Makronun səriştəsizliyi və bir etirazla dağılan Paris: Fransanı nə gözləyir? - MÜSAHİBƏ

Makronun səriştəsizliyi və bir etirazla dağılan Paris: Fransanı nə gözləyir? - MÜSAHİBƏ
18:18 10 Dekabr 2018
82 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə noyabrın 17-dən etibarən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "Sarı jiletlilər" adlandırılıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 1-i etiraz aksiyalarında rekord sayda, yəni 287 min insan iştirak edib. Aksiyalar zamanı polis tərəfindən saxlanılanların sayı isə 1800 nəfəri keçib. Nümayişlərlə bağlı paytaxt Parisdə zirehli maşınlar hazır vəziyyətə gətirilib. Polis “sarı jiletlilər“i gözyaşardıcı qazlardan istifadə edərək yatırmağa çalışır. Polislə qarşıdurmalar zamanı onlarla insanın yaralandığı bildirilir.

Aksiyalar Fransadan digər Avropa ölkələrinə də sıçrayıb. Monteneqro, Belçika və Hollandiyada bənzər nümayişlər keçirilib. Hökumət istefaya çağırılıb. Avropanı cənginə alan “Sarı jiletlilər” üsyanının daha da genişlənəcəyi ehtimal edilir.

Mövzu ilə bağlı Publika.az-ın suallarını siyasi şərhçi Fikrət Sadıqov cavablandırıb.

- “Sarı jiletlilər” aksiyasının yaranma səbəbi nədir və onun nəticələrini necə dəyərləndirirsiniz?

- Bəzi Avropa ölkələrinin rəhbərləri özlərini çox arxayın hiss edirlər. Hesab edirlər ki, bu arxayınlıq şəraitində vergilərin artırılması da mümkündür, digər sosial-iqtisadi məsələlərdə adi vətəndaşların maraqlarına zidd olan müxtəlif qərarlar da qəbul oluna bilər. Amma bu siyasət alınmadı. Uzun illər ərzində demokratiyadan, insan hüquqlarından danışan həmin dairələr indi vətəndaşların maraqlarına zidd qərarlar qəbul edir. Təbii ki, belə bir reaksiyaya da səbəb olacaqdı. Fransa artıq vətəndaş müharibəsi ərəfəsindədir. Həbs olunanların sayı getdikcə artır, aksiyalarda xəsarət alanlar da var. Bu, özü-özlüyündə onu göstərir ki, vətəndaşlarla hesablaşmaq lazımdır. Onların inkişafı naminə addımlar atmaq lazımdır. Artıq Eliz sarayının nümayəndəsi bəyan edib ki, Fransa prezidenti Emmanuel Makron çıxış edəcək və etirazçılardan üzr istəməyə hazırdır. Etirazlar onu göstərdi ki, ölkədə düşünülmüş, hansısa prinsiplərə əsaslanan siyasət yoxdur. Biz görürük ki, bir çox hallarda impulsiv qərarlar qəbul olunur. Əlbəttə ki, bu xalqda qıcıq yaradır. Bu qərarlar da elə onları qəbul edən rəhbərlərin başında “sınır”.

- “Sarı jiletlilər” Emmanuel Makronun səlahiyyət sahibi olaraq səriştəsizliyi kimi dəyərləndirilə bilərmi?

- Əlbəttə. Həm onun, həm də onun ətrafındakı insanların səriştəsizliyidir. Eyni zamanda, faktiki olaraq Makronun perspektivləri görməməyi deməkdir. Onların bir sıra məsələlərdən başlarının çıxmaması mənzərəsi gündəmə gəlir. Fransa kimi ölkə üçün bu, fəlakətdir. Çünki Fransadan zəncivari şəkildə digər Avropa ölkələrinə yayılan “Sarı jiletlilər” digər hökumətləri də təhlükə altında qoyub. Artıq Belçikada nazirlər istefa verib və yeni hökumət formalaşacaq. Bax, bu, düşünülməmiş addımların nəticəsidir. Bir neçə günlük etirazlar hökumətin dayaqlarını sarsıdırsa, bu o deməkdir ki, həmin hökumət öz köklərini sala bilməyib. Nazirlər təsadüfi insanlardır. Müşavirlər siyasətdən başı çıxmayan ünsürlərdir. Bu da xalqa bir reaksiyadır. Bu zərbənin aradan qaldırılması üçün ciddi addımlar atmaq lazımdır. Düşünürəm ki, Makronun gözlənilən çıxışından sonra bir çox məsələlərə aydınlıq gətiriləcək.

- ABŞ prezidenti Donald Trampın “Sarı jiletlilər” aksiyası ilə bağlı reaksiyaları, xüsusilə, açıqlamaları xeyli diqqət çəkir. O, bildirir ki, Fransanın başına gələnlər Paris İqlim Müqaviləsi ilə bağlıdır. Bir növ, ölkəsini müqavilədən çıxarmaq üçün özünə haqq qazandırmağa çalışırmış təəssüratı oyadır. Aksiyaçıların da “Biz Trampı istəyirik” şüarları təsadüfi dəyərləndirilmir. Bu iki fakt arasında hansı əlaqə var?

- Trampın çıxışları Amerikanın maraqlarına uyğun bəyanatlardır. Digər tərəfdən, o da bir reallıqdır ki, Makronla Tramp arasında münasibətlər gərginləşib. Ona görə Fransada bir sıra qüvvələr Trampı günahlandırır ki, o, ölkənin daxili işlərinə qarışır və buna görə belə xoşagəlməz hadisələr baş verir. Tramp yalnız bəyanatları ilə qıcıqlandıra bilər. Hansısa bir qüvvənin: Trampın və ya başqa bir ölkənin müdaxiləsi ilə məsələ həll olunmur və yüzminlərlə adam ayağa qalxmır. Problem varsa, onu həll etmək lazımdır. Kimisə günahlandırmaq ən asan məsələdir. Bu problem həll olunmasa, düşünürəm ki, hazırkı rəhbərlərin ömrü o qədər də uzun olmayacaq.

- Aksiyalar daha da geniş vüsət alacaq?

- Mənə elə gəlir, aksiyalar davam edəcək. Hətta davam etməyə başlayıb. Artıq digər ölkələrin böyük şəhərlərində də bənzər nümayişlər keçirilir. Lakin düşünmürəm ki, kütləvi xarakter alsın. Çünki aksiyaların səbəbi təkcə iqtisadi məsələlər deyil. Orada miqrant məsələləri var. Məhz bu problem Almaniya kansleri Angela Merkelin vəzifəsindən getməsinə qədər gətirib çıxardı. Artıq onun partiyasına yeni sədr də seçilib. Çünki miqrant problemi Avropa xalqlarını dərindən narahat edən məsələlərdən biridir. Bu problemlərin qarşısı alınmasa, bundan da xoşagəlməz proseslər baş qaldıracaq.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/262629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR