

10 noyabr 1992-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi ətrafında gedən şiddətli döyüşlər sıravi V.Məmmədovun son döyüşü olur. Bu döyüşdə tərkibində Vüqarın da olduğu on beş nəfər igid silahdaşımız erməni cəlladlarına qarşı qətiyyətlə vuruşaraq, düşmənə sarsıdıcı zərbələr endirir. Həmin döyüşdə təkcə sıravi V.Məmmədov iriçaplı pulemyotla düşmənin 20-dək canlı qüvvəsini məhv edir. Ümumilikdə isə, hərbi əməliyyatların gedişatında erməni cəlladları 70-dən çox itki verirlər. Lakin döyüşün sonunda bu qəhrəman oğulların hər biri düşmən gülləsinə tuş gələrək əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir. Onu da qeyd edək ki, Vüqarla birgə şəhidlik zirvəsinə yüksələn bu igid oğullardan 2 nəfəri də (Hüseynov Elpərəst Akif oğlu və Qasımov Kərim Mehdi oğlu)məhz Şəmkir rayonunun vətənpərvər oğulları idi.

Bu barədə 1992-ci ilin noyabrın 19-da Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı tərəfindən Məmmədovlar ailəsinə ünvanlanmış məktubda yazılıb:

“Məmmədovlar ailəsinə!

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi oğlunuz Vüqarın torpaqlarımızın erməni qəsbkarlarından təmizlənməsi uğrunda Qarabağ bölgəsində gedən döyüşlərdə qəhrəmancasına həlak olduğunu bildirir.

Sizin oğlunuz Vüqar axırıncı dəfə Ağdərə rayonu ərazisində, Sırxavənddən Çıldırana gedən yolda ermənilərin üç postunu dağıtmış, 20-yə qədər erməni öldürmüş və düşmənin hücum əməliyyatını pozmuşdur. Sizin oğlunuz qeyrət göstərərək, qeyrət rəmzinə çevrilmiş, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Siz Vüqarın Vətən yolunda ölümü ilə, qəhrəmanlığı ilə öyünə bilərsiniz.

Sizi əmin edirik ki, oğlunuzun qanını döyüşçü dostları yerdə qoymayacaqlar.

DİN-in Daxili Qoşunlarının Baş İdarəsi torpaqlarımızın bölünməzliyi uğrunda həlak olmuş silahdaşımız Vüqarın ailəsinə, qohum və tanışlarına dərin hüznlə başsağlığı verir, onun şəhid adını əziz tutacaq və daim qəlbimizdə yaşadacağıq.

Allah rəhmət eləsin. Qəbri nurla dolsun!”.

Vətən uğrunda canını qurban verən sıravi Vüqar Məmmədov noyabr ayının 13-də doğma Yeni Həyat kənd qəbiristanlığında dəfn olunub. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli Sərəncamı ilə əsgər Vüqar Məmmədov dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə,döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə “İgidliyə görə” medalı ilə (ölümündən sonra) təltif edilib (Medal 16.12.2006-cı il tarixdə Daxili Qoşunların Baş İdarəsində Daxili Qoşunların Komandanı tərəfindən şəhidin atasına təqdim olunub).

Xeyli müddət keçməsinə baxmayaraq, Vüqarın döyüşçü dostları onun qəhrəmanlığını bu gün də böyük iftixar hissi ilə qeyd edirlər.

Vaxtilə igid döyüşçü ilə birgə xidmət etmiş həmyerliləri, hazırda Daxili Qoşunların veteranları olan Şəmkir rayonu, Keçili kənd sakini Etibar Məmmədov, Səməd Vurğun qəsəbə sakini Şakir Ağayev, eləcə də həmkəndlisi və eyni zamanda da komandiri olmuş Nemət Vəliyevin onun haqqında qürur hissi ilə söylədikləri ümumi fikirlər məhz bu qəbildəndir: “Vüqarla eyni gündə hərbi xidmətə çağırılmışıq. Cəbhəyə də bir bölüyün tərkibində, eyni gündə yollanmışdıq. İlk gəldiyimiz yer Xındırıstan kəndi oldu. Bir gecə qaldıqdan sonra Mehmana kəndi ətrafında postlarda müdafiə mövqeyində dayandıq. Səhərisi gün ermənilər bizim olduğumuz mövqelərə hücuma keçdilər. Təxminən bir sutka şiddətli döyüş baş verdi. Düşmən niyyətinə çata bilməyib, geri çəkilmək məcburiyyətində qaldı. Sonralar Vüqarla birgə Ağdam və Ağdərə rayonlarının bir sıra kənd və yüksəkliklərinin azad edilməsi, eləcə də müdafiəsi uğrunda aparılan hərbi əməliyyatlarda yaxından iştirak etmişik. Bu əməliyyatlar zamanı Vüqar onlarla erməni yaraqlısını məhv edərək, əsl döyüşçü kimi fərqlənmişdi.

Vüqar Vətənini qəlbən sevən əsl vətənpərvər, qorxubilməz döyüşçü idi. Mərd, qətiyyətli, eyni zamanda da intizamlı əsgər kimi yaddaşda qalıb. Hər kəslə mehriban davranırdı, xoş xasiyyəti vardı. Bu xüsusiyyətlərinə görə Vüqar kollektivdə böyük hörmət qazanmışdı”.

Məlumat üçün qeyd edək ki, şəhid V.Məmmədovun həyat və döyüş yolundan bəhs edən yazılara görkəmli ziyalılarımız – Şamxal Rüstəmin 1995-ci ildə Bakıda “Şərq-Qərb” nəşriyyatında işıq üzü görən “Şəmkir şəhidləri”, Ramiz Məsimoğlu və Rüfət Hüseynlinin müəllifi olduqları “Ölməz Qəhrəman” adlı kitablarında, Yeni Həyat kənd orta məktəbinin müəllimi Tofiq Ramazanovun müəllifi olduğu və “Şəmkir” qəzetinin 14.01.1993-cü il tarixli sayında dərc edilmiş “Qeyrət rəmzinə çevrilmiş şəhid” başlıqlı məqaləsində, həmçinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında rast gəlmək olar.

Bundan əlavə, V.Məmmədovun adı Daxili Qoşunların Arxivində saxlanılan Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 347-ci sıra nömrəsi ilə qeydə alınıb və 67987 saylı hərbi hissənin sıravi döyüşçüsü kimi 10.11.1992-ci il tarixdə gedən döyüşlər zamanı həlak olması göstərilib.

Vüqar kimi mərd, cəsur silahdaşlarımız Daxili Qoşunların tərkibində xidmətlərini bu gün də şərəf və ləyaqətlə davam etdirirlər. Sıralarında vətənpərvər oğulların xidmət etdiyi ordumuz işğal altında olan müqəddəs torpaqlarımızı yağı düşməndən azad etməyə hər zaman hazırdır.

Allah şəhidlərimizə rəhmət eləsin!

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabiti kapitan Anar Əhmədov / Metbuat.az

P.S. Əsgər Vüqar Məmmədovla birgə şəhidlik zirvəsinə yüksələn Daxili Qoşunların igid hərbi qulluqçuları Elpərəst Hüseynov və Kərim Qasımov da Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarızamanı göstərdikləri qəhrəmanlıqlarına görə Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli müvafiq Sərəncamı ilə “İgidliyə görə” medalı ilə (ölümündən sonra) təltif edilmişlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR