Quba sakini miras qalmış torpağı ala bilmədiyini deyir (VİDEO)

Quba sakini miras qalmış torpağı ala bilmədiyini deyir (VİDEO)
07:51 14 Yanvar 2015
154 Sosial
Ölkə mətbuatı
A- A+

Qubada vəsiyyətnamə əsasında övladlarına torpaq payı ayıran şəxs vəfat etdikdən sonra hamı öz payına düşəni ala bilib. Vüqar Baxışov isə bu paydan kənar qalıb. Səbəbini araşdırmağa çalışsa da, nəticə əldə edə bilməyib.

ANS TV-nin məlumatına görə, Quba şəhər sakini Vüqar Baxışov babasından ona miras qalmış 21 sotluq torpaq sahəsinə sahib olmaq istəyir. Dediyinə görə, mərhum babası Yağış Manafov öhdəsində olan bir hektar 49 sot torpaq sahəsini 7 övladına vəsiyyət edib. Babası öləndən sonra ailə üzvləri hərə öz payını almaq üçün Quba məhkəməsinə müraciət edib və məhkəmə bu barədə qərar çıxarıb. Amma digər 6 övlad torpaq paylarını alsa da, Vüqar hələ də öz sahəsini tanımır.

“Öz əkinimlə bağımı tanımaq istəyirəm. Bağım da, əkinim də o yandadı. Ümumi yeri tanıyıram, öz adıma olan birinci və ikinci sahəni aydınlaşdırmaq istəyirəm “ – deyə şikayətçi Vüqar Baxışov bildirib.

Vüqar Baxışov yerli kənd bələdiyyəsinin, Dövlət Torpaq və Xətitəçəkmə Komitəsinin Quba rayon şöbəsinin və rayon icra şöbəsinin işə laqeyd yanaşmasından da narazıdır.

Şikayətçi ilə birlikdə qeyd etdiyi sahədə olarkən əraziyə onun bibisinin əri, həm də qaynatası olan Saxvəli Vəliyev gələrək şikayət etdiyinə görə onu ittiham etdi. Qaynata Vüqara bütün sənədləşmə işlərində kömək etdiyini deyərək onun öz sahəsini tanıdığını israr etdi.

“Bu kadastları onun üçün mən çıxartmışam. Mən onu başa salıram ki, mən olmasam da bu yoldu, bu torpaq onundu” – deyə qaynata Şaxvəli Vəliyev qeyd edib.

Digah - bələdiyyəsinin sədri Qızxanım Həmzəyeva da əraziyə gələrək Vüqar Baxışovun şikayətinin bələdiyyəyə aid olmadığını bildirdi.

Vüqar Baxışovun şikayəti qaynata Saxvəli Vəliyevi daha çox narahat etdiyindən o kürəkəninə öz yerini göstərməyi də unutmadı.

Quba rayon icra şöbəsinin rəisi İsrafil Mustafayev şifahi olaraq dedi ki, vərəsəliklə bağlı həmin ailənin məhkəmə qətnaməsi hələ 2008-ci ildə təmin edilib, onlara torpağın kadastr planı verilib.

Dövlət Torpaq və Xətitəçəkmə Komitəsinin Quba rayon şöbəsinin baş məsləhətçisi Kamil Ələsgərov da şifahi olaraq məlumat verdi ki, bu problem ailədaxili məsələdir, qohmları Vüqarın yerini tanımasında maraqlı deyillər.

Rəsmi qurumların nümayəndələri Vüqar Baxışova izah etdilər ki, əgər qohumları ona ayrılmış və göstərilmiş torpaqdan istifadəyə mane olsalar, hüquq-mühafizə orqanlarına müraciət eləsin.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR