Azərbaycanda korrupsiyaya qarşı mübarizə - HESABAT / FOTOLAR

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Metbuat.az-ın məlumatına görə, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin rəhbərliyi ilə əvvəlki dövrlərdə olduğu kimi 2018-ci ildə də bütün sahələrdə dinamik inkişafa nail olunmuş, ölkəmizin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və vətəndaşların rifahının yüksəlməsinə xidmət edən dövlət idarəçiliyinin məntiqi nəticəsi olaraq aprelin 11-də keçirilən demokratik, şəffaf və ədalətli seçkilər yolu ilə xalqımız növbəti dəfə qəti iradə nümayiş etdirərək ulu öndər Heydər Əliyev siyasi kursuna səs verdilər.

Hesabat dövründə Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter almış, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib.

Xüsusi vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi hesabat dövründə də prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin başlıca xətti kimi müəyyən etmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi prokurorluq orqanlarının digər qurumları ilə əlaqəli şəkildə bütün səylərini qarşıya qoyulmuş vəzifələrin uğurla və daha səmərəli şəkildə icra edilməsinə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas təminatlarından olan ictimai-siyasi sabitliyin qorunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəldib.

Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücü məhz bu istiqamətlərə yönəldilməsi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır.

Bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın və mövcud qanunvericiliyin səmərəli tətbiqi üçün qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyi nəzərə alınaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar və digər ölkələrin hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmiş, ölkəmizin korrupsiyaya qarşı mübarizədə əldə etdiyi mühüm nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib.

Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizin IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilməklə, Azərbaycan Respublikasında bu sahə beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilmiş, MONEYVAL-ın tövsiyələrinin ölkəmiz tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qənaətinə gəlinib.

Həmçinin, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə 19-ci monitorinq görüşündə Şəbəkənin IV Monitorinq Raundu üzrə ölkəmizə dair verilmiş tövsiyələrin böyük qismində icrası istiqamətində əsaslı nailiyyətin əldə olunması barədə yekdil fikrə gəlinib və dövri hesabat qənaətbəxş qiymətləndirilərək qəbul edilib.

Bundan başqa, Baş prokurorun müavini - Baş İdarə rəisi tərəfindən ötən il Strasburq şəhərində Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 81-ci Plenar İclasında korrupsiyanın qarşısının alınması və aşkar edilməsinə məsul olan dövlət qurumları arasında təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə təsis edilmiş Korrupsiyanın qarşısının alınması üzrə Orqanlar Şəbəkəsinə ölkəmizin qoşulması ilə bağlı Bəyannamə imzalanıb.

Son illər əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən əlverişli məkan olaraq tanınan Azərbaycanda keçirilən genişmiqyaslı tədbirlərdən biri kimi respublikamızın dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiyasiyasının işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi nəzərə alınaraq, Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclası Bakı şəhərində təşkil olunub. Təşkilata üzv olan ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxslərinin iştirak etdiyi tədbirdə Assosiyasiyanın rəsmi internet səhifəsinin anti-korrupsiya saytının fəaliyyətinin Azərbaycan prokurorluğu tərəfindən hazırlanması xüsusi qiymətləndirilib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının ötən ilin sentyabrında Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş 23-cü illik konfransı və ümumi yığıncağında Azərbaycan Respublikasının Prokurorluğu xüsusi mükafatla - Assosiasiyanın Fəxri Sertifikatı ilə təltif edilmişdir. Sertifikat ölkəmizdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı həyata keçirilmiş mütərəqqi islahatlar, Azərbaycan Prokurorluğu ilə Assosiasiya arasında əməkdaşlıq, o cümlədən Assosiasiyanın İcraiyyə Komitəsinin Bakıda keçirilmiş 45-ci iclasının yüksək səviyyədə təşkil olunduğu nəzərə alınmaqla verilib.

Eyni zamanda, həmin konfrans çərçivəsində Azərbaycan Prokurorluğunun nümayəndəsi Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti vəzifəsinə seçilib. Ötən il ərzində Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görülüb, belə ki, İtaliya və Monqolustan və İran İslam Respublikası kimi xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə qurulan səmərəli əməkdaşlıq münasibətləri də uğurla davam etdirilib, əməkdaşlıq çərçivəsində Baş İdarə İran İslam Respublikasının Baş Təftiş Təşkilatı və Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidməti ilə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında anlaşma memorandumları imzalayıb.

Bundan başqa, Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin “Şərq Tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Beynəlxalq Antikorrupsiya Akademiyasi (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılmışdır.

Baş İdarənin fəaliyyətində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar və xarici ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə yanaşı Respublikanın dövlət qurumları ilə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı mühüm yer tutmuş, ötən dövründə Baş İdarə ilə Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura komitələri, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında müvafiq olaraq gömrük işi, tikinti-şəhərsalma, qida təhlükəsizliyi və sahibkarların hüquqlarının müdafiəsi sahələrində korrupsiyaya qarşı birgə mübarizənin daha effektiv şəkildə təmin edilməsi məqsədilə anlaşma memorandumları imzalanıb.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu, Baş İdarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri, istintaqı aparılan cinayət işləri və digər mühüm məsələlər ilə əlaqədar kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi məlumat verilməsi təmin edilib.

Mətbuat konfransında çıxış edən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirib ki, 2018-ci ildə dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və açıq hökumət sahəsində həyata keçirilən tədbirlər davam etdirilib. Vergi və gömrük sahələrində şəffaflıq daha artırılmış, sahibkarlıq və investisiya mühiti daha da yaxşılaşdırılmış və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan “Doing Business”-in 2018-ci il hesabatında 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə layiq görülüb.

K.Cəfərov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər uğurla icra edilib. Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən icra vəziyyəti 89% müəyyən edilib. Elektron hökumət sahəsində dövlət siyasətini icra etmək, dövlət informasiya sistemlərinin səmərəli inteqrasiyasını həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Elektron xidmətlərin inkişafı və rəqəmsal hökumətə keçid” haqqında Fərman imzalanmış və Elektron Hökumətin İnkişafı Mərkəzi yaradılıb. Etik davranış qaydalarının əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraqbeynəlxalq təcrübəyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının etik davranış qaydaları ilə bağlı qanunlar qəbul edilmişdir. Korrupsiyaya qarşısının alınması sahəsində təhsillin rolunun artırılması məqsədilə “Azərbaycan Anti-Korrupsiya Akademiyası” layihəsi çərçivəsində dövlət qurumlarının 800-dən çox əməkdaşına 60-dan çox təlim keçirilib.

Tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərin bir neçə şəxsə satılması kimi neqativ hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər edilmişdir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın 2018-ci il üçün icrası uğurla təmin edilmişdir. Avropa Şurasının MONEYVAL Komitəsinin tövsiyələrinin icrası ilə bağlı bir sıra vacib qanunvericilik aktları qəbul edilmişdir. Bu sahədə dövlət siyasətinin vahid çərçivədə icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılmış, fəaliyyəti təmin edilib və Maliyyə Monitorinq Xidməti Eqmont qrupa üzv olub.

K.Cəfərov korrupsiyanın qarşısının alınması sahəsində Komissiyanın “Qanunverciliyinin təkmilləşdirilməsi üzrə” İşçi Qrupu tərəfindən yeni Milli Strategiya və Tədbirlər Planının layihəsinin hazırlandığını və prosesin müvafiq dövlət orqanları, beynəlxalq ekspertlər və təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə cari il ərzində yekunlaşacağını bildirib.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2018-ci il ərzində gördüyü işləri müsbət dəyərləndirib.

Mətbuat konfransında cari il yanvarın 11-də Prezident cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində verdiyi göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsinin təmin ediləcəyi xüsusi vurğulanıb.

Sonda QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

Günay Elşadqızı / METBUAT.AZ

Foto: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR