"Biz tariximizi bilirik, çox istərdik ki, Qarabağ həqiqətləri dünyaya çatdırılsın"

""Virtual Qarabağ" informasiya-kommunikasiya texnologiyaları gəncləri ictimai birliyinin portalının 3 dildə olmasının böyük əhəmiyyəti var. Çünki biz tariximizi bilirik, çox istərdik ki, Qarabağ həqiqətləri dünyaya çatdırılsın".

Metbuat.az-ın məlumatına görə bunu gənclər və idman naziri Azad Rəhimov "Qarabağ: Əcdadlarımızın mirası" sənədli filminin və "Cəbrayıl-virtual səyahət" 3 D qrafik təsvirli filminin təqdimatı zamanı bildirib.

Nazir bildirib ki, çox istərdik ki, bununla bağlı çəkilən bütün filmlər internet vasitəsilə də dünyaya çatdırılsın. Bu hamımızın əsas vəzifələrindən biridir: "Təqdimatı olan sənədli film və 3 D qrafik təsvirli filmin layihəsi çox gözəldir. Çünki ölkəmiz günü-gündən çiçəkləsə də, ağır dərdimiz Qarabağdır. Ancaq döyüş mövqeyində olan əsgərlərimiz cənab prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir. Bütün bunlar Qarabağa sevginin nümunəsidir. Ən vacib məsuliyyət gənclərin üzərinə düşür. Çünki onlar istər yerində, istərsə də beynəlxalq aləmdə bu həqiqətləri dünyaya dünyaya çatdırmalıdılar".

Daha sonra çıxış edən Diaspora ilə İş Üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov bildirib ki, bu layihənin böyük əhəmiyyəti var, çünki hər birimiz tariximizi mükəmməl bilməliyik ki, gələcəkdə bu cür səhvlər edilməsin: "Biz 6 ay ərzində 11 ölkədə azərbaycanlılarla görüşdük. Onların da ən böyük arzusu Qarabağı görməkdir. Hətta azərbaycanda doğulmayan insanlarımız belə Qarabağı görməyi arzu edirlər. Prezident İlham Əliyev və ailəsi bununla bağlı bir çox işlər görürlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın " Xocalıya Ədalət" layihəsi də böyük uğur qazanıb və dünyanın bir çox yerlərində tanınıb".

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev də bildirib ki, Qarabağ problemi ən vacib problemlərimizdən biridir: "Bu səbəbdən Qarabağla bağlı təqdimatda iştirak üçün hamıya təşəkkür edirəm. Bununla bağlı geniş təbliğat işləri aparılmalıdır. Bu ona görə lazımdır ki, Qarabağda doğulmayan uşaqlarımız, gənclərimiz bu məsələni dərindən bilsin və daima gündəmdə saxlasın". Çıxışçılar bildiriblər ki, belə tədbirin prezident İlham Əliyevin doğum günündə keçirilməsi təsadüfi deyil. Prezident İlham Əliyevin də siyasətinin əsas hissəsi Qarabağ məsələsidir. Dövlət başçısı bununla bağlı işlər görüb və görməyə də davam edir.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR