​ATU-da qış imtahan sessiyası davam edir – 7 min tələbə imtahan verəcək

Azərbaycan Tibb Universitetində (ATU) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasına start verilib. Sessiyanın özəlliyi ondadır ki, imtahan üçün fakültələrə konkret gün ayrılmayıb. İstənilən fakültənin tələbəsi isənilən gün imtahan verə bilir.

Metbuat.az xəbər verir ki, bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli imtahanların gedişi ilə maraqlanıb. Rektor tələbələrin imtahanla bağlı fikirlərini öyrənib. G.Gəraybəyli bu imtahanların artıq yeni sistemlə keçirildiyini bildirdi: “İndi hər tələbəyə 50 dəqiqə vaxt verilir. Çünki əvvəlki sistem ilk dəfə imtahan verən 1-ci kurs tələbələri üçün çətin olurdu. İndi isə tələbələr sınaq və aralıq imtahanlarını da bu sistemlə keçirlər. Ona görə də hansısa problem yaşanmır”.

Rektor qeyd edib ki, tələbələrin müraciəti əsasında bəzi fənlər üzrə sualların tərtibatına diqqət artırılacaq. O cümlədən, gələcəkdə nəzarətçilərin video kameralarla əvəzlənməsi məsələsi də müzakirəyə çıxarılacaq. Rektor G.Gəraybəyli həmçinin imtahanın təşkilinin texniki tərəfləri ilə də tanış olaraq bəzi dəyişikliklərin tətbiqi ilə bağlı məsləhət verdi.

Qeyd edək ki, ATU-da imtahan keçirilən fənlərin çoxluğunu nəzərə alaraq, hər fakültənin tələbəsi gün ərzində imtahan verə bilər. Məsələn, dekabrın 29-da universitetdəki bütün fakültələrin tələbələri imtahan verib. Həmin gün ərzində 4 minə yaxın tələbə imtahandan keçib.

29 dekabrda start götürən imtahan sessiyası fevralın 5-dək davam edəcək. Bu müddət ərzində ümumilikdə 7 minə yaxın tələbə imtahan verəcək. Sessiya dövründə üzrlü səbəbdən imtahanda iştirak edə bilməyən tələbələrin sınağa girməsi üçün şərait yaradılacaq. Tələbə kəsildiyi fənndən, fənnin kreditinin 25 faizini ödəmək şərti ilə,bu fənndən təkrar imtahan vermək hüququna malikdir. Təbiiki, hər semestr 2 fənn olmaq şərti ilə.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR