Psixoloq Dəyanət Rzayev: “Cinayət törədənlərin, intihar edənlərin 90 faizi fiziki cəhətdən sağlam insanlardır”

Psixoloq Dəyanət Rzayev: “Cinayət törədənlərin, intihar edənlərin 90 faizi fiziki cəhətdən sağlam insanlardır”
18:29 13 Yanvar 2015
786 Sosial
Ölkə mətbuatı
A- A+

“Əvvəl gizli törədilən cinayətlər indi hamının gözü qarşısında törədilir”

“Qarabağ savaşı, sosial vəziyyətlə əlaqədar Azərbaycanda müəyyən mənada demoqrafik problemlər yarandı ki, bu da uzun illərdən bəri mövcud olan şəhər mədəniyyətinə təsirini göstərdi. Xaraktercə sərt olan bölgə əhalisinin şəhərə axını formalaşmış qaydaları dəyişdirdi”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, psixoloq Dəyanət Rzayev deyib.

Psixoloq hesab edir ki, müəyyən profilaktik tədbirlərlə gündən-günə artan cinayətlərin qarşısını almaq olar: “Hazırda cəmiyyətdə ümumi stress və aqressivlik var və bu çox böyük ictimai-psixoloji bir problemdir. Psixologiyada kiçikdən böyüyə doğru induksiya deyilən anlayış var. Müəyyən üsulla qətl törədildisə, davamı da bu cür gedir, yəni eyni üsulla qətllər baş verir. Azərbaycan kimi kiçik ölkədə cinayətin üstünü açmaq elə də çətin deyil, təbii ki açılır. Söhbət ondan gedir ki, cinayət baş verənə qədər onun qarşısını almaq, profilaktik tədbirlər görmək mümkündür. Normal insan birdən-birə cinayət edə bilməz, cinayəti müəyyən kateqoriyalı insanlar törədir”.

Qonaq cinayətkarların müəyyənləşməsi və zərərsizləşdirilməsi üçün xarici təcrübəni misal gətirib: “Amerikada qatı cinayətkarların ekspertizası zamanı məlum olub ki, onların beynində insanda xoşbəxtlik və mənəviyyatı təmin edən hissə anadangəlmə olmur. Eyni zamanda, insanın fiziologiyası, tərbiyəsi, təlimi, genetik faktoru da burda təsirsiz deyil. Məsələn, potensial qəddar insanların orqanizmində kalium və qurğuşun elementi daha çox olur, onlarda zəhərlənməyə meyl var. Əvvəllər sovet dövründə məktəblərdə çətin tərbiyə olunan uşaqlar daim xüsusi nəzarət altında olurdu. Bu prosesdə sahə həkimindən tutmuş, sahə rəisinə qədər çox bir çox struktur iştirak edirdi. Bu cür uşaqlar müəyyən peşə vərdişlərinə yiyələnirdilər, işə düzəlirdilər. Ən yaxşı üsul əmək terapiyasıdır. Əgər cinayətkarların dəqiq statistikası aparılsa, görərik ki, onların çoxu heç yerdə işləmir, konkret məşğuliyyəti yoxdur”.

Dəyanət Rzayevin fikrincə, baş verən demoqrafik proseslər də cəmiyyətdə gərginliyin artmasına təsir göstərir: “Azərbaycanda böyük bir demoqrafik problem var. Məsələn, ölkə əhalisinin böyük əksəriyyətinin cəmləşdiyi Bakı şəhərində 1 milyon insan rahat yaşaya bilər, lakin hazırda Bakıda təxminən 4 milyona yaxın əhali var, bu da böyük bir problemdir. Qarabağ müharibəsinin ən çətin dövründə - 90-cı illərdə dünyaya gələn uşaqlar indi böyüyüblər. Bu insanlar psixi travmatik situasiya yaşayıblar. Nyu York şəhəri dünyanın ən cinayətkar şəhəri hesab olunur lakin son 5 ildə görülən tədbirlər nəticəsində orada cinayətlər 84 faiz azalıb”.

Qonaq Azərbaycanda “qanuni oğrulara” rəğbət bəslənməsinə də münasibət bildirib: “Azərbaycan çox güclü bir ölkədir, hər hansı insanın cinayətkar aləmdə avtoritet olması mümkün deyil. Bizim üçün avtoritet Azərbaycan dövlətidir. İnsan daim özünü kiməsə oxşadır, sovet vaxtı biz özümüzü Leninə oxşadırdıq. Uşaqlarda məktəb vaxtından müəyyən bir ideologiya formalaşdırmaq lazımdır ki, o nəyin uğrunda özünü qurban verəcəyini anlasın”. 

Psixoloq psixi pozğunluğu olan insanların cinayət törədiyini və ailələrin bu baxımdan məsuliyyət daşıdığını deyib: “Cinayəti psixopat insanlar törədir, bu zaman onlar tam şüurlu olurlar və nə etdiklərini bilirlər. Adətən belələri cinayət törədənə qədər həbsdə olmasalar da, reallıqda dəfələrlə həbsə düşmək üçün səbəbləri olur. Araşdırsaq, məlum olar ki, onların 90 faizi xırda qanun pozğunluğu törədiblər, sadəcə, üstündən keçilib. Psixopat o insandır ki, nə özü yaşayır, nə də başqasını yaşamağa qoyur. Ailələr heç vaxt öz övladlarını ciddi qəbul etmirlər. Belə insanları uşaqlıdan nəzarətə almaq lazımdır. Cinayət törədən, intihar edən insanların 90 faizi fiziki cəhətdən sağlamdır. Amma yaxınları bəraət qazandırmaq üçün onların ruhi xəstə olduğunu deyirlər. Lakin buna qədər heç bir ailə müalicə üçün psixoloqa müraciət etmir”.

Dəyanət Rzayev insanların heyvanlara qarşı münasibətindən də narazılığını bildirib: “Bu gün heç bir küçə heyvanı insana ziyan vermir, onlar bizim mühitə adaptasiya olunub, heyvan üçün də ən böyük təhlükə insandır. Valideyn uşaqları itlə, pişiklə qorxudurlar, artıq onlarda canlıya qarşı aqressiya formalaşır. Digər tərəfdən, sahibsiz heyvanları ov tüfəngi ilə ovlayırlar, lakin qanunla bu, qadağan olunub. Bu gün qətl, qan tökmək normal bir hala çevrilib”.

Cəmiyyətdə qadına münasibətdə də stereotiplərin olduğunu deyən psixoloq qadınların ictimai rolunu da yüksək dəyərləndirib: “Bu gün Azərbaycan cəmiyyətində xoşagəlməz hal ondan ibarətdir ki, ailədə hər hansı bir hadisə baş verirsə, konflikt vəziyyət yaranırsa, polis qapını döyüb müdaxilə edə bilmir. Lakin əvvəllər maarifpərvər söhbətlər aparılırdı. Bu gün bu problemin aradan qaldırmağın ən optimal yolu polis strukturlarına qadınların cəlb olunmasıdır, əgər sahə rəisləri qadınlar olsa, bu daha yaxşı olar. Lakin hazırda cəmiyyətdə qadına qarşı da müəyyən standartlar var. Statistikaya görə, bu gün qadınlar kişilərlə eyni işi görsələr də, kişilərə daha yüksək əmək haqqı verilir. Hətta qadına tərif məqsədilə “kişi kimi qadın” demək normal qarşılanır, amma biz hər hansı kişiyə “qadın kimi kişi” demək təhqir hesab olunur. Qadın sözünün özünə qarşı da bu gün müəyyən diskriminasiya var”.

Psixoloq bölgələrdən şəhərə axının çoxdan formalaşmış şəhər mədəniyyətinə təsirindən də danışıb: “Bölgələrdə insanlar daha da sərt olurlar, şəhər axın başladıqdan sonra bu davranış tərzi şəhər mühitinə də təsir elədi. Əslində, yaxşı və pis mədəniyyətlər olmur, sadəcə, mədəniyyətlər arası yanaşmalar uyğunlaşmalıdır”.

Qonaq cəmiyyətdə münasibətlərə təsir edən amilləri sadalayıb: “Hündür binaların tikilməsi yaxşı əlamətdir, insanlar kiçik evlərdən yaxşı evlərə köçürlər, amma digər tərəfdən də qonşu qonşunu tanımır. Daha bir faktor qidadır. İnsan psixologiyası birbaşa insan fiziologiyasının biokimyəvi strukturu ilə bağlıdır. Sosial şəbəkələrin də həm yaxşı, həm də pis tərəfləri var. İnformasiya bolluğu, asan və tez ünsiyyət yaxşı haldır, lakin canlı ünsiyyətin azalması, emosiyaların hisslərlə yox, yazışma ilə duyulması mənfi tərəflərdəndir”.

Dəyanət Rzayev cinayətlərin artıq açıq-aşkar törədilməsinə də diqqət çəkib: “Əvvəllər cinayətkar kimisə öldürmək üçün gizli yer tapırdı, özü də qaçıb gizlənirdi. İndi açıq şəkildə insanların gözünün qabağında soyuqqanlılıqla, arsızcasına belə hadisələr törədilir. Unutmaq olmaz ki, bu hallar cəmiyyətin özünə, xüsusən uşaqlara çox mənfi təsir göstərəcək. Təbii ki, baş verən hadisələr barədə informasiya verilməlidir, lakin həm də hadisələri analiz etmək, üzə çıxarmaq və qarşısını almaq lazımdır. Artıq insanlar da, müəyyən strukturlar tədbirlər görməlidir. Məncə, polisin də səlahiyyətlərini müəyyən qədər artırmaq lazımdır”.

Son vaxtlar qısqanclıq zəminində cinayətlərin artmasını da psixi pozğunluq kimi dəyərləndirən qonaq bunu normal qəbul etmir: “Elə insanlar var ki, nişanlısını qısqanır, mənəvi və fiziki cəhətdən incidir, əziyyət verir, lakin qız buna dözür. İnsanların qınağından çəkinərək beləsi ilə ailə qurur. Lakin həmin ailədə böyüyən uşaq üçün artıq qadına əziyyət vermək normal hal olur. Ona görə də insanlar öz uşaqlarının gələcəyini düşünməlidirlər”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR