Vüqar Səfərli KİV-lərə maliyyə yardımının 6 ay deyil, 3 ay müddətinə ayrılmasını təklif edib

Vüqar Səfərli KİV-lərə maliyyə yardımının 6 ay deyil, 3 ay müddətinə ayrılmasını təklif edib
09:50 19 Dekabr 2018
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlikdə duran məsələlərdən danışıb.

İclasda Fondun 2019-cu ilin I rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi, təsdiqi və cari məsələlər müzakirə olunub.

H.Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. V.Səfərli yeni dövrün tələblərindən irəli gələrək müsabiqə qaydalarında müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurəti ilə əlaqədar KİV-lərə maliyyə yardımının 6 ay deyil, 3 ay müddətinə ayrılmasını təklif edib. V.Səfərli, həmçinin bildirib ki, yeni qaydalar hazır olana qədər qəzetlər müsabiqəyə sənədləri mövcud şərt və meyarlar əsasında təqdim edəcəklər.

İcraçı direktor 2019-cu ilin I rübü üzrə KİV-lərə maliyyə yardımı müsabiqəsinin dekabrın 19-dan 27-dək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" əsasında 19 istiqamət üzrə keçiriləcəyini bildirib.

Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Cəmaləddin Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev çıxış edərək Fondun maliyyə yardımı müsabiqələrinin çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Daha sonra müsabiqə elanı səsə qoyularaq təsdiq edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/2995576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR