İsveçrədə ümummilli liderin xatirəsi anıldı - FOTO

İsveçrədə ümummilli liderin xatirəsi anıldı - FOTO
01:48 13 Dekabr 2018
83 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 12-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycanın İsveçrədəki diaspor təşkilatlarının nümayəndələri, səfirliyin əməkdaşları və qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin səfirliyin binasındakı abidəsi önünə gül dəstələri qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra çıxış edən ölkəmizin İsveçrədəki səfiri Xanım İbrahimova Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Qeyd edilib ki, məhz Heydər Əliyev kimi müdrik siyasi xadimin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə və inkişaf yoluna qədəm qoyub. Bildirilib ki, 1990-cı illərin əvvəllərində gənc Azərbaycan Respublikası taleyinin ən ağır günlərini yaşayıb və belə bir çətin durumda xalqımız müdriklik nümayiş etdirərək, Heydər Əliyevi ölkədə ikinci dəfə hakimiyyətə qayıtmağa dəvət edib. Ulu Öndər Azərbaycanın daxili və xarici siyasətini nizama salmaqla, gənc respublikanı məhv olmaqdan xilas edib.

Səfir məlumat verib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin beynəlxalq nüfuzunu yüksəldib, hərtərəfli inkişafına nail olub, müstəqilliyini əbədi və dönməz edib. Müasir Azərbaycanın inkişafının bünövrəsi sayılacaq “Əsrin kontraktı”nın 1994-cü ildə Ümummilli Liderin əməyi sayəsində ərsəyə gəldiyi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi strateji transmilli layihələrin təməlinin Ulu Öndər tərəfindən qoyulduğu xatırladılıb.

Diplomat vurğulayıb ki, Heydər Əliyev əbədiyyətə qovuşsa da, onun başladığı işi Prezident İlham Əliyev uğurla davam etdirir. Ulu Öndərin yaratdığı möhkəm bünövrə üzərində bu gün iqtisadi cəhətdən sağlam və hərbi cəhətdən qüdrətli Azərbaycan dövləti dayanır.

Tədbirin sonunda Ulu Öndərə həsr olunmuş sənədli film nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/262922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR