Uşağımızı uşaq bilib aldadırıq - Azərbaycanda reklam mərəzi

Uşağımızı uşaq bilib aldadırıq - Azərbaycanda reklam mərəzi
08:05 14 Yanvar 2015
182 Sosial
Ölkə mətbuatı
A- A+

Reklam haqqında qanuna dəyişikliklər gözlənilir
Rusiyada uşaq verilişləri zamanı fast-food, yağlı yeməklər, ümumiyyətlə, uşaqlara zərərli ola biləcək qidaların reklamı qadağan edilib.

Ekspertlərin rəyinə görə, şimal qonşumuzun bu qərarı gec olsa da, yerində atılmış bir addımdır.

Bəs Azərbaycan telekanallarında bu qayda tətbiq oluna bilərmi?

Milli.Az bununla bağlı bir sıra ekspertlərə müraciət edib.

Azərbaycanın baş kulinarı Tahir Əmiraslanov açıqlamasında bunun çox düz bir addım olacağını dedi. Onun sözlərinə görə, biz Rusiya qanunları ilə işləməsək də, Milli Məclis bununla bağlı qərar qəbul edə bilər.

"Bu mənim səlahiyyət çərçivəmdə deyil. Bu, parlamentin səlahiyyətində olan bir şeydir. Jurnalistlər bu barədə məsələ qaldırmalı və bunun üstünə düşməlidirlər. Fikir yaxşı fikirdir, amma olsa. Bununla bağlı əlavə edəcəyim başqa bir şey yoxdur".

Jurnalist, teletənqidçi Qulu Məhərrəmli bildirdi ki, bu, reklam haqqında qanunla tənzimlənməlidir.

"Rusiya hökumətinin bu addımında bir məntiq var, amma mən hesab edirəm ki, Rusiya mühiti üçün də bu, gecikmiş bir addımdır. Çünki uşaqlar informasiyanı müxtəlif yerlərdən ala bilirlər, o cümlədən hər uşağın əlində bir iPad var. Azərbaycanda da o cürdür. Uşaqlar məlumatları artıq oyunlar vasitəsilə də ala bilirlər. Azərbaycanda bu məsələ necə qoyula bilər? Bu hansısa bir məmurun və ya qurumun iradəsi ilə yox, reklam haqqında qanunla tənzimlənməlidir. Reklam haqqında qanunda uşaqlarla bağlı, uşaq verilişlərinə qoyulan tələblərlə bağlı, reklamda uşaq obrazından istifadəylə bağlı konkret tələblər var. Ona görə hesab edirəm ki, bütün bu məsələlər reklam haqqında qanunla tənzimlənməlidir. Milli Məclisdə reklam haqqında qanunlara düzəlişlər olunur, bəzi əlavələr də müzakirə olunur, Reklamçılar İttifaqı da burada fəal iştirak edir. İndi qüvvədə olan qanunda da uşaqlarla bağlı məhdudiyyətlər öz yerini tapıb. Düzdür, bizdə bəzi reklam sifarişçiləri buna məhəl qoymurlar, amma məsələ bundan ibarətdir ki, uşaqların psixologiyası ilə bağlı, uşaqların zövqü ilə bağlı çox ciddi tələblər var. Bütün bunlara da əməl olunmalıdır. Belə olmasa, çox böyük bir xaos yaranır. Böyüklərə bir şey verə bilməsək də, heç olmasa, uşaqların psixologiyasının formalaşması üçün əlimizdən gələni edək", - deyə Qulu müəllim bildirdi.

Məsələ ilə bağlı həkim rəyi də öyrəndik. Tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında yağlı yeməklərin nəinki uşaqlara, həm də böyüklərə pis təsirindən söz açdı.

"Yağların məişətdə işlədilməsi metodikası çox ciddi bir məsələdir. Ümumiyyətlə, istənilən bir yağın, el sözü ilə desək, dağ olunması prosesi gecikdirilə bilməz. Əgər gecikdirilsə, yağlarda yanma baş verir və yanmış yağlarda kanserogen maddələr əmələ gəlir. Ona görə də yağdan təkrar istifadə qətiyyən yolverilməzdir. Bütün bunlar uşaqlarla bərabər böyüklərin də orqanizmi üçün son dərəcə təhlükəlidir. Fast-foodda bu cür maddələr daha çox əmələ gəlir. Düzdür, orada bitki yağlarından istifadə olunur, ancaq bitki yağları da uzun müddət qaynadıla bilməz. Məsələn, çipslər, kartof-frilər salınır yağa, çıxardılır və dərhal o birisi salınır. Yəni bir yağ gün ərzində bir neçə dəfə istifadə olunur. Əlbəttə, bu, təhlükəlidir və həmin kanserogen maddələr hopmaya malikdir. Ona görə bu maddələr insan orqanizminə hopur və böyük bir təhlükə yaradır. Ümumiyyətlə, uşaqların fast-food yeməklərindən istifadəsi yolverilməzdir. İstənilən halda bu işlə valideynlər məşğul olmalı, uşaqlarına bu cür yeməklərə qarşı təbliğat aparmalıdırlar. Dövlət səviyyəsində də qadağa olsa, bu çox yaxşı olar", - deyə A. Qeybulla bildirdi.

Ekspertlərin də dediyi kimi, bəhs etdiyimiz məsələlər reklam haqqında qanunla tənzimlənir. Qanunlarsa bilavasitə Milli Məclisin səlahiyyətində olan məsələdir. Məhz buna görə də üz tutduq Milli Məclisin deputatı Musa Quliyevə. Millət vəkili dedi ki, reklam haqqında qanuna dəyişikliklər gözlənilir.

"Qanun üzərində işlənilir. Sizin qaldırdığınız məsələ ilə bağlı fikirlər olmasa, biz onu əlavə edə bilərik. Bütövlükdə, mən düşünürəm ki, uşaq verilişləri zamanı heç reklam verilməsə, yaxşıdır. Verilsə də, uşağın təhsili və inkişafı yönündə reklamlar olmalıdır. Uşaq o mühitdən çıxmalı deyil. Uşaq verilişə həvəslə baxır və bir də görürsən ki, tamamilə başqa bir məzmunlu reklam verilir. Hansı ki, uşağın o barədə eşitməsi belə zərərlidir. Bütün bunlara görə, mən tərəfdarıyam ki, uşaq verilişləri reklamsız getsin. Uşaq verilişlərinin arası kəsilməməlidir. Əgər bu mümkün deyilsə, uşaqlarla bağlı maarifləndirmə reklamları verilməlidir. Mən məsələni parlamentdə qaldıracam. Ümumiyyətlə isə, fast-food reklamlarını mən bütövlükdə qəbul etmirəm. Hamı bilir ki, bu tip yeməklər orqanizm üçün zərərlidir", - millət vəkili bildirdi.

Elşən İmanov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR