2019-cu ildə Azərbaycan iqtisadiyyatındakı artım tempi 3,6 faizə qədər yüksələcək : Vüqar Bayramov

“2018-ci ildə Azərbaycan iqtisadiyyatı stabilliyini qoruyub saxlaya bildi, eyni zamanda iqtisadiyyatda artım qeydə alındı. Azərbaycan iqtisadiyyatının 2018-ci ildə təxminən 1 faizdən çox artması 2017-ci ildə əldə edilən stabillikdən sonra iqtisadi inkişafın bərpası kimi baza artım olaraq xarakterizə olunur. Çünki növbəti illərdə Azərbaycan daha yüksək iqtisadi artım əldə edə biləcək”. Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, beynəlxalq maliyyə qurumlarının proqnozuna əsasən 2019-cu ildə Azərbaycan iqtisadiyyatındakı artım tempi 3,6 faizə qədər yüksələcək. Onun sözlərinə görə, 2018-ci il Azərbaycan və region üçün əhəmiyyəti olan bir sıra beynəlxalq layihələrin reallaşması ilə yadda qaldı.

“Cənub Qaz Dəhlizinin açılışının 2018-ci ilə təsadüf etməsi, eləcə də bu dəhliz vasitəsi ilə mavi qazın Türkiyə bazarına ötürülməsi cari ilin iqtisadi baxımdan ən yadda qalan hadisələrindən biri oldu. Praktiki olaraq Cənub Qaz Dəhlizinin Avropa hissəsinin də inşaatı başa çatmaq üzrədir və Azərbaycan bu dəhliz vasitəsi ilə Türkiyəyə əlavə olaraq 8 milyard kubmetrə yaxın mavi qaz, Avropaya birinci mərhələdə 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetrdən artıq mavi qaz nəql edəcək. Bütövlükdə Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa və Türkiyəyə ötürüləcək mavi qazın həcmi 31 milyard kubmetr olacaq. 2018-ci ildə eyni zamanda qeyri-neft sektorunda da bir sıra layihələr reallaşıb. Belə ki, sənaye parklarının açılması xüsusən regionlar üçün əhəmiyyətli olan layihələrin icrası kimi xarakterizə olunur. Ümumilikdə isə, 2018-ci il əvvəlki ildə əldə edilən stabilliyin iqtisadi artıma çevrilməsi ili kimi yadda qaldı. Bu növbəti illərdə daha sürətli iqtisadi artım üçün baza formalaşdırır”-deyə, ekspert qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR