“Freedom House”un “üç meymun” oyunu: Jurnalisti Paşinyan öldürdü, günahkar Azərbaycandır

“Freedom House”un “üç meymun” oyunu: Jurnalisti Paşinyan öldürdü, günahkar Azərbaycandır
14:08 6 Fevral 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycana qarşı qisasçı yanaşması ilə məşhur olan “Freedom House” təşkilatı “Dünyada Azadlıq – 2019” (Freedom in the World 2019) hesabatını açıqlayıb. Hesabatda Azərbaycan 11 xalla azad olmayan ölkələr siyahısına daxil edilib. Bu təşkilatın fəaliyyət tarixində Azərbaycana qarşı siyasi rıçaq olaraq istifadə edilməsi təcrübəsi fonunda onun bu qiymətləndirməsi o qədər də təəccüblü deyil.

Hesabatda diqqət çəkən əsas məqam Ermənistanın 51 xalla qiymətləndirilməsi və “qismən azad” ölkələr sırasında yer almasıdır. Təşkilat bu qiymətləndirməsini Ermənistanda Nikol Paşinyanın “inqilab”la hakimiyyətə gəlişini və baş nazir seçilməsi ilə əlaqələndirir. Doğrudanmı Ermənistan “Freedom House”nin qiymətləndirdiyi kimi “qismən azad” ölkədir? Bu hesabatı hazırlayanların Ermənistanda seçkidən öncə və sonra baş verənlərdən xəbərləri yoxdurmu? Siyasi mövqeyinə, tənqidi yazısına görə nəinki təqib olunan, hətta qətlə yetirilən jurnalist Azərbaycandadır, yoxsa Ermənistanda?

Bu suallara cavab tapmaq üçün üçün məxfi materiallara giriş əldə etməyə ehtiyac yoxdur, Ermənistan mediasına nəzər yetirmək kifayətdir, təbii ki, obyektivlik və həqiqət əsas məqsəddirsə…

“Paşinyan Ermənistanda küçə diktaturası yaradıb”, Ermənistan mediası “inqilab”dan sonra baş verənləri belə xarakterizə edir. Çünki o, tərəfdarları ilə parlament və digər strukturların binasını mühasirəyə almaqla obyektiv qərarın qəbul edilməsinə təsir göstərir və prosesi öz xeyrinə həll edirdi.

2018-ci il, 1 may: Ermənistan parlamenti baş nazirliyə namizəd olan Nikol Paşinyanı seçmədi. Bundan sonra o, tərəfdarlarını yenidən küçəyə çıxardı.

2018-ci il, 8 may: Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı keçirdiyi iclas zamanı Paşinyanın tapşırığı ilə tərəfdarları qanunverici orqanın binasını mühasirəyə aldı. Məqsəd deputatlara təzyiq etmək və Paşinyanın seçilməsini təmin etmək idi.

Hərçənd, artıq Serj Sarkisyan hakimiyyətdən məhrum edilmişdi və demokratik prinsiplərə görə qüvvədə olan parlamentin iradəsinə müdaxilə ədalətsiz idi. Lakin Paşinyan tərəfdarlarının təzyiqi ilə siyasi Olimpə yüksələ bildi. Məhz buna görə Ermənistan mediası onun ölkədə “küçə diktaturası” qurduğunu yazır.

2018-ci il 9 dekabrda Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı erməni mediasının ortaya çıxardığı faktlar da bu ölkədəki vəziyyətin reallığını göstərir.

– “168 jam” qəzeti yazırdı ki, Paşinyanın komandası 7 və 8 dekabrda, həmçinin seçki günü – 9 dekabrda Respublika Partiyasının seçki qərargahlarına gözlənilməz məqamda müdaxilə etməyi planlaşdırır. Bu plan baş tutdu və müxalifətin fəaliyyəti neytrallaşdırıldı.

– Paşinyan və komandası opponentləri əks-iqnilabçı adlandırır və Xüsusi İstintaq İdarəsini onların başı üzərində “Domokl qılıncı”na çevrib.

– ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ermənistanda seçkiöncəsi İctimai Televiziyanın qüvvədə olan hakimiyyətin – Nikol Paşinyanın təbliğat ruporuna çevrildiyini açıqladı. Hesabatda Paşinyanın seçki təbliğatında inzibati resurslardan istifadə etdiyi qeyd olunurdu. DTİHB seçkiöncəsi atmosferi tənqid etdi və bəyan etdi ki, “Ermənistanda ictimai rəyi çaşdırmaq üçün yalan məlumatlar verilir və siyasi opponentlərə nifrət dalğası yaradılır, hakimiyyətin, xüsusilə Nikol Paşinyanın tənqidinə isə imkan verilmir”.

– Milyonlarla seçici səsvermə hüququndan məhrum edildi. Paşinyanın qərarı ilə xaricdə yaşayan Ermənistan vətəndaşları səsvermədə iştirak edə bilmədilər. Təkcə Rusiyada 500 min Ermənistan vətəndaşı yaşayır. Digər ölkələrdəki sayı da əlavə etsək, bu, milyonlarla seçici deməkdir.

– Parlamentə seçilən partiyaların hamısı seçkilərdən öncə Nikol Paşinyanı dəstəkləyirdi və beləliklə, Ermənistanda “cib müxalifəti” yaradıldı.

– “Jamanak” qəzeti yazırdı ki, kənd icmalarının rəhbərlərinə öz ərazilərində Nikol Paşinyanın xeyrinə səs toplamaq və qutudan məhz “Mənim addımım” blokunun namizədinin çıxmasını təmin etmək tapşırığı verilmişdi. “Əgər onların icmasında başqa partiya qalib gələcəksə, istefa etməyə məcbur olacaqlar”, qəzet kənd icmalarının rəhbərlərinin təhdid edildiyini qeyd edirdi. Əlavə edirdi ki, “Mənim addımım” blokunun namizədləri namizəd olduqları ərazilərdə hörmətli şəxsləri müxtəlif yollarla – pul, vədlər – ələ alıblar.

– “168 saat” saytı yazırdı ki, Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni hərbi birləşmələrinin əsgərlərini onun təmsil olunduğu bloka səsverməyə məcbur edir.

“Qarabağda xidmətdə olan əsgərlər valideynlərinə zəng edərək, 9 dekabrda Qoris və Qapan rayonunda olacaqlarını bildiriblər. Onlar valideynlərinə bildirirlər ki, görüşmək üçün seçki günü həmin rayona gəlsinlər. Hərbi qulluqçular danışırlar ki, onlara əzizləri ilə görüşməyə o şərtlə icazə verirlər ki, seçkidə Nikol Paşinyanın liderlik etdiyi “Mənim addımım” blokuna səs versinlər”, – deyə qəzet qeyd edirdi.

Kifayət qədər mövcud olan bu faktlar “Freedom House”un Ermənistanı “qismən azad” tacı ilə mükafatlandırmasında əsas faktor kimi götürdüyü Paşinyanın nə qədər demokratik və azad seçki ilə hakimiyyətə gəldiyini göstərir, halbuki, Ermənistanda Paşinyanın hakimiyyəti zəbt etdiyinə dair fikirlər pıçıltı ilə dilə gətirilir. Çünki bu sözləri yüksək səslə demək ən yaxşı halda işindən olmaq, ən pis halda həbslə nəticələnəcək.

Belə görünür ki, “Freedom House” isə Ermənistanda mətbuatın təqib olunmasını, jurnalistlərin başının “pambıqla kəsilməsi”ni Paşinyanın mətbuata “sevgisi” kimi qiymətləndirdiyi üçün bu ölkənin reytinqini yüksəldib.

Ötən il Ermənistanın İctimai Televiziyasının informasiya-siyasi proqramlar redaksiyasının direktoru Arutyun Arutyunyan, “Orakarq” informasiya xidmətinin prodüseri və rəhbəri Artak Erikyan və bu proqramların bir neçə əməkdaşı istefa verməyə məcbur edildi. Çünki onlar Azərbaycan Ordusunun Naxçıvan istiqamətində uğurlu əməliyyatını dilə gətirmişdi.

“Yerevan.Today” saytı isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyan və Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryanın məxfi telefon danışığını yaydığı üçün hücumlara məruz qaldı. Polis gizli dinləmə qurğusunu tapmaq bəhanəsi ilə saytın ofisinə basqın etdi, redaksiyanın əmlakı müsadirə edildi. Saytın redaktoru Sevak Akopyan onlara edilən hücumun digərləri üçün nümunə xarakteri daşıdığını bəyan edib: “Bizim timsalımızda ölkədə baş verənləri azad və əsaslı tənqid edən digər kütləvi informasiya vasitələrinə də dərs verirlər. Təəssüf ki, biz tariximizin utancverici səhifələrinə qayıdırıq”.

“Haynews.am” saytının rəhbəri, “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer Yegizaryanın ölümü isə Paşinyanın mətbuat “sevgisi”nin ən dəhşətli üzü idi. Hakimiyyətin siyasətinə qarşı çıxdığı üçün qondarma ittihamla həbs edilən Yegizaryan 44 gün aclıqdan sonra öldü. Dəhşətli idi ki, onun 44 gün aclıqdan sonra xəstəxanaya yerləşdirildiyi gün – 17 yanvarda Avropa Parlamentinin başı Azərbaycana qarşı qətnamə qəbul etməyə qarışmışdı. Mqer Yegizaryan xəstəxanaya köçürülməsindən 9 gün sonra – 26 yanvarda öldü. Bu Paşinyan hakimiyyətinin bir şəxsi siyasi mövqeyinə görə ölümə məhkum etməsi, bir jurnalistin başını “pambıqla kəsməsi” idi.

Bu gün Ermənistanı bölgədə “azadlıq simvoluna” çevirən “Freedom House” təşkilatının bu ölkədə qurulan “küçə diktaturası”ndan, seçki saxtakarlığından, jurnalistlərin təqibi və qətlə yetirilməsindən xəbərsiz olduğunu düşünmək sadəlövhlük olardı. Sadəcə olaraq, məsələ Azərbaycandırsa, “Freedom House” və Qərbin digər təşkilatları ədaləti dar ağacından asır, yox, məsələ Ermənistandırsa, “üç meymunu” – bilmirəm, eşitmirəm, görmürəm – oynayırlar. Hər şey bu qədər bəsitdir…

Asif Nərimanlı

Publika.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/268696.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR