2018-ci il yaddaşlarda belə qaldı

Artıq 2018-ci ilin bitməyinə sayılı günlər qalıb və bu il yaddaşımıza bir çox məqamlarla həkk olmağı bacarıb. Şou biznes aləmində də bu il heç sakit ötüşməyib. Kimisi küsüb, kimisi barışıb və təbii ki qalmaqal da yan keçməyib bu il məşhurlarımızdan. Öz uğuru ilə gündəmə gələn məşhurlar da az olmayıb.

Maraqlıdır görəsən 2018-ci il tanınmışlarımızın yaddaşında necə qalmağı bacarıb ?

Metbuat.az bu dəfə aparıcılar arasında sorğu keçirib və onların geridə qoyacağımız 2018-ci ili necə yaddaşlarında saxlayacaqları ilə maraqlanıb.

Amil Xəlil: “2018-ci il Uğurlarla zəngin il kimi yaddaşımda qalıb. Yüzlərlə insanların probleminə şərik olsam da onların yarıdan çoxunun həllinə nail olmaq isə iki qat uğur olub mənim üçün. Bu il bir çox sənətkarları itirdik, amma onlardan bir neçəsi son müsahibələrini mənə verib. Bir az qəm yaşasam da bu il sevinclərim də çox olub. Geriyə baxanda şükür bu günümə dediyim günlər də çox olub. Bir sözlə, 2018-ci il növbəti uğurlu ilimdir. Fürsətdən istifadə edib, hər kəsin bayramını təbrik edirəm. İnşallah 2019-cu il hər kəsə uğur nəsib edər. Mən əminəm ki, Metbuat.az üçün də 2018 ci il düşərli il olub. Nə yaxşi ki varsınız. Bir az yaşlandığımı da artıq hiss edirəm.”

Cavid Gül: “Şəxsi həyatımda və iş həyatımda bu il yadda qalan hadisə baş verməyib. 2018-ci il mənim üçün sıradan bir il kimi yaddaşımda qalıb.”

Murad Əzimzadə: “2018-ci il bir çox hadisə ilə yaddaşımda qalıb, amma bunlardan ən əsası ailə həyatı qurmağım olub . Bu il həm də “Bağ mövsümü” layihəm başladı, həmçinin “Bir axşam” verilişinə transfer olundum. Nəticə olaraq 2018-ci il karyera baxımından yaxşı olsa da, istədiyim hədəfə nail olmamışam. 2019-cu il üçün daha böyük layihələrimiz var.”


Mələk Heydərova: “2018-ci il mənim üçün yadda qalan il olub. İş və karyera baxımından bəxtim gətirib. Geriyə dönüb baxdığım zaman məhsuldar bir il kimi xatırlayıram bu ili. Təəssüf ki karyerada olan uğur məni şəxsi həyatımda tapmayıb. Bu il çox böyük ayrılıqlar yaşadım. Amma yenə də 2018-ci ilin təkrarlanmasını istəyərdim, çünki yeni dostluqlar qazandım.”

Hüsniyyə Məhərrəmova: “2018-ci il ötən illərə nisbətən daha qarışıq keçib. Düşünürəm qarşıdan gələn il bu ildən də qarışıq olacaq. Bütün illərim yaxşıdır, bu ilim də yaxşı bitib. Amma yadda qalacaq xüsusi bir hadisə baş verməyib.”

Elçin Əlibəyli: “Bu il mənim üçün ən yadda qalan hadisə prezident seçkiləri ve İlham Əliyevin bu seçkilərdə qalib gəlməsi olub. Əslində bu, məncə ən böyük siyasi hadisədir. Seçkilərdə səs verdiyim, etimad etdiyim namizədin seçilməsi məni çox sevindirdi. Bununla yanaşı iqtisadi baxımdan da stabil il keçdi. Digər qonşu ölkələrin maliyye cəhətdən ciddi problemlərlə üzləşməsinə baxmayaraq manat öz stabilliyini saxlayıb ve ən əsası odur ki, qeyri-neft sahəsi inkişaf etməyə başlayıb. Kənd təsərrüfatında olan irəliləyişlər göz önündədir. Daxili stabillik ölkəmizdə hər zaman saxlanılıb, amma iqtisadi stabilliyin olması da çox sevindirici olub".

Kamran Həsənli: “ 2018-ci ildə yadda qalan çox hadisələr var, həm şəxsi həyatda, həm iş həyatında, həm də dostlarla. Amma mən peşəmlə bağlı danışmaq istəyirəm. Bilirsiniz ki, illərdir bu işlə məşğulam və çox vaxt televiziyanın mənzərəsindən şikayətçiyəm. 2018-ci il mənim yaddaşımda digər illərə nisbətən daha çox şikayətçi olduğum bir il kimi qalıb. Bu sadəcə mənim şikayətim deyil, tamaşaçıların da qayğısıdır. Baxmayaraq ki, mən televiziya işçisiyəm və müdafiə olunmalıyam, amma mən tamaşaçıların tərəfindəyəm. Bu baxımdan 2018-ci il mənim üçün çox yadda qalan il olub.”

Sevinc Kərimova/METBUAT.AZ

Azərbaycanlı məşhurlar yeni ildə harada olacaq? - Özləri etiraf etdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR