Nazirlik Ağstafadakı vətəndaşa əlillik təyin etdi

Ağstafa rayonu, Sadıqlı kənd sakini olan 22 yaşlı Çıraxov Əziz Çingiz oğluna əlillik təyin edilməməsinin səbəbi ilə bağlı yanvarın 11-də “Facebook” səhifəmizdə paylaşdığımız məlumata əlavə olaraq bildiririk ki, elektron sistemə daxil edilmiş yeni göndəriş (Forma 88) əsasında bu gün həmin şəxsə II qrup əlillik təyin olunub”.

Metbuat.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov sosial şəbəkədə yazıb. Bildirilib ki, müvafiq səhiyyə müəssisəsinin həmin şəxsə dair elektron sistemə daxil etdiyi ilk göndərişdə müayinə və müalicələr haqqında məlumat ətraflı qeyd olunmadığından əliliyin qiymətləndirilməsi mümkün olmamışdı. Yeni göndərişdə öncə göndərilən sənəddə mövcud olan çatışmazlıqlar aradan qaldırılmış və Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi həyata keçirilərək vətəndaşa II qrup əlillik təyin edilib.

Bir daha diqqətə çatdırırıq ki, əlillik dərəcəsinin təyin edilməsi elektron sistem üzərindən həyata keçirilir. Hər hansı şəxsə dair göndəriş e-sistemə daxil olunduqdan sonra baxılması üçün adsızlaşdırılmış qaydada komissiyalara göndərilir. Yəni ekspert komissiyası göndərişin kimə aid olduğunu, hansı səhiyyə müəssisəsindən daxil olduğunu bilmədən, yalnız göndərişdəki məlumatlar əsasında əlilliyi qiymətləndirir. Əgər bu məlumatlar düzgün doldurulmazsa, əlilliyin qiymətləndirilməsi də mümkün olmur və yenidən düzgün doldurulması üçün müvafiq səhiyyə müəssəsinə göndərilir.

Qeyd edək ki, yanvarın 11-də Nazirliyin sosial şəbəkə hesabında bildirilib ki, sosial şəbəkələrdə Ağstafa rayon sakininə əlillik təyin edilməməsi barədə məlumat paylaşılıb. Bununla bağlı bildiririk ki, ƏƏSMN tərəfindən əlillik dərəcəsinin təyin edilməsi tam elektron qaydada həyata keçirildiyindən bu sahədə nazirliklə vətəndaşlar arasında təmas tam olaraq aradan qaldırılıb. Müvafiq səhiyyə müəssisəsi tərəfindən göndərilən sənəd avtomatik adsızlaşdırılaraq Tibbi-Sosial Ekspert Komissiyasında yoxlanılır və qərar verilir.

Məlumatda haqqında bəhs olunan şəxsin Ağstafa rayonu, Sadıqlı kənd sakini 22 yaşlı Çıraxov Əziz Çingiz oğlu olduğu müəyyən edilib. Ona əlillik dərəcəsinin təyin edilməsi üçün Nazirliyin elektron sisteminə səhiyyə müəssisəsi tərəfindən göndəriş sənədi (Forma-88) sosial şəbəkədə qeyd edildiyi kimi – 6 ay əvvəl yox, dekabrın 5-də göndərilib.

Adsızlaşdırılmış sənəddə (Forma-88) müayinə və müalicələr haqqında məlumat ətraflı qeyd olunmayıb. Xəstənin ambulator və stasionar müayinə və müalicələri yalnız 2018-ci ili əhatə edir. Bununla əlaqədar göndərişin natamam doldurulması, xəstəliyin anadangəlmə olmasına baxmayaraq, müayinə və müalicənin yalnız 2018-ci ili əhatə etməsi səbəbindən və diaqnozun dəqiqləşdirilməsi məqsədilə 7 dekabr 2018-ci il tarixdə imtina qərarı verilib.

Səhiyyə müəssisəsi tərəfindən Forma 88-də qeyd olunan çatışmazlıqlar aradan qaldırılaraq yeni göndəriş elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim olunub. Hazırda yeni göndəriş müvafiq ekspertlər tərəfindən qiymətləndirilməkdədir. Qiymətləndirmənin nəticəsi barədə qısa müddətdə əlavə məlumat veriləcək.

Əlavə olaraq bildiririk ki, Nazirliyin müvafiq şöbələri tərəfindən, həmçinin 142 Çağrı Mərkəzi tərəfindən gün ərzində yüzlərlə vətəndaş müraciəti cavablandırılır. Təkcə ötən il 142 – Çağrı Mərkəzinə 160 mindən çox müraciət daxil olub və cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR