Azərbaycan "soyqırımı" nağıllarına qarşı

Azərbaycan "soyqırımı" nağıllarına qarşı
19:17 13 Yanvar 2015
413 Digər
Ölkə mətbuatı
A- A+

Esmira Xəlilova: “Bu il müəyyən tədbirlərin Türkiyə diasporu ilə birgə reallaşdırılması nəzərdə tutulub”
Qondarma “soyqırımı” günü, yəni, 24 aprel tarixi yaxınlaşdıqca, hər zaman aktiv fəaliyyətə keçən ermənilərin 100 illik “yubiley” tədbirlərinə xüsusi hazırlaşdıqları, qurduqları “mağar”ın daha geniş ərazini tutması üçün əllərindən gələni etdikləri məlum məsələdir. Türkiyə hökuməti də bu cür anti-təbliğata qarşı susqun mövqe göstərmək fikrində olmadığını nümayiş etdirərək qondarma “erməni soyqırımı”na qarşı hazırladıqları fəaliyyət planını açıqlayıb. Belə ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri Cəmil Çiçəyin rəhbərliyi altında xarici əlaqələr komitələrinin rəhbərləri ilə baş tutan toplantı zamanı açıqlanan planda “erməni soyqırımı” iddialarının 100-cü ili səbəbilə dünyanın bir çox ölkəsində erməni lobbisinin başladacağı hücumlara qarşı fəaliyyətlər nəzərdə tutulub. Əslində, Türkiyə hökuməti bu mövzuda hər zaman öz kəskin mövqeyini ortaya qoyaraq belə iddiaların heç bir əsasının olmadığını elan edib.

Ermənistan tərəfinə dəfələrlə arxivlərin açılması, tarixçilərin o dövrkü prosesləri araşdırması təklif olunsa da, işğalçı ölkə bundan yayınması ilə diqqət çəkib. Görünən odur ki, təklifdən nə səbəbdən qaçdığını hələ də əsaslandıra bilməyən Ermənistanı dediyini sübuta yetirməkdən daha çox pafoslu çıxış maraqlandırır və qane edir. Çünki iddiasını sübuta yetirməsini ondan tələb edən yoxdur. Yalnız türklər istisna olmaqla, ermənilərə yaxınlığı ilə seçilən, daha doğrusu, onların mövqeyini açıq-aşkar dəstəkləməkdən çəkinməyən Qərb dövlətləri, eləcə də, qonşu Rusiya heç zaman onlardan tutarlı bir fakt istəməyib. Ermənistanın arxivlərin açılmasından niyə qaçdığı isə hamıya məlumdur. Faktlar aşkarlanacağı təqdirdə, heç sadəcə bağırmaq üçün də bəhanə qalmayacaq. Hər zaman soyqırımı iddialarını qəti şəkildə inkar edən Türkiyənin yanaşmasında yumşalma müşahidə olunması faktı da var. Amma nəzərə almaq lazımdır ki, Türkiyə prezidenti Ərdoğan çıxışında 1915-ci illə bağlı baş sağlığı verərək onu “böyük faciə” adlandırıb və soyqırımı kəliməsini dilinə gətirməyib. Bəziləri bunu Türkiyənin sıxışdırılması, Qərbdən gələn təzyiqlərlə əlaqələndirir. Lakin qeyd olunmalıdır ki, indiyə qədər “soyqırımı” mövzusunda ən sərt davranış göstərən Fransa ilə münasibətlər artıq xeyli düzəlib. Belə ki, Olland prezident seçildiyi gündən müşahidə olunan barışıq əhval-ruhiyyəsi onun Türkiyəyə səfəri ilə bir qədər də irəli getdi. Ümumiyyətlə, 2014-cü il Türkiyə ilə Fransa arasında qarşılıqlı səfərlərlə yadda qaldı və ilin sonuna yaxın Ərdoğanın qarşı tərəfə səfəri baş tutdu. Sələfi Sarkozinin yol verdiyi ciddi nöqsanları müəyyən qədər aradan qaldırmağa nail olan Ollandın Türkiyə ilə münasibətləri yenidən korlayacağı, barışığın üstündən çarpaz xətt çəkəcəyi inandırıcı görünmür. Bu isə Fransanın bundan sonra qondarma soyqırımı mövzusunda əvvəlki kimi sərt olacağına şübhə yaradır.

Ermənilərin öz vətənləri kimi rahatlıqla məskunlaşdıqları və istədikləri fəaliyyəti qurmağa müvəffəq olduqları dövlətlərdən biri də ABŞ-dır. Hazırda hakimiyyətdə olan prezident Obamanın da təmsil olunduğu demokratlarla ermənilərin yaxınlığı hər kəsə məlumdur. Amma keçən il noyabrın 4-də konqresə seçkilər zamanı respublikaçılar say çoxluğu qazanaraq demokratlar üzərində qələbə çaldılar. Respublikaçılar isə demokratlardan fərqli olaraq ermənilərə yaxınlıqları ilə yadda qalmayıblar. Ermənilərə vurulan ikinci zərbə isə onların əsas dəstəkçisi kimi çıxış edən Maykl Qrimin ona qarşı irəli sürülən vergidən yayınma maddəsi ilə təqsirinin sübuta yetirilməsi səbəbindən mandatından imtina etməsidir. Bu, ermənilər üçün olduqca böyük itkidir. Çünki Qrim konqresdə erməni məsələləri üzrə işçi qrupunun həmsədrlərindən biri idi və Azərbaycan əleyhinə yönəlik fəaliyyəti ilə fərqlənirdi. Bu iki məqam ermənilərin əl-qolunun müəyyən qədər bağlanması kimi qiymətləndirilir. Həmçinin, prezident Obamanın bundan sonra soyqırımı kəliməsini dilinə gətirəcəyi və builki tarixi çıxışında onsuz da Türkiyə ilə nisbətən soyumaqda olan münasibətləri uçuruma yuvarladacağı inandırıcı deyil.
Bəllidir ki, ABŞ-la nisbətən uzaqlaşma şəraitində olan Türkiyə boş oturmayıb Rusiya ilə münasibətləri yaxşılaşdırdı və bir neçə ikitərəfli müqavilələr imzalandı. Bu isə belə deməyə əsas verir ki, onsuz da təklənmiş və sanksiyalara məruz qalmış Rusiya Türkiyəni itirməyə səbəb ola biləcək addımlar atmayacaq.

Yəni, nəticə olaraq, ermənilərin xəyallarının suya düşəcəyi ehtimalı böyükdür. Amma bu işdə Azərbaycan da boş oturmamalı, işğalçı ölkəyə qarşı müəyyən addımlar atmalıdır. Bəs bu şəraitdə Azərbaycanın hansı fəaliyyəti ölkəmiz üçün daha uğurlu ola bilər? Türkiyə ilə eyni mövqeni sərgiləmək üçün biz hansı addımları atmalıyıq?

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Esmira Xəlilova qəzetimizə verdiyi açıqlamada dedi ki, qondarma “erməni soyqırımı” iddialarının 100-cü ildönümü ilə əlaqədar erməni diasporu və erməni lobbisinin dünyanın bir çox ölkələrində təbliğat kampaniyasına başlayacağı gözləniləndir: “Azərbaycan həqiqətlərinin və ermənilərin insanlığa qarşı törətdiyi vəhşiliklərin dünya ölkələrinə çatdırılması istiqamətində əvvəlki illərdə olduğu kimi, bu ildə hökumətin, Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı tədbirlər planı var. Lakin bu il qondarma “soyqırımı” iddialarının ildönümü ilə əlaqədar olaraq, əsas plana türk diaspor təşkilatları ilə daha sıx fəaliyyət və konkret hədəflərə yönələn koordinasiya olunmuş əməkdaşlıq daxildir. Müəyyən istiqamətlərin Türkiyə diasporu ilə birgə reallaşdırılması nəzərdə tutulub. Bilirsiniz ki, belə bir əməkdaşlıq və qondarma "erməni soyqırımı”na qarşı mütəşəkkil mübarizənin aparılması Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diasporunun ortaq fəaliyyət strategiyasında da öz əksini tapıb. Bu istiqamətdə atılan vacib addımlardan biri kimi, erməni diasporu və lobbisinin güclü olduğu ölkələrdə türkdilli xalqların diasporları arasındakı əməkdaşlığın daha da gücləndirilməsini, onların vahid təşkilatlarda birləşməsi məqsədilə ortaq diaspor mərkəzlərinin açılmasını göstərmək olar”.

E.Xəlilova ötən ilin dekabr ayında Ukrayna paytaxtı Kiyevdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ilk belə mərkəzin açılışı olduğunu qeyd etdi: “Gələcəkdə ABŞ, Almaniya və Fransada belə mərkəzlərin yaradılması planlaşdırılır. Bu mərkəzlər türk diasporları arasında koordinasiyanı təmin etməyə və qarşıya qoyulan hədəflərə operativ surətdə nail olmağa hesablanıb. Diasporla İş üzrə Dövlət Komitəsi olaraq qondarma erməni soyqırımı iddialarının 100-cü ildönümü ərəfəsində əsas diqqət ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğal faktına və Xocalı soyqırımının dünyada tanıdılmasına yönəldib. Çünki ermənilərin Azərbaycan ərazilərində, xüsusilə də, Xocalıda törətdiyi qətllərin, insanlığa sığmayan vəhşiliklərin dünyada qəbul edilməsi erməni yalanlarının ifşasına gətirib çıxaracaq. Ermənilərin əsl üzünün ortaya çıxmasında, onların yalan üzərində qurulmuş saxta təbliğatının puç olmasında əvvəlcə Xocalıda törədilmiş vəhşiliklərin tam olaraq dünyanın hər yerində bilinməsi gərəkdir. Bu cəhətlər fəaliyyətimizin əsas istiqamətləridir və konkret tədbirlər səviyyəsində kampaniyalar davam etdiriləcək”.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR