"Yeni açılan avtomobil zavoduna 8 milyon dollar sərmayə yatırılacaq"

Hacıqabul Sənaye Məhəlləsində bu gün təməli qoyulan avtomobil zavoduna 8 milyon dollar sərmayə yatırılacaq.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib.

Ş.Mustafayev deyib ki, zavod Rusiya texnologiyalarına əsaslanacaq və növbəti ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulur: "Bir il ərzində müxtəlif təyinatlı 1000 ədəd avtomobil istehsal ediləcək. İstehsal olunmuş avtomobillərin yarısı Azərbaycanın daxili bazarında satılacaq, qalan hissəsi isə üçüncü ölkələrə ixrac olunacaq. Zavodun açılması sənaye sahəsində çox gözəl nümunədir və Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsinə töhfə verir”.

Xatırladaq ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR