Gəncəli idmançı yenidən böyük idmana qayıdır

Gəncəli idmançı yenidən böyük idmana qayıdır
18:37 13 Yanvar 2015
275 İdman
Ölkə mətbuatı
A- A+

Pekin Yay Olimpiya Oyunlarının cüdo idman növü üzrə bürünc mükafatçısı, gəncəli Mövlud Mirəliyev yenidən böyük idmana qayıdır.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qarşısına ciddi hədəflər qoyan Mirəliyev bu il ölkəmizdə keçirilən İlk Avropa Oyunlarında çıxış etmək niyyətindədir.Mövlud Mirəliyev qitə oyunlarının proqramına salınan sambo yarışlarında mübarizə aparmağı hədəfləyib. Bunun sübutu onun Şağan Olimpiya İdman Kompleksində keçirilən sambo üzrə kişilər arasında Azərbaycan çempionatına qatılmasıdır. Mövlud ağırlığı 100 kq-dan çox olan idmançıların mübarizəsində döşək üzərinə çıxaraq, gümüş medala sahib olub. Gəncə idmanının yetirməsi, demək olar ki, ötən yaydan etibarən ciddi şəkildə məşqlərə start verib.

Hazırlığın ilk mərhələsində çəkisini düzəldən idmançı fiziki, taktiki və texniki hazırlıqlar üzərində işləyib. Sınaq görüşlərdən sonra isə o, özünü rəsmi yarışda sınamağa qərar verərək 2014-cü ilin sentyabrında İspaniyanın Malaqa şəhərində veteranlar arasında cüdo üzrə dünya çempionatının qalibi olub. Mirəliyevin bu qədər çalışqanlığı Avropa Oyunlarında iştirak etmək istəyindən irəli gəlir. Görünən odur ki, idmançı Yay Olimpiya Oyunlarında cüdoda əldə edə bilmədiyi qızılı sambo növündə qitə oyunlarında boynundan asdırmaq istəyir.

İdman karyerasına samboçu kimi başlayan Mövlud bu idman növü üzrə dünya və Avropa çempionu adını qazanıb. 2002-ci ildən başlayaraq isə aktiv çəkildə cüdo yarışlarında çıxış etməyə başlayıb. Onun karyerasının zirvə yarışı 2008-ci ildə Çində düzənlənən Olimpiya Oyunları olub. Bu yarışda 3-cü yeri tutduqdan sonra o, karyerasını başa vurub. Amma 6 illik fasilənin ardından yenidən tatamiyə qayıtmağa özündə güc tapıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR