Əfsanəvi hücumçu Bakıya gəlir

UEFA Avropa Liqası növbəti dəfə Bakıda futbol azarkeşlərini sevindirəcək.

Metbuat.az-ın AFFA-nın saytına istinadən xəbər verir ki, 2019-cu il, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya şöhrətli argentinalı hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində dekabrın 23-də paytaxtımıza gələcək.

Həmin gün, saat 12:00-13:00-da UEFA Avropa Liqasına həsr olunmuş muzeydə Milan "İnter"inin heyətində 3 dəfə İtaliya çempionu olmuş E.Kresponun imza günü təşkil olunacaq.

Muzey ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Saat 13:00-da isə muzeydə Ernan Kresponun mətbuat nümayəndələri üçün brifinqi keçiriləcək.

Qeyd edək ki, Ernan Krespo İtaliyanın "Parma" klubunun heyətində UEFA Kubokunun 1998/99 mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş həyatda olan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR