Bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır

Bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində deyib.

Dövlətimizin başçısı müxbirin “Beləliklə, cənab Prezident, iqtisadi gücün və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasının Sizə bu problemin həllində kömək edəcəyinə inanırsınızmı?” sualına cavabında bildirib:

“Tamamilə belədir. Biz nəticələri görürük, biz müsbət dinamikanı görürük və səmimi desəm görürük ki, beynəlxalq təşkilatların qətnamələri icra olunmur və buna görə cəza olmur. Dünyada aparıcı beynəlxalq təşkilat olan BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı qətnamə qəbul edir, lakin münaqişə həllini tapmır, qətnamələr icra olunmur. Buna görə də biz əlbəttə ki, beynəlxalq hüquqa arxalanmalıyıq, lakin, eyni zamanda, biz daha güclü olmalıyıq. Biz iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən də daha güclü olacağıq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət yürüdə biləcəyik. Həmçinin biz xarici borcumuzun azalması üzərində çox işləmişik”.

İlham Əliyev əlavə edib ki, bu gün bu borc ümumi daxili məhsulun 19 faizi səviyyəsindədir. Bu da yaxşı göstəricidir: “Lakin daha yaxşı göstərici xarici borcumuz və ehtiyatlarımız arasında olan nisbətdir. Bu nöqteyi-nəzərdən bizim sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və biz iqtisadi nöqteyi-nəzərdən heç bir ölkədən asılı deyilik.

Düşünürəm ki, Azərbaycan təcrübəsi, bizim əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir. Biz o qədər də sabit olmayan bir regionda yaşayırıq. Sərhədlərimizə yaxın zonada gərgin vəziyyət müşahidə olunur. Biz yeni münaqişə mənbələrini, yeni risk mənbələrini görürük. Buna görə də bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır. Bunun üçün bayaq da qeyd etdiyim kimi, biz daxildə güclü olmalıyıq. Bunun üçün bizim qonşularımızla yaxşı münasibətlərimiz olmalıdır və bizim belə münasibətlərimiz var. Həmçinin dünyanın aparıcı mərkəzləri ilə də yaxşı münasibətlərimiz olmalıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR