Milli Qəhrəmanın anım günüdür

Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun anım günüdür.

Metbuat.az-ın məlumatına görə, Elman Süleyman oğlu Hüseynov 8 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində doğulub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil alıb, 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutuna qəbul olub, 1973-cü ildə mühəndis ixtisası alaraq ali təhsilini başa vurub. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət edib. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini, 1988-1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışıb.

Dəfələrlə rayon sovetinə deputat seçilən E.Hüseynov 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünü müdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrini düşməndən azad olunmasında fəal iştirak edib, döyüşlərdə iki dəfə yaralanıb.

1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub, 1995-ci il yanvarın 15-də prezidentin fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına Tərtər rayonunda və Bakı şəhəri Xəzər rayonunda küçə var. Tərtər rayonunda qəhrəmanın büstü ucaldılıb.

"18 yaşımda iki dəfə məhkəməylə hədələnmişəm" - Sənan Şəfizadəylə MÜSAHİBƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR