Zabit Səmədov: “Döyüşümüz asan olmayacaq”

Zabit Səmədov: “Döyüşümüz asan olmayacaq”
06:21 14 Yanvar 2015
164 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov 2014-cü ilin yekunları barədə danışıb.

ANS PRESS-in "sportpress"ə istnadən məlumatına görə, məşhur idmançımız müsahibəsində ötən ili karyerası üçün müsbət qiymətləndirib.

“2014-cü il karyeramda yaxşı və müəyyən mənada pis izlər qoydu. İl ərzində 3 görüş keçirdim. Hər üç görüşdə qələbə qazandım. İl ərzində daha çox görüş keçirə bilərdim. Təkliflər olsa da zədəm buna imkan vermədi. Bir müddət zədəli olduğum üçün özümü qorumağa məcbur oldum. Bununla belə 2014-cü ili karyeram üçün müsbət qiymətləndirirəm. Ümid edirəm 2015-cü il daha uğurlu olacaq”, - deyə o bildirib.

2014-cü ildə keçirdiyi görüşləri yada salan Səmədov hər birinə yaxşı hazırlaşdığını bildirdi: “Əvvəlcə Qroznıda alman Stefan Lekoya qarşı mübarizə apardım. Ardınca isə Dubay və Tokioda çətin görüşlərim oldu. Dubaydakı turnirdən əvvəl zədə alsamda sona qədər döyüşdüm. Zədə istədiyim döyüşü göstərməyə imkan verməsə də rəqibə qələbə qazanmağa imkan vermədim. Yaponiyadakı görüşlə bağlı uzun müddət təkliflər var idi. Sadəcə dekabrdakı görüşə razılıq verdim”.

2015-cü ildə Zabit Səmədovun ilk sınağı Türkiyədə olacaq. Fevralın 28-də Səmədov türk idmançısı Mert Akinə qarşı mübarizə aparacaq. Təmsilçimiz rəqibi belə xarakterizə etdi: “Türkiyədə yerli idmançıya qarşı mübarizə aparmaq asan deyil. Doğma azarkeşlər hər zaman yerli idmançını dəstəkləyir. Digər maraqlı məqam bizim çəkilərimizdə olan fərqdir. Mert Akin gənc idmançıdır, özü də 120 kq-dır. Mənim çəkim isə 93 kq-a yaxındır. Hazırda bərpa məşqlərindəyəm. Təxminən 1 həftə sonra döyüşə hazırlığa başlayacam”.

2015-ci ildəki döyüşləri barədə hələlik danışmayan Zabit Səmədov gələcəkdə Azərbaycanda keçiriləcək turnirdə döyüşmək istədiyini açıqladı: “Hazırda il təzə başlayıb. Bütün fikrim Türkiyədə keçiriləcək turnirə yönəlib. Akinlə görüşümüz gecənin əsas döyüşüdür. Bundan sonra növbəti yarışlar haqda danışmaq olar. Gələcəkdə çox istərdim yenidən Bakıda keçiriləcək yarışda mübarizə aparım. Doğma Vətəndə rinqə çıxmaq ikiqat məsuliyyətlidir. Amma məni sevənlərin qarşısında mübarizə aparmaq istərdim”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR