AQTA jurnalistlər üçün cənub bölgəsinə media-tur təşkil edib - Lənkərandan Reportaj

Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) təşkilatçılığı ilə jurnalistlər üçün cənub bölgəsinə media-turu təşkil edilib.

Metbuat.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasına səfərin məqsədi Agentliyin müxtəlif regionlarda yerləşən sınaq laboratoriyalarının fəaliyyəti və həmin laboratoriyaların iş prinsipi ilə bağlı media nümayəndələrini məlumatlandırmaqdır. Media-tur zamanı jurnalistlər ilk olaraq Lənkəranda yerləşən pomidor istixanasından nümunələrin götürülməsi prosesini izləyiblər. AQTA-nın regional bölməsinin əməkdaşı nümunələri götürərək Lənkəran Regional Sınaq Laboratoriyasına təqdim edib. Daha sonra isə media nümayəndələri AQTİ-nin regional sınaq laboratoriyasının iş prinsipləri ilə tanış olublar.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi İlahə Əliyeva bildirib ki, Lənkəran Regional Sınaq Laboratoriyasının təyinatı üç istiqamət üzrə qurulub. Bunlar heyvan mənşəli xəstəliklərin, bitki mənşəli xəstəliklərin və bütün növ qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin ekspertizasıdır: "Laboratoriyada 27 laborator baxış otağı var. Burada gündəlik 300 sınaq aparmaq mümkündür. Həmçinin laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kamera və vivarium kimi yardımçı tikililəri mövcüddur. Kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi otağında kimyəvi tullantıların neytrallaşdırma, o cümlədən bioloji tullantıların zərərsizləşdirilməsi həyata keçirilir. Proses ozonlaşdırma texnologiyası əsasında aparılır. Patoloji materialın və heyvan qalıqlarının məhv edilməsi insinerator qurğusunda aparılır. Vivarium otağında isə sınaq üçün nəzərdə tutulmuş təcrübə heyvanları saxlanılır. Qəbul edilmiş nümunələr bu şöbələr tərəfindən tədqiq edilir: Nümunə qəbulu şöbəsi laboratoriyanın təyinatı üzrə üç fərqli istiqamətdə kodlaşdırma prinsipinə əsasən nümunələrin qəbulunu həyata keçirir. Bunlar patoloji materialın qəbulu, bitkiçilik məhsullarının qəbulu və bütün növ qida məhsullarının qəbuludur.

Toksikologiya şöbəsində ən müasir metod və cihazlardan istifadə edilərək bütün növ qida məhsullarının təhlükəsizlik göstəriciləri olan pestisid qalıqlarının, toksiki ağır metalların, konservantların, qida rəngləyicilərinin təyini həyata keçirilir. Sınaqların aparılması məqsədilə dünyanın aparıcı şirkətlərinin istehsalı olan maye və qaz xromatoqrafiya, atom absorbsiyon spektrometriya və spektrofotometriya sistemlərindən istifadə olunur. Fiziki – kimyəvi müayinələr şöbəsində beynəlxalq standartlara uyğun metodologiya vasitəsilə məhsulların qida dəyərliliyi və keyfiyyət göstəriciləri üzrə sınaqlar aparılır. Molekulyar biologiya və GMO – nun təyini şöbəsində müasir biotexnoloji metodların tətbiqi vasitəsilə qida məhsullarında genetik modifikasiya olmuş komponentlərin, eyni zamanda ət və ət məhsullarında mənşə təyini həyata keçirilir. Mikrobiologiya şöbəsində qida məhsullarında bakterioloji çirklənmə, eyni zamanda qarayara, bruselyoz, vərəm kimi bakterial mənşəli heyvan xəstəliklərinin ekspertizası həyata keçirilir. Laboratoriya bioloji təhlükəsizlik standartlarının təmin edilməsi məqsədilə lazımi avadanlıqlar ilə təchiz edilib. Virusologiya şöbəsində quduzluq, çiçək, dabaq, quş qripi kimi heyvan mənşəli virusoloji xəstəliklərin molekulyar səviyyədə diaqnostikası həyata keçirilir. Heyvan mənşəli məhsullarda parazitar xəstəliklər törədicilərinin təyini parazitologiya şöbəsində aparılır. Karantin ekspertiza şöbəsində bitkiçilik məhsullarında zərərverici orqanizmlərin diaqnostikası və təyini həyata keçirilir".

Mütəxəssis bildirib ki, qeyd olunan müayinələr Qida Təhlükəsizliyi İnstitutunda intensiv təlimlərə cəlb edilmiş və uğurla tamamlamış 18 nəfərlik işçi heyəti tərəfindən aparılır. AQTİ-nin fiziki-kimya şöbəsinin kimyaçısı Aqil Cabbarov bildirib ki, bu şöbədə qida məhsullarının keyfiyyətilə yanaşı, həm də qida təhlükəsizliyiə bağlı müayinələr aparılır. Molekulyar biologiya və GMO – nun təyini şöbəsinin mütəxəssisi Solmazxanım Əsilzadə isə bu şöbədə qida məhsulu olan ət və ət məhsullarının mənşəyi, yəni hansı heyvanın əti olduğu müəyyən edilir. Bunun üçün isə mütəlif reaktivlərdən istifadə olunur.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnformativ Həllər şöbəsinin müdiri Mansur Piriyev isə bildirib ki, istehsal müəssisələrindən götürülən nümunələrdə nöqsan aşkarlanarsa, onların aradan qaldırılması üçün sahibkarlara metodiki tövsiyyələr verilir və qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir. Şöbə müdirinin sözlərinə görə, istehsalçılara məhsulun keyfiyyətini artırmaq istiqamətində tövsiyyələr verilir: "Əgər hər hansı məhsul qida təhlükəsizliyi baxımından uyğunsuzluq olarsa, satış şəbəkəsinə daxil olmasına icazə verilmir".

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqinin təmin edilməsini, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirən Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

Günay Elşadqızı / Lənkəran / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR