Dram Teatrında Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunan tamaşa oynanılıb (FOTO)

Dram Teatrında Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunan tamaşa oynanılıb (FOTO)
17:01 15 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Milli Qəhrəman Koroğlu Rəhimovun 65 illiyi münasibətilə “Xəcalət” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının dəstəyi ilə təqdim edilib.

Tamaşanın nümayişindən əvvəl Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov Milli Qəhrəmanımızın keçdiyi döyüş yolundan danışıb. Bildirib ki, Koroğlu Rəhimov Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il martın 17-də Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılıb. 1992-ci il aprelin 30-da N saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə hərbi komandir təyin olunub. O, 1992-ci il iyunun 13-də Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç kəndlərini yaraqlılardan azad edib.

Həmin il iyulun 3-də tabeliyində olan bölük Koroğlu Rəhimovun əmri ilə Ağdərə istiqamətində hücuma keçib. Bu istiqamətdə gedən qanlı döyüşlərdə K.Rəhimov şəhid olub.

Sonra tamaşa nümayiş olunub. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Xəcalət” tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir.

İkihissəli müasir dram olan tamaşada rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov, Məzahir Cəlilov və aktrisa Xədicə Novruzlu ifa edib.

Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.

Nümayişdən sonra Xalq artisti Nurəddin Mehdixanlı Koroğlu Rəhimovun qəhrəmanlığı, millət, vətən sevgisi haqqında fikirlərini tamaşaçılarla bölüşüb, onu gənclik illərində tanıdığını deyib.

Nurəddin Mehdixanlı Milli Qəhrəmanın oğlu Rəşad Rəhimovu səhnəyə dəvət edib. R.Rəhimov atası haqqında xatirələrini bölüşüb, tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə təşəkkürünü bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/2994274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR