Bakıda İŞİD həyəcanı

Bakıda İŞİD həyəcanı
23:56 13 Yanvar 2015
258 Ölkə
Ölkə mətbuatı
A- A+

İŞİD təhlükəsinə görə Azərbaycanda strateji əhəmiyyətli obyektlərin, inzibati binaların və yəhudi ibadət məkanlarının təhlükəsizliyi gücləndirilib.

Bu haqda aen.ru yəhudi informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, Azərbaycanda terror təhdidinin səviyyəsinin artırılması “İslam Dövləti”nin (İŞİD) “daxili işlər naziri” Abdul Vahid Xudayar Əhmədin Azərbaycandan olan İŞİD-çiləri toplayaraq onları “Qərbin dəstəklədiyi Azərbaycan hökumətinə qarşı hücuma başlamağa” çağırması ilə əlaqəlidir.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, nazirliyin əməkdaşları milli təhlükəsizliyə və milli maraqlara qarşı yönəlmiş bütün mümkün təhdidlərə qarşı zəruri preventiv tədbirlər görür. “Azərbaycanda əməliyyat şəraiti nəzarət altındadır” - deyə MTN bildirib.

Aen.ru qeyd edir ki, hazırda bütün dövlət təsisatlarının binalarında, sənaye obyektlərində və nəqliyyat şəbəkələrində təhlükəsizlik tədbirləri gücləndirilib, stasionar və mobil metalaxtaran qurğular geniş tətbiq olunur.

Agentlik Bakıdakı sinaqoqların 1990-cı illərin ortalarından polis tərəfindən qorunduğunu, hazırda bu təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyini bildirir. Belə ki, İŞİD təhlükəsinə görə yəhudi ibadət məkanlarına kənar şəxslər ancaq Azərbaycanın yəhudi icmasının idarə heyətinin üzvlərinin icazəsi ilə daxil ola bilərlər.

Bu arada “Foreign Policy” jurnalı yazıb ki, İŞİD Pentaqonun hazırda İraq və Əfqanıstandakı əməliyyatları, o cümlədən bu terror təşkilatına qarşı hava zərbələrini idarə edən Mərkəz Komandanlığının rəsmi Twitter hesabına nəzarəti ələ keçirib.

“İŞİD artıq buradadır, biz sizin kompüterlərinizdə, hər hərbi bazadayıq” - deyə səhifədə yerləşdirilmiş tvit-də bildirilir.

Mərkəz Komandanlığının Twitter hesabı ötən gün - yanvarın 12-də azı yarım saat İŞİD-in nəzarətində olub. İŞİD-çilər orada bəzi amerikalı generalların telefon nömrələrini, ev ünvanlarını və poçt mesajlarını yerləşdiriblər.

“Allahın iradəsi ilə biz Mərkəz Komandanlığındayıq. Biz dayanan deyilik! Sizin uşaqlarınız, arvadlarınız haqda hər şeyi bilirik!”, - terrorçular yazıblar.

Mərkəz Komandanlığı İŞİD-in kiberhücumunu təsdiqləyib və bildirib ki, terrorçular heç bir məxfi informasiyanı ələ keçirə bilməyiblər.

ABŞ Konqresi daxili təhlükəsizlik komitəsinin üzvü Maykl Makkol isə bu kiberhücumu “olduqca həyəcanlı” adlandırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR