Bir dəqiqə dözsəydin...

Bir dəqiqə dözsəydin...
11:19 14 Yanvar 2015
159 Sosial
Ölkə mətbuatı
A- A+

Avtobusdayam,  evə gəlirəm. Radioda hansısa bir veriliş gedir. Aparıcı  boşanmadan danışır.

“Gəlin havası çal”  dedilər...

Hecalayıram bu kəlməni. Gəlin havası. Havada gəlin var, düzdü,  amma gərək gəlin də  havada olsun,  yəni gəlin evdə olsun, yəni gəlin gəlin olmasa da, gərək düşdüyü yer gəlin olsun dedilər.

Gəlinin gəlin olması üçün baldız, qayın, qayınana, qayınata düşərgələri var. Gəlin bu düşərgələrdən neçə keçəcək?

“Gəlin havası çal” dedilər. Gəlinin qayınata evində keçirdiyi ilk iki il mənim Xabarovskda hərbi xidmətdə olmağıma çox bənzəyir. Rus dilini bilmirəm, uzaq soyuq bir yer, məndən qabaq xidmət eləyən əsgərlər və  sair. Gəlin də belə. Ev dilini, baldız dilini,  qayın dilini,  qaynana dilini,  qayınata dilini bilmir. Mən  rus dilini, ingilis dilini bilmədiyim kimi....

Gəlin gərək getdiyi evdə ağac kimi bitə bilə, calaq ola, bar gətirə...(Bulvarda əkdiyimiz ağaclar çətinliklə bitir, “gəlin” ola bilmirlər)

Gəlin gərək ocağa gələ dedilər...

20 il bundan qabaq rəhmətə getmiş nənəm həmişə  belə oxuyardı:

Gəlin deyər:

 

-Mən gəlmişəm qənddənə qənd qoyam,

Gəlməmişəm ürəyimə dərd qoyam.

Mən gəlmişəm dana- buzoy bağlayam

Gəlməmişəm zülüm-zülüm ağlayam.

 

 Nənəmin dediyi həqiqətlər gün kimi aydın. Ayrı izaha ehtiyac yox.

 

 Bu da 10-cu sinifdə yazdığım bir şeir:

 

Gəlin apardılar qəlbi yox kimi,

Hıçqırıq ürəyin son nəğməsiydi.

“Volqa”da gəlinin əyilən başı,

Bu işə bir sual işarəsiydi.

 

Biri qəlbdə gedir, biri  “Volqa”da,

Biz də gülə-gülə alqışlayırıq.

Ürəyə köçəndən xəbərimiz yox,

Evlərə köçəni xoşbəxt sayırıq.

 

Həqiqət göz önündə.  Bir türk şərqisində  deyildiyi kimi: “Bu sualın nidası yox. ( Bu şərqinin bəstəsi yox)

 

Son vaxtlar - istər qadın, istər kişi - boşananları yığırlar efirlərə.  Ay aman, nə gözəl mövzu! Boşananlar elə iti, elə  kəskin danışırlar ki... Elə bil  döyüşdən qəhrəman kimi gəliblər. Elə bil Fransada baş verən son hadisələri öz gözləri ilə görüblər.

Bax, bu yaxınlarda “ANS” də gedən bu  mövzuya həsr olunmuş “İncə maraqlar” verilişində qonaq olan  və boşanan  o dörd nəfərdən ikisini dəqiq tanıyıram,  indi  efirdən  ikisi də gur-gur guruldayırlar  ki, guya onların  ailə qurmağında valideynlərinin  əli olduqlarına görə ayrılıblar.  Halbuki qurduqları ailədə heç biri valideynlə gənəşməmişdilər.

Mən də valideynəm.  Psixoloqam. Ağrıyıram.

Mənə elə gəlir ki, bütün ayrılanları barışdıra bilərəm. Bir şərtlə  ki, qadın  ev işləri görməyi bacarsın, yemək bişirə bilsin və oğlan da içməyən olsun. Burda barışıq mümkündür. Barışdıraram.

Bax, elə bu zaman  hərəkət edən avtobusun qarşısında yol keçən qız qəflətən   dayanır, telefonda mesajını davam etdirir. Sürücü siqnallayır. Sürücüdən xahiş edirəm, gözləsin. Təklifimə sərnişinlər gülüşür. Mənim balam, gör sevda yağışı səni harada tutdu?

Gənclər ayrılırlar... Problemlər  qaynana, baldız, qayın, qaynata, banklar, kreditlər, cehiz, brilyantlar, daş-qaşlar, qonşular, kirayələr... Lap elə “Kristina” xəz dəri qalereyası... Səbirsizlik, dözümsüzlük...

Mənə elə gəlir ki, sən cəmi bir dəqiqə də dözsəydin xoşbəxt olacaqdın, mənim balam,  Hə, xoşbəxtliyinə bir dəqiqə qalmış sən ayrıldın. Cəmi bir dəqiqə.

Məncə, ailə həyatında  tək sevgi  vacib şərt deyil. Birgə yaşamaq  qabiliyyəti, savadı olmalıdır. Əsas şərt bəlkə də bu.

“Gəlin havası çal” dedilər. Yenə radio.

Elə bu zaman  yanımızdan bir maşın  çox sürətlə keçdi. Sürücü qadın idi. Qarşıdakı işıqforu da gözləmədi. Qırmızı işıqda keçdi yolu. Məlum idi, ailəsi dağılmış, qayınanasının üzünə ağ olan qadın idi bu...

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR