Peyğəmbəri söyən biclər

Peyğəmbəri söyən biclər
11:06 14 Yanvar 2015
228 Sosial
Ölkə mətbuatı
A- A+

Fransanın "Charlie Hebdo" satirik həftəlik jurnalı növbəti dəfə bəşəriyyət üçün neqativ addım atıb. Jurnal növbəti sayında yenə də İslam peyğəmbərini "Je suis Charlie" (Mən Şarliyəm) plakatını əks etdirməklə 4 milyon tirajla 16 dildə buraxıb. Ön səhifədə yaşıl fonda ağ paltar geyinmiş İslam peyğəmbəri üzüntülü şəkildə “Je suis Charlie” plakatını tutub. Bunun üzərində isə qara hərflərlə “Tout est pardonne” (Hər şey bağışlandı) yazılıb. Jurnal manifestində faşizm, nasiszm və stalinizmdən sonra islamizmi demokratiyanın əsas təhlükəsi adlandırıb.

Sərsəm işlərlə məşğul olan jurnal məruz qaldığı silahlı hücuma,12 nəfərin qətlinə baxmayaraq, ölənlərin ruhuna hörmətsizlik edərək, baş verən proseslərdən nəticə çıxarmayaraq siyasətini dəyişməyib, dini mövzuda karikaturaların dərcini davam etdirib. Jurnalın bu addımı adi qarşılanmamalıdır. Bu, hansısa hegemon dövlət, xüsusi xidmət orqanı tərəfindən idarə olunan bir məsələdir.

Çünki jurnalın söz azadlığı adı altında İslam dinini təhqir edən fəaliyyətini davam etdirməsi Fransa hakimiyyətini heç də narahat etmir. Heç Məkkənin, Mədinənin yerləşdiyi, müqəddəs torpağın kralları da buna ciddi reaksiya belə vermir. Hətta özünü söz azadlığının beşiyi sayan ABŞ Parisdə həmrəylik yürüşünə yüksək səviyyədə qatılmadı. Bütün bunlar insanlarda böyük şübhələr oyatmaqla yanaşı, bizləri məntiqli düşünməyə də vadar edir.

Məsələn, Fransa nəşri “Charlie Hebdo” jurnalının İslam peyğəmbərini təhqir edən karikaturaları yenidən dərc etməsini şərh edən ABŞ hökumət sözçüsü Mari Harf deyib: “Şəxsi fikirlərə baxmdan “Charlie Hebdo”nun bu karikaturaları yenidən dərc etmək hüququnu qətiyyətlə dəstəkləyirik. Bu, demokratiyanın təzahürüdür.”

Onun “Həzrəti Məhammədin (ƏS) təsvir edilməsini İslama zidd kimi görürsünüzmü” suala cavabına baxın: "Heç bir şey ifadə azadlığının qarşısında olmamalıdır. Xüsusilə müsəlmanların bu təsvir mövzusunda çox güclü bir həssasiyyətə sahib olduqlarını bilirik. Heç bir şey zorakılığı, nifrəti haqlı göstərməz və heç bir məqam ifadə azadlığının qarşısında dayana bilməz.”

Hər şey gün kimi aydındır. Məhəmməd peyğəmbəri (s) lağa qoyan karikaturalar dərc etməklə uğur qazanmaq düşüncəsi ilə yaşayanlar unutmamalıdırlar ki, bu addım onlara uğur yox, daha böyük nifrət qazandıracaq.

Ümumiyyətlə, jurnalın vəkili R.Malka və onun "həmkarları" üçün müqəddəs dəyər yoxdur. Əgər həqiqətən baş verən terror hadisəsini lənətləyirsənsə, yaddaşlara hopdurmaq istəyirsənsə, nə üçün üz qabığa Peyğəmbərin karikaturasını yerləşdirirsən?

Fransada baş verən terror hadisəsinə gedən yola nəzər saldıqda aydın görünür ki, jurnal İslam dəyərlərinə, onun peyğəmbərinə, bütün müsəlmanlara qarşı haqsızlıq etməsəydi, çox güman ki, dünyanı sarsıdan hadisə baş verməzdi. Bu, təhqir, faşizm, ksenefobiya deyildimi?

Bu, haqq-hesab çəkmək, vəziyyəti daha da mürəkkəbləşdirmək, jurnalı satmaqla pul qazanmaq məqsədi daşımırmı? İnsanları bu oyuna çəkənlərin cəzalandırılmasının vaxtı çatmayıbmı?

Bu hoqqabazlıqların bircə məqsədi var: dünyada sürətlə yayılan İslam dininin qarşısını almaq, müsəlmanların Avropaya yayılmasını əngəlləmək. İslam terror dini deyil, İslam dini barışıq, sülh dinidir. Bunu Avropa bizdən daha yaxşı bilir. Əgər bilməsəydi, Fransanın özündə 10 faiz, digər Avropa ölkələrində təhqir etdikləri Məhəmməd (s) peyğəmbərin dininə maraq bu qədər böyük olmazdı.

Bir sözlə, bu işə əl atanların vicdan hissi ölüb. Pul qazanmaqdan ötrü bütün müqəddəsləri - İsa, Musa, Məhəmməd kimi peyğəmbərləri, eləcə də müqəddəs Məryəm ananı - alçaltmağa belə hazırdılar. Amma Allah böyükdür. Özünü söz azadlığının beşiyi sayan Qərb, Avropa bu gün belə addımlarla məhz islamofobiyanın, ksenefobiyanın, faşizmin, irqçiliyin toxumlarını səpir. Buna qarşı isə bütün müsəlmanların, xristianların, yəhudilərin və digər dinlərə xidmət edən sağlam qüvvələrin birləşməsinə ehtiyac var. Çünki bəşəriyyətin sonuncu dini olan İslamın kökündə terror yox, ağıl, sevgi və insanlıq dayanır. Avropa isə inkvizisiya və faşizmin vətəni kimi tarixdə qalmağa üstünlük verir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=19&nid=319586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR