Azərbaycanda innovasiya sahəsində görülən işlər Aİ-də təqdim olunub

Azərbaycanda innovasiya sahəsində görülən işlər Aİ-də təqdim olunub
20:15 18 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Belçikanın paytaxtı Brüssel şəhərində Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 6-cı toplantısı keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Trend-ə verilən məlumata görə, Aİ-nin üzv dövlətləri və Şərq Tərəfdaşlığı ölkələrinin təmsil olunduğu tədbirdə NRYTN, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Tibb Universitetinin nümayəndələri iştirak ediblər.

Toplantıda 2018-ci il üzrə fəaliyyətin müzakirəsi, Şərq Tərəfdaşlığı Proqramı üzrə həyata keçirilən işlər, Aİ-nin İnnovasiya siyasəti, Şərq Tərəfdaşlığında Tədqiqat və İnnovasiyaların dəstəklənməsi, Avropa Tədqiqat Şurası, Avropa İnnovasiya Şurası, “HORİZON 2020”-nin Kiçik və Orta Müəssisələrin (SME) inkişafına dəstək alətləri, Şərq Tərəfdaşlığının Tədqiqat və İnnovasiya üçün digər dəstək imkanları üzrə fikir mübadiləsi aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov “Azərbaycanda innovasiya ekosisteminin qurulması” mövzusunda məruzə ilə çıxış edərək, ölkəmizdə innovasiya sahəsində görülən işlər barədə geniş məlumat verib.

Toplantı çərçivəsində keçirilən ikitərəfli görüşlər zamanı innovasiya sahəsində əməkdaşlıq imkanları, habelə, Tədqiqat və İnnovasiya üzrə Aİ-nin Şərq Tərəfdaşlığı Panelinin növbəti tədbirlərindən birinin Azərbaycanda keçirilməsi müzakirə olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/it/2995466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR