Bakı. Ramiz Mikayıloğlu - APA. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının 12 yanvar tarixli qərarına əsasən seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı öz fəaliyyətində yol verdiyi nöqsanlara görə 54 saylı Şabran-Siyəzən, 70 saylı Masallı şəhər və 75 saylı Lənkəran-Masallı seçki dairələrinin dairə seçki komissiyaları buraxılıb.
APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 18.3-cü maddəsinə və Azərbaycan Konstitusiyasının 3, 83, 101 və 142-ci maddələrinə uyğun olaraq dairə seçki komissiyaları daimi fəaliyyət göstərən dövlət orqanlarıdır və seçki qanunvericiliyinə əsasən buraxılan dairə seçki komissiyaları MSK tərəfindən yenidən formalaşdırılır.
MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli APA-ya açıqlamasında bildirib ki, MSK yaxın vaxtlarda bu məsələyə baxacaq.