Heydər Əliyevin missiyası böyük xilaskarlıq missiyası idi

Heydər Əliyevin missiyası böyük xilaskarlıq missiyası idi
14:33 12 Dekabr 2018
41 Digər
Ölkə mətbuatı
A- A+

On beş il əvvəl – 12 dekabr 2003-cü il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünyasını dəyişdi. Onun həyat yolu Azərbaycanın inkişaf yoludur. Tarixdə elə şəxsiyyətlər var ki, fəaliyyəti bütöv xalqın taleyini müəyyən edir. Belə şəxsiyyətlərdən biri də Heydər Əliyevdir.

Publika.az xəbər verir ki, bu sözlər hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin Ukraynanın “Versii” saytında Ümummilli Lider Heydər Əliyevin vəfatının 15 illiyi ilə bağlı dərc etdiyi məqaləsində yer alıb.

Vətənə böyük xidmətə həsr edilmiş həyat

Məqalədə qeyd edilir ki, Heydər Əliyev böyük insan, tarixi şəxsiyyət idi və belə insanlar bəlkə də əsrdə bir dəfə - ən çətin zamanda, xüsusilə də ona ehtiyac duyulduqda gəlib çıxırlar.

“Xalq həyatını vətənə böyük xidmətə həsr edən liderlərini və qəhrəmanlarını unutmur. Praktik olaraq bütün problemlərin həlli, ölkənin taleyüklü ideyalarının həyata keçirilməsi onun adı ilə bağlıdır. Öz ölkəsi üçün nurlu bir şəxsiyyət, lider olmuş Heydər Əliyev müasir Azərbaycan tarixinin mürəkkəb dövründə xalqa düzgün yol göstərib, onu səhvlərdən və faciələrdən xilas edib. Sağlığında Azərbaycan xalqının Ümummilli Lideri kimi tanınmış Heydər Əliyev dünyasını dəyişəndən sonra da xalqın rəğbət və sevgisini itirməyib. O, hər bir azərbaycanlının nəzərində təkcə ölkənin istedadlı rəhbəri kimi deyil, həm də hərtərəfli inkişaf etmiş bütöv şəxsiyyət kimi ideal olub. O, hər bir azərbaycanlı üçün yalnız ölkənin qabiliyyətli lideri kimi deyil, həm də dərin ahəngdar, bütöv və hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi idealdır. Ümummilli liderlik zirvəsini fəth etmək dövləti və xalqı doğru yola yönəltmək, ən ağır və çətin məqamlarda xilaskarlıq missiyasını həyata keçirmək, yubanmadan ölkənin və xalqın taleyində həlledici rol oynamaq qabiliyyəti sayəsində mümkün olmuşdur. Bundan başqa, Heydər Əliyev anadangəlmə yorulmayan insan idi, bütün həyatı boyu öz üzərində işləyirdi”, - məqalədə qeyd edilir.

Azərbaycanın salnaməsində ən parlaq və məzmunlu səhifələr Heydər Əliyevin idarəçiliyi dövrünə aiddir

Qeyd edlir ki, Heydər Əliyev həqiqi siyasətçi idi, bir çox başqalarından fərqli olaraq, heç vaxt xalqa cəlbedici vədlər vermirdi, əksinə reallıqda həyata keçirilə bilən işləri bəyan edirdi:

“Onun siyasi və idarəçilik prinsipləri romantizm və xəyalpərəstlikdən uzaq idi. Mümkündür ki, onun qərarları ilk baxışda, kiməsə əsassız görünə bilərdi, amma onlar həmişə müəyyən vəziyyətdə düzgün və optimal olurdu. Və indi, çox illər sonra Azərbaycan öz müstəqilliyini əldə etdikdə, biz Heydər Əliyev tərəfindən atılmış addımların uzaqgörənliyini və düzgünlüyünü, Azərbaycanın gələcək inkişafı üçün onların ehtiyacını dərk etdik. Heydər Əliyev yüksək postunda birinci günlərdən öz xalqının dirçəliş və xoşbəxt gələcəyi naminə böyük fədakarlıq nümayiş etdirdi. Bu dövrdə güclü dövlət, milli dirçəliş, sosial çiçəklənmə və Azərbaycanın mənəvi yüksəlişinin əsası qoyulmuşdu. O, sovet idarə sistemini öz Vətəninin strateji maraqlarına dəyişdirməyə qadir lider idi”.

Heydər Əliyev xalqın yüksək etibar və ümidlərini doğultdu

Müəllif yazır ki, Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan əldə etdiyi müvəffəqiyyətlər haqqında çox danışmaq olar, ancaq burada başqa bir an əhəmiyyətlidir. Onun sözlərinə görə, əgər biz bugünkü Azərbaycana baxsaq, onda cəsarətlə bildirə bilərik ki, Heydər Əliyev öz ölkəsinin 20-30 il gələcəyini görən insan idi.

“Onun tərəfindən əsası qoyulmuş iqtisadi və sosial inkişaf layihələri böyük strateji əhəmiyyətə malik idi. Heydər Əliyev effektiv sovet idarəçiliyi prinsiplərindən istifadə etdi və ittifaq dövlətinin tərkibində Azərbaycanın inkişafını təmin etməyə çalışırdı. Bu, onun sonrakı – artıq müstəqil dövlət kimi müvəffəqiyyətli inkişafının güclü əsasını qoydu. Böyük lider öz xalqının və ölkənin həyatında əsrlərlə unudulmayacaq belə bir rol oynadı”, - Arif Quliyev qeyd edib.

Məqalədə xatırlanır ki, 1990-cı illərin əvvəllərində, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan dağılma və vətəndaş müharibəsi həddində idi:

“Azərbaycan xalqına qarşı Ermənistanın təcavüzü geniş miqyas aldı. İqtisadiyyatda, siyasətdə və başqa sferalarda böhran ciddi sınaq oldu. Həmin vaxt hakimiyyətdə olanların təcrübəsizliyi və qeyri-peşəkarlığına görə ölkədə idarə olunmayan vəziyyət yaranmışdı. Bu dövr Azərbaycan üçün həlledici idi: o ya müstəqil dövlət olacaq, ya da daxili çəkişmələr və separatizm güclərinin fəaliyyəti nəticəsində məhv ediləcək və ya parçalanacaqdı. Azərbaycan qarşısında seçim dururdu: “olmaq və ya olmamaq”. Amma bu ağır vaxtda Azərbaycan xalqı Heydər Əliyevi - o dövrünün görkəmli siyasətçisini çağıraraq öz müdrikliyini nümayiş etdirdi. 1993-cü ilin iyununda Heydər Əliyev Azərbaycan Parlamentinin sədri seçildi, amma eyni vaxtda Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Həmin ilin oktyabrında Azərbaycan xalqı onu öz Prezidenti seçdi”.

İnkişafın Azərbaycan yolu

Məqalədə vurğulanıb ki, ölkədə vəziyyətin səhmana salınması üzrə Heydər Əliyevin əzəmətli fəaliyyəti neft strategiyasının inkişafıyla paralel gedirdi:

“Ölkənin sabit iqtisadi inkişafı, sosial və milli birlik strategiyasının işlənməsində Heydər Əliyevin xidmətləri qiymətəgəlməzdir. Azərbaycanda Ümummilli Liderin sayəsində dövlət formalaşma yoluna çıxdı və dünya siyasi elminə “Azərbaycan yolu” kimi girdi.

Azərbaycanın güclü iqtisadi və mədəni inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev yalnız ölkəni xaosdan çıxarmadı, həm də onu çiçəklənən dövlət etməyi bacardı. Heydər Əliyev çox qısa müddətdə Azərbaycanı inkişaf və çiçəklənmə yoluna çıxardı. 1994-cü ildə onun rəhbərliyi altında Azərbaycan dünyanın ən böyük neft-qaz korporasiyaları ilə “Əsrin Müqaviləsi”ni imzaladı. Dünyanın aparıcı dövlətlərin ən qabaqcıl şirkətlərinin bu müqaviləsində iştirakı regionda ölkəmizin nüfuzunu yüksəltdi. Bu razılaşma investisiyaların cəlb edilməsində və ölkənin sənaye inkişafında, həmçinin onun iqtisadiyyatının yaxşılaşdırılmasında əhəmiyyətli rol oynadı”.

Diplomatiya döyüş sahəsi deyil

Arif Quliyev qeyd edib ki, neft müqavilələrinin imzalanması, ölkə daxilində sabitlik və sakitliyin əldə olunması, iqtisadi islahatlar və mədəni yüksəliş, nəhayət, 1994-cü ilin mayında Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsin təmin edilməsi, münaqişənin həlli üzrə Azərbaycan diplomatiyasının ilk uğurlarının qazanılması Heydər Əliyevin sözünün və işlərinin böyüklüyünün nəticəsi idi:

“Ümummilli Lider Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli nizama salınmasına cəhd edirdi. Azərbaycan liderinin belə yanaşmaları bu gün Azərbaycan diplomatiyasının gündəliyində başlanğıc məsələ kimi dayanır: münaqişənin nizama salınması üzrə proseslərin inkişafının ən optimal modelini hazırlamaq və nəticədə, Cənubi Qafqazın bütün qaynar nöqtələrində sülh perspektivlərini yaxınlaşdırmaq.

Heydər Əliyevin siyasi və diplomatik fəaliyyəti Azərbaycan haqqında hamı tərəfindən qəbul edilmiş fikirləri dəyişdirdi. Ümummilli Liderin uzaqgörənliyinin sayəsində respublikada yeni iqtisadi münasibətlərin əsasları qoyuldu, özəl sektor yaradıldı, böyük xarici investisiyalar cəlb edildi, sahibkarlar üçün geniş imkanlar yaradıldı, sovet vaxtından qalmış fabriklər və zavodlar dünya bazarına çıxarıla biləcək malların istehsalı üçün yerli və xarici sahibkarlara verildi. “Güclü iqtisadiyyata malik olan dövlət hər şeyə qadirdir”, - Heydər Əliyev belə bir prinsipi rəhbər tuturdu. Heydər Əliyev Respublika Prezidenti kimi hakimiyyətə gələrək yalnız Azərbaycanda daxili siyasi sabitliyə nail olmadı, həm də ölkənin iqtisadi müstəqilliyinin əsaslarını qoydu. İstehsalın bərpası, maliyyə vəziyyətinin yaxşılaşması və investisiyaların cəlb edilməsi üçün anti-böhran proqramı hazırlandı. Müstəqillik yolu qədər çətin yol yoxdur. Heydər Əliyev müstəqil Azərbaycanı qurdu”.

Heydər Əliyevin ən güclü silahı xalqla danışmaq bacarığı idi

Məqalədə qeyd edilir ki, Heydər Əliyev fenomenal yaddaşa, iradəli keyfiyyətlərə, ən əsası xalqla danışmaq kimi güclü silaha malik idi və hər bir vətəndaşı şəxsən qəbul edirdi:

“Heydər Əliyev incə psixoloq və diplomat idi, o, həmsöhbətin əhval-ruhiyyəsinin ən xırda nüanslarını tuta bilirdi. Azərbaycan dili Heydər Əliyevin xüsusi diqqət mərkəzində dili idi. Heydər Əliyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə nail oldu, bu, 1978-ci il Konstitusiyasında əksini tapmışdı. O zaman belə addım qəhrəmanlığa bərabərləşdirilirdi”.

Qeyd edilir ki, Azərbaycanın xarici siyasət kursunun formalaşması böyük lider Heydər Əliyevin adıyla qırılmaz surətdə bağlıdır.

İlham Əliyev Ümummilli Liderin layiqli davamçısıdır

“Əminəm ki, bizim idealımız və Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycanla fəxr edərdi. Azərbaycanın indiki Prezidenti İlham Əliyev Ümummilli Liderin layiqli varisi kimi onun tarazlaşdırılmış, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə edən siyasətini davam etdirməyə qadirdir, onun sınanmış komandası və dəqiq strategiyası var. Bu gün Azərbaycan xalqı öz nailiyyətləri ilə fəxr edir, hər gün bu nailiyyətlərin sayını daha da artırır, dünya iqtisadiyyatına, dünya mədəniyyətinə öz töhfələrini verir.

Məşhur bir ibrətli hekayə var. Orada deyilir ki, kişi öz həyatında üç şeyi etməlidir: ev tikmək, ağac əkmək və oğul böyütmək. Heydər Əliyev ölkəni - müstəqil Azərbaycanı tikdi, onu çiçəklənən bağa çevirdi, ölkəni tərəqqi və xoşbəxtlik yolu ilə aparan, siyasi kursunu davam etdirən layiqli davamçısını tərbiyə etdi. Milli mədəniyyəti səmimiyyətlə sevmiş və dünya mədəni irsini yüksək qiymətləndirmiş Heydər Əliyevin davamçısı, indiki Prezident İlham Əliyevin sayəsində bu gün Bakı mədəniyyətlərarası dialoqun geniş meydançasına çevrilib. Azərbaycan müxtəlif dinlər, mədəniyyətlər və sivilizasiyaların olduğu bir ölkəyə çevrilib. O yalnız Şərq və Qərb arasında coğrafi deyil, həm də mədəni körpüyə çevrilib. Qısa müddətdə, 25 il ərzində Azərbaycan özünü etibarlı beynəlxalq partnyor, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən, müstəqil xarici siyasət həyata keçirən ölkə kimi göstərə bildi. Azərbaycan beynəlxalq cəmiyyətin nüfuzlu üzvünə, Avropa energetika təhlükəsizliyinin təminatçısına çevrilib. Azərbaycan Cənubi Qafqaz və Orta Asiya ölkələrindən BMT-nin Təhlükəsizlik Şurasının ilk qeyri-daimi üzvü oldu”, - Arif Quliyev yazıb.

Müəllif Ümummilli Liderin vəfatının 15 illiyi ilə bağlı məqaləsini bu şəkildə yekunlaşdırıb: “Onun missiyası böyük xilaskarlıq missiyası idi. Onun böyük əməlləri, yaratdığı dövlət, parlaq ideyalar əbədi yaşayacaqdır...”


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/262863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR