​Nefrologiya şöbəsi illik hesabat verib - SƏHİYYƏ

Yanvarın 17-də ATU-nun Tədris Terapevtik Klinikasında nefrologiya şöbəsinin illik hesabatı dinlənilib.

Metbuat.az xəbər verir ki, hesabat iclasını açan klinikanın direktoru Samir Allahverdiyev əvvəlcə kafedra işçilərinin növbələrə cəlb edilməsi, indiyədək klinikada fəaliyyət göstərən bir qrup rezidentin başqa xəstəxanalara rotasiya edilməsi məsələlərinə toxunub. Eyni zamanda tibb işçilərini daha məsuliyyətli olmağa çağıraraq daxili intizam qaydalarına ciddi riayət etməyin vacibliyini vurğulayıb. Klinikanın direktoru gələcəkdə klinikanın maddi imkanları çərçivəsində tibbi avadanlıqların yenilənməsinin də nəzərdə tutulduğunu deyib.

Bundan sonra nefrologiya şöbəsinin müdiri, dosent İradə Məmmədova 2018-ci il üzrə hesabat məruzəsi ilə çıxış edib. Şöbədə çalışan professor-müəllim heyəti haqqında qısa məlumat verən şöbə müdiri statistik rəqəmləri diqqətə çatdırıb. Bildirib ki, 2018-ci ildə şöbəyə ümumilikdə 247 xəstə daxil olub və bunlardan 195 nəfəri stasionar, 52 nəfəri isə gündüz müalicəsinə cəlb edilib. Müqayisə üçün deyək ki, 2017-ci ildə şöbədə qeydiyyatdan keçən 170 xəstənin 148-i stasionar, 22-si isə ambulator müalicə alıb. Müraciət edən xəstələrin minimal yaş həddi 20, maksimal yaş həddi 80 və orta yaş həddi 53 olub.

Bildirilib ki, hesabat dövründə şöbədə digər xəstəliklərdən – Behçet xəstəliyi, HELPP sindromu, çoxsaylı mieloma, xronik pankreatit, revmatoid artrit, ürəyin işemik xəstəliyi, bronxopnevmoniya, qaraciyər sirrozu, mədə və onikibarmaq bağırsaq xorasından əziyyət çəkən pasiyentlərə də nefroloji xidmət göstərilib.

Hesabat iclasında Səhiyyə Nazirliyinin baş nefroloqu, professor Mehman Ağayev, revmatologiya şöbəsinin müdiri, professor Sahib Musayev, pulmonologiya şöbəsinin müdiri Günel Sadıqova və endokrinologiya şöbəsinin müdiri Könül İsmayılova da çıxış edərək klinikada nefroloji xidmət səviyyəsinin qənaətbəxş olduğunu söyləyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR