"2013-cü ilin sonundan Rusiyanın Ermənistandakı bazasından şikayətlər daxil olur"

"2013-cü ilin sonundan Rusiyanın Ermənistandakı bazasından şikayətlər daxil olur"
11:48 14 Yanvar 2015
119 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

2013-cü ilin sonundan Rusiyanın Ermənistandakı bazasından kifayət qədər çox şikayətlər daxil olmağa başlayıb. Trend xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” qəzetinə Rusiya Əsgər Anaları Komitəsinin məsul katibi, Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü Valentina Melnikova bildirib.

Gümrüdə altı nəfərdən ibarət Avetisyanlar ailəsinin qətlə yetirilməsində şübhəli bilinən Rusiya bazasının hərbi qulluqçusu Valeri Permyakov bütün ailəni güllələyib və körpəni yaralayıb. Sonra o qaçıb, ancaq tezliklə Ermənistan-Türkiyə sərhədini keçməyə cəhd edərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb. Hazırda Permyakov Rusiya bazasının ərazisindədir və hələlik erməni hüquq-mühafizə orqanlarına təhvil verilməyib.

V. Melnikova deyib: "Əvvəllər, hardasa 2009-2013-cü illərdə ora tamamilə sakit olub, biz əsgərlərdən, onların analarından heç bir şikayət eşitməmişik. Amma, başa düşdüyünüz kimi, hissədə xidmət atmosferi, iqlim bir çox hallarda komandirdən asılıdır. Və, budur, artıq 2013-cü ilin sonundan başlayaraq bu hərbi hissədən tez-tez şikayətlər eşidilməyə başlanıb. Əsasən hərbi qulluqçuların pullarının alındığı, onların təhqir edilməsi, hospitala və müalicəyə vaxtında göndərilməməklə bağlı şikayət edilir”.

Mənbənin məlumatına görə, həmçinin Permyakovun özü haqqında real informasiyanı gizlətməyə meyil etməsi aydınlaşıb. Belə ki, sosial şəbəkədəki səhifəsində o göstərib ki, Çita şəhərinin axşam məktəbində oxuyub. Amma təhsil müəssisəsinin direktoru qəti surətdə bunu təkzib edib. Lyudmila Vonsonoviç bildirib ki, belə soyadla şagirdi xatırlamır, amma düzgünlük üçün öz məktəbinin bütün şagirdlərinə dair məlumatları gözdən keçirib və onların arasında Permyakovu aşkar etməyib. Aydınlaşıb ki, Valeri Permyakov Rodla Zabaykalye diyarının Duldurq kəndindəndir və orduya Çitanın Baley şəhərindən çağırılıb.

Ermənistanın şimalında yerləşən Gümrüdə 1995-ci ildən Rusiyanın 102-ci hərbi bazası yerləşdirilib. Burada MDB Birləşdirilmiş Hava Hücumundan Müdafiə sistemi çərçivəsində döyüş növbəsi aparılır. Baza Rusiya Federasiyasının Cənubi Qafqazdakı Cənub hərbi dairəsi Rusiya Qoşunları Qrupuna tabe edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2352993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR