"Azərbaycanda əmək müqaviləsi ilə işləyənlərin sayı 100 min artıb" - Nazir açıqladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar hökumət və qeyri-hökumət təşkilatlarının, millət vəkillərinin, sosial tərəfdaşların, ayrı-ayrı beynəlxalq qurumların, elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

Metbuat.az xəbər verir ki, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, sosial rifahın təminatı hər bir ölkənin ümumi inkişafının əsas göstəricilərindən biri kimi qəbul edilir. Bu mənada ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən olan müasir müstəqil Azərbaycan eyni zamanda bir sosial dövlət olaraq bu inkişafını özünün güclü sosial siyasətində təcəssüm etdirir.

S.Babayev Azərbaycan Xalq Cümhuriyyəti hökumətindəki Əmək Nazirliyinin fəaliyyətindən bəhs edib, nazirliyin hələ 100 il bundan öncə bu günkü əmək və sosial müdafiə sistemi üçün aktual olan məsələlərin həlli istiqamətində atdığı addımları qeyd edib.

S.Babayev ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun, ölkəmizin etibarlı təməllər üzərində uzunmüddətli inkişafına yol açan strategiyasının bütün istiqamətlər üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu gün ölkəmizin dinamik iqtisadi inkişafının güclü sosial siyasətlə tamamlandığını vurğulayıb.

Son 15 ildə sosial təminat sisteminin ildən-ilə gücləndiyini və əhatə dairəsinin genişləndiyini bildirən nazir bunun bir nümunəsi kimi, əmək pensiyasının orta aylıq məbləğinin 2003-cü ilə nisbətən 12,1 dəfə artaraq 2018-ci il 1 dekabr tarixinə 222,5 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin isə 249,5 manata çatdığını, 2018-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcminin 2003-cü ilə nisbətən 16,7 dəfə artdığını deyib. O, həmçinin 2007-ci ildən şəhid ailələrinə, 2008-ci ilin sentyabr ayından müharibə əlilləri və onlara bərabər tutulanlara Azərbaycan Respublikasının Prezidentinin aylıq təqaüdlərinin təyin olunduğunu və ötən dövrdə bu ödənişlərin də iki dəfədən çox artdığını, digər sosial təminat növləri üzrə ödənişlərdə dəödənişlərdə dəfələrlə artımların özünü göstərdiyini qeyd edib.

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində əldə olunan nəticələri diqqətə çatdıran S.Babayev bildirib ki, bu ilin 11 ayında aktiv məşğulluq tədbirləri nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50,2 min nəfərin işlə təminatı həyata keçirilib. Gələn il yeni bir istiqamət kimi “İşçinin dostu” proqramına başlanacaq ki, bu proqram 30 min iş yerinin yaradılmasına imkan verəcək.

Nazir diqqətə çatdırıb ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların sayı cari ildə 6,5 dəfə artaraq 7800 nəfəri ötüb ki, onlardan 1000 nəfərini sosial yardım alan ailələrdən olanlar, 1255 nəfərini məcburi köçkünlər, 1000 nəfərdən çoxunu əlilliyi olanlar, 158 nəfərini şəhid ailəsi üzvləri və digər həssas qruplar təşkil edib. Proqrama cəlb olunanlardan artıq 4 min nəfərinə mal və materiallar verilməklə kiçik ailə təsərrüfatları yaradılıb və proqram iştirakçılarının mal və materiallarla təminatı işləri hazırda davam edir. Özünüməşğulluq proqramına fəal dəstək olaraq, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən də 125 ailənin bağçılıq təsərrüfatları da yaradılıb.

S.Babayev 2018-ci ilin 11 ayında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin əvvəlki ilə nisbətən 224 milyon manat, o cümlədən qeyri-büdcə sektoru üzrə 145 milyon manat artdığını və proqnoza 105,4 faiz əməl olunduğunu qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq, pensiya təyinatı sistemində təkmilləşdirmələr aparılıb. Müvafiq qanunvericiliyə edilmiş dəyişikliklər gələn ilin əvvəlindən pensiya təyinatının heç bir sənəd və vətəndaşın fiziki şəkildə müraciəti tələb olunmadan, yəni avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə imkan verəcək. Başqa sözlə, 2006-cı ildən 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. istisna olunmaqla, pensiya yaşına çatanların 70 fazinin pensiya təyinatı avtomatlaşdırılmış şəkildə aparılacaq.

Həmçinin pensiya yaşına çatan və fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınan (məbləğdən asılı olmayaraq) şəxslərə 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün avtomatik 25 il sosial sığorta stajı hesablanacaq ki, bu da 2006-cı ilədək 25 ildən az stajı olduğu üçün pensiya hüququ yaranmayan şəxslərin bu hüquqa malik olmasına şərait yaradacaq.

S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bu il əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması nəticəsində 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə imkan verib. Həmçinin bu il daha 265 nəfər Qarabağ müharibəsi əlili minik avtomobili ilə təmin olunub. Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunmasını nəzərdə tutan 19 aprel 2018-ci il tarixli Fərman isə dövlət başçısının hümanist təşəbbüsünün nəticəsi və şəhid ailələrinə xüsusi qayğısının davamıdır. 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, onlardan artıq 3 min nəfərinin 4 min vərəsəsinə həmin ödənişlərin verilməsi prosesi həyata keçirilir.

Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli Sərəncamı aztəminatlı ailələrə daha bir qayğıdır. Sərəncam ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat birdəfəlik yardım verilməsini nəzərdə tutur ki, bu da həmin ailələrin, yəni 50 minədək ailənin (200 mindən çox ailə üzvünün) bayram ərəfəsi maddi təminatlarına bir dəstəkdir.

S.Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial müdafiə və reabilitasiya sahələrində aparılan işlərə dəstək məqsədli layihələrindən bəhs edib, xüsusilə də bu layihələrin həssas qruplara, sağlamlıq imkanları məhdud uşaqlara, valideyn himayəsindən məhrum gənclərə qayğının artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması işlərindən bəhs edən S.Babayev bu işlər, həmçinin məqsədyönlü stimullaşdırıcı tədbirlər nəticəsində cari ildə əmək müqaviləsi ilə işləyənlərin sayının 100 min nəfər artdığını deyib. Nazir sosial yardım sisteminin optimalaşdırılması, bu sahənin şəffaflaşdırılması istiqamətində cari ildə görülən islahat tədbirlərini qeyd edib. S.Babayev əlillik təyinatlarında şəffaflığın və qanunvericiliyin tələblərinin təmin edilməsi yönündə aparılan işləri də diqqətə çatdırıb. O, görülən tədbirlərin nəticəsi olaraq, 2018-ci ilin III rübündə ilkin əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayının ilin birinci rübünə nisbətən 61,3 faiz, həmçinin I qrup əlillik üzrə 76 faiz azaldığını bildirib.

Fiziki məhdudiyyətli insanların sosial yönümlü reabilitasiya tədbirlərinə cəlb olunması işlərinin genişləndirildiyini qeyd edən nazir bildirib ki, Nazirliyin sosial xidmət müəssisələrinin istedadlı sakinləri, onların yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin məlumatları əhatə edən ilk kitab-albom- “Əlillik qüsur deyil” kitab-albomu Azərbaycan və ingilis dillərində hazırlanaraq nəşr etdirilib. Həmçinin əsasən əlilliyi olan yaradıcı insanları birləşdirən ƏSA teatrına müvafiq dəstək verilir.

S.Babayev qeyd edib ki, 2018-ci ildə ölkədə ilk dəfə olaraq elektron sosial reyestr, yəni e-sosial internet portalı yaradılıb. Vətəndaşlar bu portal vasitəsilə nazirliyin informasiya ehtiyatlarında və sistemlərində onlar barədə formalaşmış və saxlanılan məlumatlara çıxış imkanı əldə edə, nazirliyin aidiyyatı qurumlarına müraciət və sorğular göndərə, elektron xidmətlərdən real rejimdə yararlana bilərlər. Həmçinin hazırda vahid məşğulluq portalı, habelə onun tərkib hissəsi kimi nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində məşğulluq altsistemi yaradılır.

Nazir vurğulayıb ki, Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasını nəzərdə tutmaqla bu istiqamətdə mühüm innovativ yeniliyə yol açıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olaraq reallaşdırılan DOST layihəsi dövlət sosial xidmətlərinin, yəni nazirlik üzrə artıq pasportları hazırlanmış 124 xidmətin bir pəncərədən, tam şəffaf, vətəndaş rahatlığı prinsipi və sadə prosedurlarla təqdim olunmasına, ölkəmizin yeni bir brendinin formalaşmasına imkan verəcək. DOST layihəsinin reallaşdırılması üçün bütün hüquqi, institusional, texniki hazırlıq işləri başa çatmaqdadır və 2019-2025-ci ildə paytaxtda və bölgələrdə ümumilikdə 31 “DOST” mərkəzi açılacaqdır.

S.Babayev vurğulayıb ki, beləliklə, bu gün nazirlik 100 illik yubileyini Prezident cənab İlham Əliyevin təkmil sosial islahatlar proqramının işgüzar ruhunda, əmək, məşğulluq, sosial təminat sahələrində innovativ yanaşmalara əsaslanan mütərəqqi, şəffaf, ədalətli və çevik sistemlərin qurulmasına doğru mühüm addımlarla qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2018-ci il tarixli Sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin bir qrup əməkdaşının fəxri adla və “Tərəqqi” medalı ilə təltif edilmələri də dövlət başçısının bu sahədə çalışan insanların əməyinə yüksək dəyər verdiyini göstərir.

Hazırda keçirilən konfransın əhəmiyyətindən bəhs edən nazir konfransa ümumilikdə 20-yə qədər ali təhsil və elmi-təqdiat müəsissələrindən 120-dən çox məqalənin təqdim olunduğunu, bunun da konfransın mövzusuna böyük marağın göstəricisi olduğunu vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

Sevinc Kərimova/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR