“Şahdağ” Turizm Mərkəzi qış mövsümünü açıq elan edir - FOTO

“Şahdağ” Turizm Mərkəzi qış mövsümünü açıq elan edir - FOTO
14:57 17 Dekabr 2018
24 Ölkə
Ölkə mətbuatı
A- A+

"Şahdağ" Turizm Mərkəzi qış mövsümünü açıq elan edir.

Dekabr ayının 15-dən etibarən"Pik Palace", "Park Chalet", "Shahdag Hotel & Spa" və "Zirve Hotel" otelləri və xizək mərkəzi fəaliyyətə başlamışdır.
 
"Şahdağ" Turizm Mərkəzi ən müasir avadanlıqlarla təchiz edilmiş, aparıcı beynəlxalq şirkətlər tərəfindən qurulan ölkənin ilk dağ-xizək kurortudur. Şahdağ milli parkının yaxınlığında salınan bu kompleks Azərbaycanda dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır. 6 il fəaliyyət göstərən kompleks ölkənin turizm potensialından düzgün istifadə olunmasının bariz nümunəsidir.
 

 

 

 
Hazırlıq işlərini uğurla tamamlayıb yeni mövsüm üçün müxtəlif əyləncə və qonaqpərvərlik təklifləri ilə "Şahdağ" Turizm Mərkəzi önəmli bir turizm destinasiyası olmağı hədəfləyir. Kompleks ərazisində otellər, restoran və kafelər, SPA mərkəzləri, dörd növdə 15 ədəd kanat xətti - asma buraz yolları, müxtəlif qış əyləncələri, xizəkçilik və snoubord mərkəzi fəaliyyət göstərir. Kanat yolları aparıcı Avropa istehsalçılarına məxsus olmaqla bir neçə formada - oturacaqlı, buqel, xalça və qondola - təklif olunur. Eyni zamanda kurort ərazisində 24 saat çalışan klinika, dağ xizəkçiliyi məktəbi, geniş avtomobil dayanacağı və hər səviyyədə təcrübəyə malik xizəkçilər üçün müxtəlif növlərdə xizək zolaqları qonaqların ixtiyarına verilib. Bu mövsümdə əlavə bir neçə xizək zolaqlarının salınması nəzərdə tutulur.
  
Dəniz səviyyəsindən 1435-2351 metr hündürlükdə yerləşən və ən yüksək standartlara cavab verən "Şahdağ" Turizm Mərkəzi sizə qış boyu əyləncə, müasir və dəbdəbəli otellər, zəngin mədəni irsdən zövq almaq imkanını təklif edir. Bu mövsüm ilk dəfə olaraq kompleks ərazisində qonaqların əyləncəsini və rahatlığını təmin etmək üçün kinoteatr, gecə klubu, supermarket və digər əyləncə və iaşə nöqtələri istifadəyə verilir.
 
Turizm kompleksində ikisi Marriott şəbəkəsinə aid olmaqla 4 müxtəlif kateqoriyada və konsepsiyada otellər mövcuddur:
 

 
Pik Palace Hotel, Autograph Collection 5* 
 
Əzəmətli dağların arasında yerləşən Pik Palace Şahdağ Oteli heyranedici mənzərəli 167 geniş yataq otağı və lüks nömrələr təklif edir. Otaqlarda böyük ölçülü çarpayılar, rahat istirahət və iş sahələri, yerdən tavana qədər olan böyük pəncərələr və Fransız eyvanlar, eyni zamanda böyük zal, restoran, kafe və xizək mağazası mövcuddur.
 

Park Chalet Hotel, Autograph Collection 5* 
 
Şimal-Alp üslubunda olan Park Chalet Şahdağ Otelinin eleqant qonaq otaqları möhtəşəm dağ mənzərəsi ilə vurğulanmış sadə və bir o qədər də lüks dizayn ilə tərtib olunmuşdur. Otaqların interyer elementlərinə xüsusi dizayn edilmiş xalçalar, əhənglə cilalanmış palıd panellər və geniş həcmli iş masası daxildir.
 

Şahdağ Hotel & Spa 5* 
 
Beş ulduzlu Shahdag Hotel & Spa zərif ehtişamı və yüksək qonaqpərvərlik nümunəsini özündə təcəssüm etdirir. Ən müasir interyer və yüksək keyfiyyətli rahatlıq təklif etməklə bizim geniş və gözəl otaqlarımızda xoş istirahət keçirmək mümkündür. Oteldə 4 kateqoriya, həmçinin Superior, Junior Suite və Executive suite kateqoriyaları da daxil olmaqla 172 qonaq otağı təklif edilir. Otel müasir lüks standartlarla yerli koloritin mükəmməl ahəngini təşkil edir.
 

Zirve Hotel 4* 
 
Müasir, dörd ulduzlu xidmət təklif edən Zirve Hotel biznes və istirahət məqsədi ilə səyahət edənlər üçün ideal seçimdir. Oteldə xizək mərkəzi, klinika, restoran və ziyafət zalları mövcuddur.


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/713282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR