Peyğəmbərin qardaşı

Peyğəmbərin qardaşı
21:52 18 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

İslami qardaşlıq və qardaşlıq siğəsi İslam dininin ictimai qanunlarındandır. Peyğəmbər (s) müxtəlif yollarla bu əlaqəni (qardaşlıq əlaqəsini) yaratmaq və onu genişləndirmək üçün çox səylər göstərmişdir. O cümlədən Həzrət Məhəmməd (s) Yəsribə  gəldikdən sonra mühacirlər (hicrət etmiş müsəlmanlar) və ənsar (Peyğəmbərin Mədinədəki silahdaşları) arasında qardaşlıq əlaqəsi yaratmaq fikrinə düşdü. Buna görə də, bir gün müsəlmanlar arasında ayağa qalxıb buyurdu: "Allah xatirinə bir-birinizlə iki-iki (bir mühacirlə bir ənsar) qardaş olun". Bundan sonra müsəlmanlar iki-iki qardaş oldu və beləliklə, onlar arasında mehribançılıq daha da artdı.

Bu qardaşlıq əlaqəsi qardaş olmaq istəyən iki nəfərin imanı və fəzilətinin bir-biri ilə münasib gəlməsi şərtilə icra olunurdu. Bunu bir-birilə qardaş olanların vəziyyətindən də müşahidə etmək olar. Onu da deyək ki, hər mühacir və ənsarın kiminlə qardaş olacağını da Həzrət Məhəmməd seçib müəyyən edirdi. Buna görə də bu qardaşlıq bağları daha güclü olurdu.

Müsəlmanlar bir-biri ilə qardaş olduqdan sonra İmam Əli (ə) tək qaldı. Yaşarmış gözlərlə Peyğəmbərin (s) hüzuruna gəlib buyurdu: "Məni heç kimlə qardaş etmədin". Həzrət Məhəmməd (s) buyurdu: "Sən hər iki dünyada mənim qardaşımsan!". Sonra özü ilə Həzrət Əli (ə) arasında qardaşlıq siğəsi oxudu.

Bu məsələ İmam Əlinin (ə) fəzilət və əzəmətinin nə dərəcədə olduğunu göstərməklə yanaşı, həm də onun Peyğəmbərə nə dərəcədə yaxın olduğunu nümayiş etdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/713060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR