Dövlət Komitəsi kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün Avropa ölkələrinin təcrübəsindən geniş yararlanır

Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün Avropa ölkələrinin təcrübəsindən yararlanır. Bu məsələnin həlli üçün müvafiq mexanizmlərin tətbiqi ilə əlaqədar Avropa İttifaqının Ekspert Missiyası Azərbaycana İşgüzar səfərə gəlib. İşgüzar səfər Avropa İttifaqının TAIEX proqramı çərçivəsində baş tutub.

Metbuat.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsində Avropa İttifaqının ekspertlərindən olan Benedetto Francesco Ballatore və Milen Kyuchukovun iştirakı ilə tədbir keçirilib. Tədbirin məqsədi bu sahənin həlli ilə bağlı qarşılıqlı əməkdaşlıq, birgə təcrübə mübadiləsinin aparılması, əhəmiyyətli layihələrin həyata keçirilməsidir. Həmçinin tətbiq edilən mexanizmlər, müasir dövrün tələblərinə uyğun istifadə olunan yeniliklər barədə məlumatlanmaq, mövzu ətrafında müzakirələrin aparılması da əsas vəzifələrdəndir.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin torpaqlardan səmərəli istifadəyə nəzarət, təyinatına zidd istifadə və tamamilə istifadəsiz saxlanması hallarına qarşı mübarizə sahəsində verdiyi tapşırıqların icrası məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq reydləri və monitorinqləri aparılır. Bu nəzarət tədbirlərininəsas vəzifəsi torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadə, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsinin bərpasıdır. Habelə, hektarlarla torpaq sahələrinin mülkiyyətçilər tərəfindən istifadəsiz saxlanması, hüquqi sənəddə göstərilən torpaq ölçüsündən artıq torpaqların özbaşına zəbti hallarına qarşı tədbirlərin görülməsidir.

Aparılan monitorinq və reydlər nəticəsində torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, kateqoriyasının özbaşına dəyişdirilməsi faktları üzə çıxarılır. Məlum olur ki, bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə götürülüb, lakin istifadə edilmir və boş saxlanılır. Bu isə kənd təsərrüfatına yararlı torpaq sahəsinin məhsuldarlığını aşağı salır. Həyata keçirilən monitorinqlər də məhz uzun müddət iqtisadi dövriyyədən kənarda qalmış torpaqların yenidən istifadəyə cəlb edilməsinə yönəlib.

Komitə kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün müxtəlif ölkələrin təcrübəsindən istifadə etməkdədir. Bu sahədə nəzarət tədbirləri beynəlxalq prinsiplərə uyğun olaraq effektiv aparılır. Həyata keçiriləcək qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması kənd təsərrüfatı təyinatlı torpaqların daha səmərəli istifadə edilməsinə imkan verəcək, nəzarət tədbirləri daha təkmil olacaq.

Tədbirin əhəmiyyətinə toxunan avropalı ekspertlər isə bildiriblər ki, qarşılıqlı əməkdaşlıq torpaq fondunda istifadəsiz saxlanılan kənd təsərrüfatı təyinatlı ərazilərin həcminin azalmasına, nəzarət tədbirlərinin daha intensiv metodlarla, avtomatlaşdırılmış mexanizmlərlə aparılmasına imkan verəcək.

Kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaqla yanaşı, onların özəlləşdirilməsi, konsolidasiyası, texnogen çirklənmədən sonra korlanmış torpaqların yenidən bərpası kimi aktual məsələlər ətrafında müzakirələr aparılıb, təqdimatlar olub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar avropalı ekspertlər tərəfindən cavablandırılıb. Qeyd olunmalıdır ki, bu kimi tədbirlərin təşkili gələcək illərdə də davam etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR