İlham Əliyev: 2018-ci ildə ölkəmiz idman sahəsində böyük uğurlar əldə edib

İlham Əliyev: 2018-ci ildə ölkəmiz idman sahəsində böyük uğurlar əldə edib
15:43 13 Dekabr 2018
22 Ölkə
Ölkə mətbuatı
A- A+

2018-ci il ölkəmiz üçün çox uğurlu il olub. Bütün sahələrdə, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib.

Bunu Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: “Beləliklə, ilə yekun vuraraq qeyd etmək olar ki, bu il də çox uğurlu olmuşdur, o cümlədən idman sahəsində. İdmançılarımız bizi hər il sevindirir. Bizim cəmiyyətimiz buna artıq öyrəşib. Bu il idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə edilmişdir. Bu, böyük nəticədir, böyük qələbədir. Bu qələbə münasibətilə idmançılarımızı təbrik edirəm. Bu qələbələr, sadəcə olaraq, idman qələbələri deyil. Çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir. Bu qələbələr gəncləri idman bölmələrinə aparır, idmanın kütləviliyini təmin edir. Yəni, idman qələbələri, idmançılarımızın uğurları çox böyük məna daşıyır. Buna görə biz idmançılarımıza minnətdarıq. Eyni zamanda, onu da böyük məmnunluq hissi ilə elə qeyd etməliyəm ki, bizim idmançılarımızın mütləq əksəriyyəti həyatda da, məişətdə də gözəl nümunə göstərir, vətənpərvərlik, ləyaqət nümunəsi göstərir. Əlbəttə ki, idmançılara cəmiyyətdə olan hörmət çox yüksək səviyyədədir. Uşaqlar, yeniyetmələr bizim çempionlarımıza oxşamaq istəyirlər. Bu da təbiidir. Mən əminəm ki, bundan sonra da idmançılarımız bizi, xalqımızı sevindirəcəklər”.

İlham Əliyev qeyd edib ki, gözəl gənc nəsil yetişir. Gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda da biz gözəl nəticələr göstəririk: “Gənc nəslin yetişməsi nəticəsində biz bu uğurları əldə edirik. Biz Rio Olimpiya Oyunlarında 18 medal qazanmışıq. Bu medalları qazanan həmin o gənclərdir ki, beş-altı il bundan əvvəl yeniyetmələrin yarışlarında iştirak ediblər. Biz medalların sayına görə Rioda 14-cü yerə qalxa bilmişdik. Bu, tarixi nailiyyətdir. Bunu təkrarlamaq çox çətin olacaq. Onu da qeyd etməliyəm ki, növbəti Yay Olimpiya Oyunlarına hazırlıq gələn il həlledici mərhələyə qədəm qoyacaq. Əlbəttə, biz çox ciddi hazırlaşmalıyıq ki, ölkəmizi Olimpiya Oyunlarında ləyaqətlə təmsil edək.

Bilirsiniz ki, idman infrastrukturunun yaradılması işində böyük uğurlar əldə edilib. Ancaq rayonlarda 44 Olimpiya İdman Mərkəzi tikilib və fəaliyyət göstərir. Bu il bir mərkəz tikilib, gələn il isə üç Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə tutulur. Beləliklə, onların sayı 47-yə çatacaqdır”.

Prezident vurğulayıb ki, ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib: “Əlbəttə ki, biz Avropa, İslam Həmrəyliyi oyunlarını xatırlaya bilərik. Bu il ölkəmizdə dünya, Avropa çempionatları keçirilmişdir. Formula 1 yarışı üç ildir Azərbaycanda, Bakıda keçirilir. Bu il və keçən il ümumi rəyə və bu məsələ ilə məşğul olan ictimai qurumların fikrinə görə, bizim yarışımız – Bakı yarışı ən gözəl yarış olmuşdur. Bu da çox gözəl hadisədir. Çünki bu da göstərir ki, bizim qəbul edilmiş hər bir qərarımız düzgün qərardır, gözəl nəticə verir.

Bilirsiniz ki, ölkəmizə turistlərin axını davam edir. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 11 ayında 6 faizdən çox artmışdır. Düzdür, əvvəlki illərə nisbətdə artım bir qədər aşağıdır, ancaq biz bilməliyik ki, baza artır. Yəni, hər il bundan sonrakı ildə bu yüksək artımı əldə etmək daha çətin olacaq. Ancaq bu istiqamətdə də çox ciddi işlər aparılır. Deyə bilərəm ki, şəhərin mərkəzində keçirilən Formula 1 yarışının turistlərin cəlb edilməsində xüsusilə çox böyük rolu, payı var”.

Dövlət başçısı deyib ki, Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir: “Həm Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi bizim fəaliyyətimizə çox yüksək qiymət verir. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcəkdir. Bu, gənclər arasında Avropa Oyunlarının bir növüdür. Biz bu yarışa da ciddi hazırlaşırıq. Bizdə əldə edilmiş təcrübə deməyə əsas verir ki, bu yarış yüksək səviyyədə keçiriləcək”.

Azərbaycan Prezidenti xatırladıb ki, gələn il tarixdə ilk dəfə olaraq, Bakıda futbol üzrə Avropa Liqasının final görüşü keçiriləcəkdir: “Bu görüşü Bakıda keçirmək o qədər də asan məsələ deyil. Bir çox şəhərlər bu istiqamətdə mübarizə aparır. Məhz ölkəmizin ümumi inkişafı, mövcud olan infrastruktur, idman obyektləri, gözəl Olimpiya Stadionu, gözəl otellər, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi və digər amillər bu qərarın verilməsində rol oynayıb.

Yəni, biz inamla irəliyə gedirik. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara hər zaman yüksək qiymət verilir, diqqət göstərilir. Mən 21 ildir Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi həmişə çalışmışam ki, idmançılara qayğı, diqqət göstərim, onların problemlərini həll edim, onların gözəl çıxışları üçün şərait yaradım. Əlbəttə ki, hər bir nəticə, hər bir uğur gərək qiymətləndirilsin. Ənənəvi olaraq, biz ilin sonunda idmançıları yüksək dövlət mükafatları ilə, pul mükafatları ilə və mənzillərlə mükafatlandırırıq. Bu il də bu mükafatlar verilir, o cümlədən görkəmli idman nümayəndələrimizə 25 mənzil veriləcəkdir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/262987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR