"Səbail"in qapıçısı: "Ümumiyyətlə, hakim barəsində danışmaq istəmirəm"

"Səbail"in qapıçısı: "Ümumiyyətlə, hakim barəsində danışmaq istəmirəm"
10:22 16 Dekabr 2018
23 İdman
Ölkə mətbuatı
A- A+

"Oyuna yaxşı başlaya bilmədik. Azlıqda qalmağımız bizə mənfi təsir etdi. Ancaq buna rəğmən, yaxşı mübarizə apardığımızı düşünürəm".

Milli.Az bildirir ki, bunu Report-a açıqlamasında "Səbail"in qapıçısı Emil Balayev səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ilk 1/4 final matçından sonra deyib.

Millinin də üzvü olan qolkiper 65 dəqiqə azlıqda oynamalı olduqları matçda komanda yoldaşlarının əsl xarakter göstərdiklərini qeyd edib:

"Təəssüf ki, ilk hissənin sonunda qol buraxdıq. İkinci hissədə vəziyyəti dəyişə bilərdik, ancaq alınmadı. Rəqibin penaltidən fərqi artırmasına izn vermədim. Bu qurtarışın cavab oyununda faydası olacağı barədə indidən nəsə demək çox çətindir. Cavab qarşılaşmasında nələrin olacağını birlikdə görəcəyik. O matça yəqin ki, fərqli hazırlaşacağıq. Çalışacağıq ki, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib növbəti mərhələyə yüksələk".

Balayev hakimliyə qiymət verməyi məqsədəuyğun saymayıb:

"Ümumiyyətlə, hakim barəsində danışmaq istəmirəm. Epizodların təkrarına baxmadığım üçün konkret heç nə deyə bilmərəm".

Baş hakim Alik Yunusov "Səbail"in makedoniyalı müdafiəçisi Tome Kitanovskini ilk hissədə birbaşa qırmızı vərəqə ilə meydandan qovub, fasilədən sonra isə qonaqların qapısına penalti təyin edib. Lakin Balayev "Zirə"nin hücumçusu Mirsahib Abbasovun 11 metrlik cərimə zərbəsini dəf edə bilib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/712933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR