Erməni həyasızlığı ABŞ xəfiyyəsinin sifətində

Erməni həyasızlığı ABŞ xəfiyyəsinin sifətində
12:12 14 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

"Freedom House" təşkilatının keçmiş rəhbəri Devid Kramer Azərbaycanın ünvanına növbəti dəfə həqiqətdən uzaq olan fikirlər səsləndirib. Onun irəli sürdüyü təkliflər keçən ilin dekabrında T.Malinovskinin "Azadlıq" radiosuna verdiyi müsahibədə Azərbaycan barədə dediklərinin davamı kimi görünür. Ölkədə insan haqlarının pozulduğunu söyləyən bu cənab Azərbaycanın ABŞ-a meydan oxuduğundan, Bakıya qarşı sanksiyalardan, bu il Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının boykotundan dəm vurub. Eyni zamanda, ölkə rəhbərliyi haqqında diplomatik etiketi pozan sözlər də işlədib. Bütün bunların təsadüfən olmadığı və konkret dairələrin maraqlarına xidmət etdiyi məlumdur. Maraqlıdır: niyə Cənubi Qafqazda təhlükə mənbəyi olan Ermənistan haqqında bu tip şeylər danışılmır? D.Kramer özü də etiraf edir ki, Azərbaycan ABŞ-ın təhlükəsizlik və enerji sahələrində etibarlı tərəfdaşıdır. Bəs onda onun qərəzli mövqeyinin səbəbi nədədir?

Direktor və xəfiyyə: Azərbaycana atılan iftiralar

Belə təəssürat yaranır ki, Azərbaycan daxili və xarici siyasətdə uğurlar qazandıqca bəzi dairələrin ona qarşı hücumları şiddətlənir. Böyük beynəlxalq idman və ya mədəniyyət tədbirinin Bakıda keçirilməsi ərəfəsi Qərb mediasında antiazərbaycan isterikası ilə müşayiət olunur. Bu dəfə meydana Mərkəzi Kəşfiyyat İdarəsinin agenti, Vaşinqtondakı "McCain" institutunun insan haqları və azadlıqları üzrə direktoru Devid Kramer çıxıb. Xatırladaq ki, o, həm də "Freedom House" təşkilatının sabiq prezidentidir.

Əslində, bu titulların heç biri D.Kramerin əsl simasını tam ifadə etmir. O, sadəcə, qeyri-obyektiv mövqeyi ilə seçilən bir adamdır. İndi cənab Kramer Azərbaycan rəhbərliyini ittiham etməyə çalışır. Əvvəla, o, bütün ədəb qaydalarını pozaraq Cənubi Qafqazın lider dövlətinin hakimiyyətini "quldur" adlandırır. Adi məntiq belə göstərir ki, bir ölkə indiki rəhbərliyin inkişaf kursu əsasında regionun ən güclü dövlətinə çevrilibsə, burada yuxarıdakı ifadə ən azı acı təəssüf doğurur. Aydın görünür ki, bir neçə yüksək vəzifə tutmuş bu insan hisslərini cilovlaya bilmir. O, bir situasiyada özünü ədəbsiz, digərində ləyaqətsiz, bir başqasında isə paranoyya xəstəsi kimi aparır. Onda Azərbaycana qarşı nifrət əlamətləri də hiss olunur.

D.Kramer Azərbaycan hakimiyyəti haqqında əsassız ifadə işlətməklə həm də özünün Cənubi Qafqaz haqqında doğru-düzgün təsəvvürlərinin olmadığını nümayiş etdirir. Bu tezis onun titulları aspektində bir qədər qəribə görünə bilər. Lakin məsələyə D.Kramerin kimliyi müstəvisində nəzər saldıqda, hər şey aydın olur. Məsələ burasındadır ki, o, MKİ-nin xəfiyyəsi olub! Belə adamlar heç zaman həqiqət axtarmırlar. Onlar informasiyaları yalnız müəyyən məqsədlə toplayıb yadda saxlayırlar. Bir nümunə göstərə bilərik.

Uzun illərdir ki, Qərb ölkələrindən Azərbaycana çoxlu sayda tədqiqatçı, siyasətçi, hüquq müdafiəçisi, diplomat və digər peşə sahibləri təşrif buyururlar. Onların sırasında "könüllülər" adlandırılan bir qrup da olub. Ölkənin mədəniyyəti, tarixi, dövlətçiliyi, inkişafı ilə real olaraq maraqlananlar tamamilə müsbət təəssüratlarla geri qayıdırlar. Onlar Qərbdə Azərbaycanı necə var, elə təqdim edirlər.

Bir sıra adamlar isə tam tərsini danışır, olmayan şeyləri Azərbaycanın adına yazmağa çalışırlar. Avroviziya beynəlxalq mahnı yarışması ərəfəsi bunun əyani şahidi olduq. "Könüllülər" adlanan qrup isə Azərbaycan cəmiyyətini xüsusi sifariş əsasında öyrənməklə məşğuldur. Onlar ailələrə nüfuz edir, həyat tərzinin özünəməxsusluğunu anlamağa çalışırlar.

İndi isə D.Kramer iddia edir ki, "Azərbaycan ABŞ-a meydan oxuyur" (bax: David J.Kramer. A Thuggish Regime Challenges the U.S. Azerbaijan’s attack on Radio Free Europe/Radio Liberty is one more sign of trouble. Will the White House respond? / "Wall Street Journal", 4 yanvar 2015). Maraqlıdır, hansı məsələlərdə? Sən demə, Azərbaycan rəhbərliyi ölkə daxilində atdığı hər bir addımı Vaşinqtonla razılaşdırmalıdır. Hansısa bir jurnalist və ya başqa peşə sahibi cinayət törədirsə, onunla necə davranmağı Amerikadan soruşmaq lazım imiş. Əgər bu, belə deyilsə, deməli, həmin dövlət ABŞ-a meydan oxuyur.

Müstəqil siyasət: kimləri qane etmir?

Razılaşın ki, sırf diktator mövqeyidir. "Azadlıq" radiosunun Bakı ofisində aparılan yoxlamaların səbəblərini KİV-ə aidiyyəti qurum izah edib. Belə olan halda burada hansı hüquq pozuntusundan danışmaq olar? Bundan əlavə, niyə D.Kramer ABŞ-ın özündə qaradərili gəncin sorğu-sualsız küçədə polis tərəfindən qətlə yetirilməsinə səsini çıxarmır? Nəyə görə o, bu cür hərəkətləri quldurluq adlandırmır? Çünki bu cənab həqiqəti və ədaləti deyil, qulluğunda dayandığı dairələri müdafiə edir.

Heç kəsə sirr deyil ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar adına uyğun olmayan fəaliyyətlə də məşğul olurlar. IREX, Milli Demokratiya İnstitutu, Transparency International və Oxfam-ın Bakıdakı ofislərinin bağlanmasının müəyyən səbəbləri vardır. Onlar Azərbaycan qanunvericiliyinə zidd olan işlərlə məşğul olurdular.

Buna görə də həmin təşkilatların fəaliyyətinin dayandırılması tamamilə normal haldır. Lakin bunu D.Kramer demokratiyaya qarşı çıxmaq, ABŞ-ı burada sıxışdırmaq kimi qələmə verməyə çalışır. Məqsəd aydındır – Azərbaycanın Suriyaya, İraqa, Ukraynaya çevrilməsinin qarşısı alınıb ki, bunu da bəzi dairələr sinirə bilmirlər.

Bütün bunlardan cənab D.Kramer belə qənaətə gəlir ki, Belarus və Rusiyaya olduğu kimi, Azərbaycana da sanksiya tətbiq olunmalıdır. Etiraf edək ki, bu, məsələnin olduqca maraqlı tərəfidir. Çünki Cənubi Qafqazda Rusiya məsələsi ilə əlaqədar sanksiya tətbiq oluna biləcək bir ölkə varsa, o da Ermənistandır. İrəvan Avropa İttifaqına assosiativ üzvlükdən imtina edərək Avrasiya İqtisadi İttifaqına daxil oldu. Xarici siyasətdə tamamilə Moskvanın göstərişlərinə əməl edir. İnsan haqları bu ölkədə daim pozulur. Hətta küçələrdə belə polis insanları gülləbaran edə bilir.

Eyni zamanda, bu regionda qonşu ölkələrə ərazi iddialarını irəli sürən də məhz Ermənistandır. Hələ də Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanın addımları Cənubi Qafqazda geosiyasi gərginliyin mənbəyi olaraq qalır. Lakin D.Kramer bir dəfə də olsun bu faktlardan danışmır, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi zərurətini dilə gətirmir.

Bu deyilənlər D.Kramerin niyyətlərinin qeyri-səmimi olduğunu göstərir. Bu tip insanlar nəinki informasiya toplayır, həm də onları xüsusi üsullarla qərəzli şəkildə dünyaya yaymağa çalışırlar. Onların təhlükəliliyi də elə məhz bundadır. Ancaq maraqlıdır ki, D.Kramer kimilərinin məntiqində ziddiyyətlər dərhal özünü göstərir. Məsələn, yuxarıda vurğuladığımız kimi, o, bir tərəfdən Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsindən dəm vurur, digər tərəfdən də onu Qərbin regionda enerji və təhlükəsizlik üzrə əhəmiyyətli tərəfdaşı hesab etdiyini yazır.

Burada da məqsəd məlumdur. Amerikanın maraqlarının təmin edildiyi hallarda Azərbaycan haqqında müsbət fikir söyləmək olar. Əks halda, onun haqqında mütləq uydurma fikirlər deyilməlidir. Təbii ki, D.Kramer bunun fərqinə varır. O, özünə haqq qazandırmaq üçün demokratik qaydaların hər şeydən üstün olduğunu deyir. Elə isə, gərək sən özün də ədalətli və obyektiv demokrat olasan. Kramerdə isə məhz həmin keyfiyyət çatışmır.

O, bir az da qabağa gedərək, bəlkə də əsl niyyətini büruzə verir. O, Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarını boykot etməyə çağırıb, Soçi Olimpiadasında olduğu kimi, Qərbin nüfuzlu adamlarının burada iştirak etməməsini təklif edib. O, hətta bu tədbirin sponsorları olan BP, Procter & Gamble kimi şirkətlərə nə etdiklərini düşünməli olduqlarını da bildirib.

Şübhəsiz ki, bu cür təkliflərin heç bir real nəticəsi ola bilməz. Maraqlısı bu təkliflərin məhz indi səslənməsidir. Bütün bunlar Qərbdə hətta idman yarışlarına siyasi don geyindirməyə çalışan qüvvələrin olduğunu göstərir. Lakin Avropa Olimpiya Oyunları ilə bağlı fikir söyləyərkən D.Kramer bir qədər utanmalı idi. Tarixdə ilk dəfə keçiriləcək bu cür yarışlara ev sahibliyini özünü yüksək inkişaf etmiş, "köhnə qitənin mədəniyyət beşiyi olduqlarını" sanan dövlətlər deyil, məhz Azərbaycan edəcək. Bundan avropalılar qürur duymalı və razılıqlarını bildirməlidirlər.

Yuxarıda ifadə edilən fikirlərdən bir nəticə hasil olur ki, D.Kramer Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışanlardandır. Ermənistan və havadarları artıq Azərbaycana qarşı çox fəallıq göstərə bilmirlər. Açıq görünür ki, regionda ən çox nüfuz sahibi olan və onu daim artıran Azərbaycandır. Bu prosesin qarşısını kəsməyə cəhdlər edilir. Ancaq təcrübə göstərir ki, bunlar əbəs yerə edilir. Azərbaycan seçdiyi müstəqillik yolundan kənara çıxmayacaq. Bunu qəbul etmək istəməyənlər dəyişməlidirlər. Sözdə deyil, əməldə demokrat olmaq gərəkdir.

Newtimes.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR