Azərbaycan elə qüdrətli dövlətdir ki, onunla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil: Sevinc Fətəliyeva

Azərbaycanın öz inkişafına görə regionun lider dövləti olması, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəz kimi tanınması, həmçinin müstəqil siyasət həyata keçirməsi xaricdəki ermənipərəst, anti-Azərbaycan dairələri ciddi narahat edir. Bunu həzm edə bilməyən, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan həmin dairələr Azərbaycanı müstəqil inkişaf yolundan sapdırmaq üçün hər cür vasitələrə əl atırlar. Yanvarın 17-də Avropa Parlamenti (AP) tərəfindən qəbul olunmuş təcili “qətnamə” də bu kampaniyanın tərkib hissəsidir.

Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında fəal tərəfdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr davamlı olaraq inkişaf edir. Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr və qəbul olunmuş “qətnamə” ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin ruhuna ziddir.

“Qətnamə”nin qeyri-obyektiv və qərəzli olduğunu deyən komitə sədrinin müavini söyləyib ki, bu tədbiri təşkil edənlər anti-Azərbaycan qüvvələrdir. Çünki bu qüvvələr Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Qəbul olunmuş “qətnamə” Mehman Hüseynov məsələsindən istifadə edərək və bu məsələni qəsdən şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir. Sənədin müəlliflərindən biri olan Avropa Parlamentinin üzvü, eyni zamanda, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms məsələ ilə bağlı guya azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Amma bu iddianın heç bir əsası yoxdur.

“Bütövlükdə, həmin dinləmələrə diqqət yetirdikdə bəlli olur ki, bu, erməni lobbisi və anti-Azərbaycan dairələrin sinxron fəaliyyətinin məhsuludur. Bu cür təxribatçı cəhdlər və manipulyasiya xarakterli səylər dəfələrlə qeydə alınıb və uğursuzluğa düçar olub. Məqsəd ölkəmizin nüfuzuna zərbə vurmaq, eləcə də Avropa İttifaqı ilə genişlənən münasibətlərə xələl gətirməkdir. Azərbaycan müstəqil siyasət həyata keçirir, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Hər hansı bir qurum vasitəsilə ölkəmizə qarşı aparılan təzyiq kampaniyası iflasa məhkumdur. Əgər həmin dairələr saxta iddialarla müstəqil siyasətimizə təsir edəcəklərini düşünürlərsə, tamamilə yanılırlar. Çünki Azərbaycan elə güclü, qüdrətli dövlətdir ki, onunla qətnamə dili ilə danışmaq, təzyiq etmək mümkün deyil”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Milli Məclisin deputatı onu da qeyd edib ki, əgər həqiqətən də Avropa Parlamentinin dinləmələrdə iştirak edən üzvləri üçün insan haqları amili önəmlidirsə, niyə onlar Azərbaycandakı qaçqın və məcburi köçkünlərin problemlərinə diqqət yetirmirlər: “Məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyondan çox insan doğma torpaqlarından didərgin düşüb. Məhz bu işğal səbəbindən insanlar öz torpaqlarında yaşamaq kimi fundamental hüquqlarından məhrum olublar. Avropa Parlamentində insan hüquqlarından danışanlar bu insanların haqlarının bərpa olunması istiqamətində addım atmalıdırlar. Diqqətdən yayınmayan digər bir məqam isə Avropa Parlamentinin qəbul etdiyi bu “qətnamə” barədə ilk məlumatın erməni mətbuatında işıqlandırılmasıdır. Görünür, “qətnamə”nin qəbulunu məhz onlar gözləyirdilər. Beləliklə, bu məsələdə rolu olanların kimliyi bir daha ortaya çıxır: həmin “sənəd”in qəbulu erməni lobbisinin və anti-Azərbaycan dairələrin məkrli planlarının tərkib hissəsidir”.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)
    loading...

    RƏYLƏR

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR