Ermənistan bu həll variantını qəbul etməsə… - İrəvana DƏQİQ SİQNAL

Ermənistan bu həll variantını qəbul etməsə… - İrəvana DƏQİQ SİQNAL
12:13 12 Yanvar 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev geniş nitq söylədi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Prezident İlham Əliyev onu da qeyd etdi ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur.

“Eyni zamanda, biz keçən il əlbəttə ki, hərbi potensialımıza böyük diqqət göstərmişik və bu sahədə böyük nailiyyətlər var. Bizim ordumuzun döyüş qabiliyyəti artır və Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək”, - Azərbaycan Prezidenti bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır:

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır”.

Publika.az-a açıqlamasında Azərbaycan Prezidentinin nitqini şərh edən politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, dövlət başçımızın Azərbaycanın ərazi bütövlüyü məsələsində qərarlılığı onun bu məsələni mütləq qalibiyyətlə başa çatdıracağına ümid oyadır.

“Kənardan edilən təsirlərə, Rusiya, ABŞ və başqa dövlətlərin irəli sürdüyü variantlara, beş, yaxud da yeddi rayon məsələlərinə baxmayaraq, prezident həmişə bəyan edib ki, ərazi bütövlüyünün bərpası Azərbaycanın qarşısında duran prioritet vəzifədir, biz zərrə qədər güzəştə getməyəcəyik və əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Prezident güclü ordu qurulduğunu, ordumuzun döyüş qabiliyyətinin artdığını vurğuladı və əldə edilən uğurlardan bəhs etdi. Azərbaycan Prezidenti dönə-dönə vurğulayıb və dünən bir daha bildirdi ki, Dağlıq Qarabağın statusu ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu Ermənistana növbəti siqnaldır ki, bundan artıq xülyalara düşməyin, bu xülyalar sizi bölgədə tamamilə təcrid olunmağa, irimiqyaslı layihələrdən uzaq düşməyə gətirib çıxarır”, - politoloq bildirib.

Müsahibimiz hesab edir ki, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi bu fikirlər çox açıq, aydın və birmənalı şəkildə deyilmiş fikirlərdir:

“Burada hər hansı bir diplomatik gedişlər, hər hansı siyasi manevrlər qətiyyən hiss olunmur. Prezident çox açıq şəkildə Ermənistana xatırladır ki, Azərbaycan torpaq itkisi ilə heç vaxt barışmayacaq, hələ ki gec deyil, bu xülyalardan vaz keçin və dünyanın inkişaf proseslərinə qatılın. Zənnimcə, Azərbaycan tərəfi haqq və ədalətin, beynəlxalq hüququn tələblərinə, BMT-nin məlum qətnamələrinə söykənərək Ermənistan tərəfinə çox ağıllı həll variantı təklif edir. Ermənistan bu həll variantını qəbul etməsə, onda onu qarşıda daha ciddi problemlər gözləyir. Zənnimcə, bu cür siyasi iradənin nümayişi, siyasi iradənin bu şəkildə ifadə edilməsi Ermənistan üçün ciddi xəbərdarlıqdır”.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/265964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR