Aqrar texnologiyalar və yaşıl enerji üzrə “AgTech and Green Energy” forumundan

Bakıda aqrar texnologiyalar və yaşıl enerji üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum keçirilir.

Metbuat.az xəbər verir ki, Kənd Təsərrüfatı və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva, kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli və digər dövlət rəsmiləri iştirak edib.

Beynəlxalq forumun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.

Forum ADA universitetində başa tutub. İlk olaraq forumda Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev çıxış edib.

Kənd təsərrüfatı naziri İnam Kərimov forumda çıxışı zamanı bunları deyib:

"Müasir innovasiyaların tətbiqi ilə bu göstəriciləri daha da yüksəltmək mümkün olacaq. Çünki innovasiyaların tətbiqi ilə torpaqdan daha çox məhsul götürür, ekosistemi qoruyur, daha keyfiyyətli qida əldə etmiş oluruq. Araşdırmalara görə, aqrar sektorda texnologiyaların tətbiqi istehsalat xərclərini təxminən 15% azaldır. Eyni zamanda məhsuldarlıq ən azı 13% artır. Mobil informasiya xidmətləri hesabına 2020-ci ilə qədər dünyanın kənd təsərrüfatında əlavə 52 milyard dollarlıq gəlir əldə olunacaq.

Ölkəmizdə əhalinin ərzaqla özünü təminetmə səviyyəsi yüksəlib. Bu ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsulunun ümumi həcmi ötən illə müqayisədə 4,3 faiz artıb. Ət və süd məhsulları ilə özünütəminetmə artıq 90 faizə çatıb. Bütün növ tərəvəz və meyvə üzrə bu göstərici 100 faizdən çoxdur".

Forumda Energetika naziri Pərviz Şahbazov çıxış edərək bildirib:

"Bu forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dünyanın bügünkü və gələcək inkişafı üçün təbii problemi olmayan yeni bir iqtisadi modelə ehtiyac var. Bu "Yaşıl iqtisadi" sistemdir. "Yaşıl iqtisadi" sistemə keçid isə, davamlı inkişafın vacib şərtləri kimi, bərpa olunan enerjinin istifadəsi və enerji səmərəliliyi olmadan mümkün deyil. “Yaşıl” enerji gələcəyin enerjisi kimi qəbul olunub. Bu yalnız ənənəvi enerji mənbələrinin tükənən xarakteri ilə bağlı deyil. Son illər neft, qazın qlobal enerji bazarına və iştirakçıların mövqeyinə təsiri də göstərir ki, karbohidrogenlər hələ də dünya iqtisadiyyatında həlledici rola malikdir. Bununla belə, ənənəvi enerji, yaşıl enerji ilə müqayisədə öz üstünlüyünü itirməkdədir. Bu prosesdə başlıca amil isə, qlobal enerji təhlükəsizliyi ilə bağlı çağırışlardır.

Hazırda ölkənin ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payı təxminən 18 faizdir. Lakin Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı böyükdür. Təxminən 25 meqavatlıq külək, günəş və bioenerji mənbələri üzrə stansiyaların istifadəyə verilməsi planlaşdırılır. Bərpaolunan enerji mənbələrinin ümumi enerji balansındakı payının artırılması və enerji səmərəliliyi istiqamətində kompleks tədbirlər həyata keçirilir".

Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Azər Əmiraslanov qeyd edib:

“Kəndlərdə innovativ texnologiyalar tətbiq etməliyik. Dayanıqlı inkişafın əsas şərtlərindən biri alternativ və bərpa olunan enerji mənbələrinin və bioenerjinin inkişafıdır. Bütün bunlarla yanaşı, əsas məqsəd ətraf mühitin və ekosistemin müdafiəsidir. Aqrar sektor ölkənin inkişafında ən vacib istiqamətlərdən biridir, çünki bu sahə iqtisadiyyatın şaxələndirilməsində, əhalinin ərzaq məhsulları ilə təmin olunmasında xüsusi rol oynayır”.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli də forumda iştirak edib və öz fikirlərini bölüşüb:

"Kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar barədə Azərbaycanla fikir mübadiləsi aparmaq iki ölkənin əməkdaşlığının inkişafina töhfə verəcək. Türkiyə kənd təsərrüfatının inkişaf etmiş sahələrində tətbiq etdiyi üsulları, texnoloji yenilikləri Azərbaycanla bölüşməyə hazırdır".

Sərdar Məmmədov / Metbuat.az

FOTO: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR