Ağ adamlar

Ağ adamlar
20:12 19 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Onlar hər zaman ətrafdakıların diqqətini çəkirlər, küçədən keçərkən hamı boylanaraq onlara baxır. Bir çoxları onları "Fosfor adam" çağırır. Söhbətin albinoslardan getdiyini yəqin təxmin etdiniz. Həmişə insanların beynində albinoslarla bağlı suallar var: Necə olur ki, insan bu cür rəngsiz, daha doğrusu bəmbəyaz doğulur?Milli.Az e-tibb.az-a istinadən bildirir ki, albinizm sözünün kökü "alba"dır. "Alba" latınca ağ deməkdir. Elmi izaha görə, albinizm dəriyə anadangəlmə rəng verən piqmentin olmaması ilə xarakterizə olunur. Eyni zamanda dəridə melanin əmələ gətirən melanositlər çatışmır. Bir çox mənbədə albinizm xəstəlik kimi vurğulansa da, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Texnologiyalar İnstitutunda genomun quruluşu və ekspedisiyası laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, gen mühəndisi Ələmdar Məmmədov bunu inkar edir: "Bu, xəstəlik deyil, sadəcə, həmin insanlarda dəri hüceyrələrində piqmentləşmə getmir, buna görə də albinizm ortaya çıxır. Bir var anadangəlmə albinizm, bir də var ki, sonradan üzə çıxmalar. Sonradan olanlarda piqmentsizləşməni bədənin müxtəlif hissələrində müşahidə etmək olur. Bu cür vəziyyətdə dərinin həmin hissəsində rəngi bərpa etmək mümkündür. Lakin anadangəlmə albinosları dəyişmək olmur".Alim bildirir ki, albinizm əsasən irsi yolla keçir: "Bu insanlarda bədənin heç bir yerində piqmentasiya gedə bilməz, çünki gen kodunda bu əlamət yoxdur, daha doğrusu, zədələnib. Bunu isə irsən alıblar. Bu, xəstəlik deyil, sadəcə, xüsusiyyətdir. Normal genlərdə piqment zülalı istehsal olunur. Albinoslarda anormal, mutasiya olunmuş gen var, bunlar həmin piqment zülalını sintez edə bilmirlər. Nəticədə rəngsizlik əlamətləri üzə çıxır. Orqanizmdə hər gendən iki dənədir. Bunun biri anadan gəlir, biri atadan. Piqmentasiya ilə bağlı genlərin biri normal olduğu vaxt, heç vaxt albinizm üzə çıxmır. Buna resesiv dominant vəziyyət deyirlər. Belə olan halda çatışmazlıq üzə çıxır. Bəzi hallarda isə bu anormallıq irsi xarakter daşımaya bilər. İnsan ionlaşdırıcı radiasiyaya məruz qalıbsa və ya orqanizmə hər hansı güclü kimyəvi təsir olubsa, genlərdə mutasiya gedə bilər ki, onun özü olmasa da, övladı albinos ola bilər".Albinoslarla bağlı indiyə kimi, xeyli mif yaranıb. Onlardan biri də guya onların qeyri-adi insanlar olmalıdır. Mütəxəssis isə bildirir ki, bu insanlarda əlavə hər hansı özəllik yoxdur: "Sadəcə, piqment genləri qüsurludur. Bu insanlar Günəşdən, gur işıqdan əziyyət çəkirlər. Gözləri tez zəifləyir. Onların dərisi Günəş şüasına qarşı daha həssasdır. Amma onlar digərlərindən əqli, fiziki cəhətdən nə geri qalmırlar, nə də xüsusi olaraq irəli getmirlər".Ə. Məmmədov onu da qeyd edir ki, albinoslar albinos olmayan insanlarla evlənməlidirlər: "Bu halda onların övladları albinos olmayacaq. Ən yaxşısı odur ki, evləndikləri insanların ata-anasında belə bir qüsur olmasın. Çünki hətta qarşı tərəfdə genlərin biri qüsurludursa, bu hal 50 faiz ehtimalla onların övladlarında ortaya çıxa bilər. Bütün hallarda qüsurlu gen varsa, birinci nəsildə olmasa belə, gələcək nəsillərdə özünü göstərəcək. Albinoslara məsləhətim odur ki, nəslində albinizm olmayan insanlarla ailə qursunlarlar".  Qeyd edək ki, Avropada hər 20 min, dünyada isə hər 17 min insandan biri albinosdur. Ümumilikdə, dünya əhalisinin 1 faizini albinoslar təşkil edir.Bəs ölkəmizdə albinoslarla bağlı sosial təminat nəzərdə tutulubmu? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatına görə, albinizm xəstəlik kimi qəbul edilmədiyindən onlar üçün xüsusi təminat nəzərdə tutulmur. Lakin görmə zəifliyi albinoslar üçün xarakterik olduğundan onların sağlamlıq imkanları ilə bağlı məhdudluq təyin edilir. Bununla əlaqədar pensiya, müavinət və təqaüd hüququ yarandıqda, albinoslar müvafiq sosial ödənişlə təmin olunurlar.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/720922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR