“Qlobal Terrorizm İndeksi”ndəki yüksək nəticə hazırkı sabitliyimizin göstəricisidir” - Sona Əliyeva

“Ümumdünya İqtisadiyyatı və Sülh İnstitutunun yeni “Qlobal Terrorizm İndeksi”ndə Azərbaycanın üç pillə irəliləməsi tamamilə reallıqları əks etdirir. Ölkəmizin bu reytinq cədvəlində Cənubi Qafqazda ilk pillədə qərarlaşıb. Yəni, Azərbaycan regionda sabitlik və inkişaf adasıdır. Bu o deməkdir ki, dünyanın aparıcı dövlətləri ilə müqayisədə ölkəmizdə təhlükəsizlik daha yüksək səviyyədə təmin olunur”.

Metbuat.az xəbər verir ki, açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkilinin sözlərinə görə, bu cür reytinq hesabatları hazırlanarkən ölkələrə terror təhdidi ilə bağlı nüanslar əsas götürülür. Yəni, radikal axınların meydana çıxmasına səbəb olan müxtəlif sosial iqtisadi şərtlər, geosiyasi faktorlar analiz edilir:“Bu gün Azərbaycanda demək olar ki, terror təhlükəsi yoxdur. Doğrudur, terrordan heç kəs sığortalanmayıb amma dövlətimizin günbəgün daha da güclənməsi, hüquq-mühafizə orqanlarımızın bu işdə ayıq-sayıqlığı bizi mövcud təhdidlərdən sığortalayır. Möhtərəm prezidentimizin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda sabitlik qorunub saxlanılır. Bunun nəticəsində ölkəmizin sosial inkişafı təmin edilir. Baxın, terror təhlükəsi olan ölkələrə investisiya yatıran da tapılmır. Terrorun tüğyan etdiyi ölkələrə baxdıqda bunu aydın şəkildə görmək mümkündür. Amma Azərbaycana hər il milyardlarla dollar investisiya yatırılır. Müəyyən sosial layihələrin icrası üçün güzəştli kreditlərin ayrılması üçün ölkəmizə müraciətlər edilir. Hətta nüfuzlu təşkilatlar, aparıcı ölkələr Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirirlər. Təbii ki, bütün bunlar ölkəmizdəki sabitliyin nəticəsində baş verir”.

Millət vəkilinin sözlərinə görə ölkəmiz beynəlxalq miqyasda da terrorizmlə mübarizəyə dəstək verməkdədir: “Azərbaycan sülhməramlıları Kosovada, İraqda, Əfqanıstanda beynəlxalq sülməramlı koalisiyanın tərkibində terrorizmin kökünün qazılmasına qarşı mübarizə aparır. Xatirinizdədirsə, 2001-ci ildə ABŞ-da “Əkiz qüllələr”də terakt həyata keçirilərkən ümummilli lider o zamankı ABŞ prezidentinə zəng vurdu. Bu çətin gündə Azərbaycan xalqının amerikalıların yanında olduğunu qeyd etdi. Ulu öndər Heydər Əliyev hər zaman erməni terrorundan əziyyət çəkən bir ölkə olaraq terrora qarşı mübarizədə ABŞ-ın yanında olduğunu vurğuladı. Dövlətimiz, xalqımız hər zaman terrora qarşı sərt mövqe sərgiləyib. Məhz xalq-iqtidar birliyinin nəticəsidir ki, burada terror küləkləri əsmir. Bir daha qeyd edirəm ki, Azərbaycanın bu siyahıda Ermənistanı, Gürcüstanı, hətta Amerika Birləşmiş Ştatlarını, Rusiyanı, Fransanı, Almaniyanı qabaqlaması onu deməyə əsas verir ki, ölkəmiz regionla yanaşı, dünyada da sabitlik və təhlükəsizlik məkanıdır”.

Qeyd edək ki, adıçəkilən siyahıda ilk yerləri terror təhdidinin və fəaliyyətinin daha yüksək olduğu ölkələr tutub. Son yerlərdə isə təhlükəsizliyin daha yüksək səviyyədə təmin olunduğu ölkələr qərarlaşıb.

“Qlobal Terrorizm İndeksi”ndə ilk üçlüyü müvafiq olaraq İraq, Əfqanıstan və Nigeriya bölüşür. Dünyanın aparıcı ölkələrinin də vəziyyəti bir o qədər ürək açan deyil. Misal üçün, ABŞ 20-ci, Rusiya 34-cü, Almaniya, 39-cu, Fransa 30-cu, Ukrayna 21-ci, Tacikistan 74-cü, Qazaxıstan 75-ci, Qırğızıstan isə 80-ci yerdədir.

Azərbaycan bu siyahıda öz mövqeyini daha 3 pillə yaxşılaşdırıb. Ölkəmizin göstəricisi 138 ölkə arasında 98-dir. Yəni, bu o deməkdir ki, ölkəmizdə terror təhlükəsi praktiki olaraq yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR