Deputat: Zimbabve Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir

Deputat: Zimbabve Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir
14:36 19 Yanvar 2019
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, milli maraqları əsasında müstəqil siyasət yürütməsinə, struktur xarakterli, həmçinin iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın mədən sənayesini effektiv şəkildə idarə etməsi, neft-qaz sektorundan əldə edilən gəlirlərin şəffaflığını təmin etməsi və iqtisadiyyatın digər sektorlarına düşünülmüş şəkildə investisiyaların qoyulması, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun, nəqliyyat infrastukturunun və kənd təsərrüfatının inkişafı, 100 faiz savadlılığa nail olunması və digər sahələrdə olan nailiyyətlərimiz maraqlı nümunə kimi qəbul olunur: "Bu baxımdan Zimbabve daxil olmaqla, əksər Afrika ölkələri tərəfindən Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində əldə etdiyi nailiyyətlər uğurlu təcrübə kimi nəzərdən keçirilir".

T.Rzayev əlavə edib ki, Zimbabve Prezidenti E.Mnanqaqva xarici səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanı seçib: "Zimbabve tərəfi sadalanan ölkələrin MDB məkanında ən yüksək inkişaf göstəricisinə malik olduğunu nəzərə alaraq, təcrübə mübadiləsinin aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının araşdırılması və sərmayələr üçün məhz bu ölkələri seçib".

Deputat hesab edir ki, Zimbabvenin də fəal iştirak etdiyi Qoşulmama Hərəkatına Azərbaycan 2019-2022-ci illərdə sədrlik edəcək: "Azərbaycan beynəlxalq münasibətlərdə xoş məramla çıxış edir, davamlı inkişafa töhfə verir və öz uğurlu idarəçilik təcrübəsini inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrlə bölüşməyə hazırdır. Etibarlı, ləyaqətli və beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olan Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3007914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR