Heydər Əliyev ən dahi azərbaycanlıdır - Tahir İmanov

Heydər Əliyev ən dahi azərbaycanlıdır - Tahir İmanov
09:48 12 Dekabr 2018
65 Ölkə
Ölkə mətbuatı
A- A+

“Konsertdə onu ən çox güldürən zarafat “Nazarbayev bilsəydi, onun portretini kim saxlayacaq, heç Bakıya gəlməzdi” olmuşdu”.

Bu sözləri Azərbaycanın Əməkdar artisti, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov Ümumilli lider Heydər Əliyevlə bağlı xatirələrini Publika.az-la bölüşərkən deyib.

“Heydər Əliyev mənim xatirimdə ən dahi azərbaycanlıdır. Tanınmış insanlardan danışanda belə bir cümləyə rast gəlirik: dahi azərbaycanlılardan biri filankəsov filankəs. Amma mənim aləmimdə Heydər Əliyev ən dahi azərbaycanlıdır. Şəxsən mən onun hər bir sözündən, addımından, hər bir hərəkətindən dərs almışam. İstər onun dünyagörüşü, siyasəti, adi insanlarla danışığı... Gözəl danışıq qabiliyyəti var idi. Mənim yadımdan çıxmır, mədəniyyət insanları ilə görüşəndə necə səmimi danışardı. Bizim 90-cı illərdə keçirilən konsertlərimizdən sonra kulisə gəlib bizimlə səmimi söhbətlər edərdi. Heç təsəvvürümüzə gətirə bilməzdik ki, bu cür nəhəng siyasətçi bizimlə adi söhbətlər edə bilər. Bu, onun böyüklüyündən, mədəniyyətindən irəli gəlirdi. Onun hər sözü, hərəkəti bizim üçün nümunə idi. Adicə Heydər Əliyevin geyim üslubuna baxırdın, deyirdin ki, hansısa bir modelyer geyindirir onu. Kimsə ona məsləhət verir. Amma müəyyən müddətdən sonra bəlli olurdu ki, hər geyimini özü seçir: pencəyindən tutmuş qalstukuna kimi.

Heydər Əliyevlə görüşlərimiz çox olub. Hər konsertdən sonra kulisdə görüşürdük. Mediada gedənlər bizim danışıqlarımızın yarısı idi hələ. Çox şeylər verilmirdi. Onlar da efir üçün deyildi. Səmimi söhbətlərimiz olurdu. Hər birimizlə maraqlanırdı. Bir-bir harada işlədiyimizi, necə dolandığımızı, soruşurdu. Lakin ən yaddaqalan görüşümüz təbii ki, 2000-ci il 30 dekabrda Prezident Aparatında bizi qəbul etdiyi gün olub. Əsrin çempionu olmuşduq. Bu münasibətlə bütün komandamızı görüşə dəvət etmişdi. Bir xeyli ciddi söhbətlərdən sonra yenə də səmimi söhbətlərə keçdik. Heydər Əliyev konsertdə olan zarafatlarımızı, səhnəciklərimizi bir-bir yada salırdı. Əvvəlcə xəstəxana ilə bağlı olan bəzi zarafatımızı xatırladı. Biz isə məəttəl qalırdıq ki, bu cür iş qrafiki ilə KVN-in zarafatlarını vergülünə kimi yadda saxlayırdı. Halbuki, özümüz belə o ərəfədə unutmuşduq bəzi cümlələri. Sonra keçdi bizim o məşhur məhəllə səhnəciyinə. Konsertdə onu ən çox güldürən zarafat “Nazarbayev bilsəydi, onun portretini kim saxlayacaq, heç Bakıya gəlməzdi” olmuşdu. Bu cür nəhəng siyasətçini qeyri-rəsmi şəkildə görmək həm böyük şərəf, həm də sözün yaxşı mənasında təəccüblü idi. Çünki hər bir insana qismət olmayıb Heydər Əliyevi qeyri-rəsmi şəkildə görmək. Ancaq “Parni iz Baku”ya qismət oldu. Mən hər dəfə qürurla yada salıram o görüşləri. Və hər zaman şərəflə qeyd edirəm ki, Heydər Əliyev olmasaydı, bu gün Azərbaycanda KVN hərəkatının mövcudluğu sual altında qalardı”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida/262761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR