Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi

Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi
13:17 14 Yanvar 2015
496 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən 1990-cı ilin 20 Yanvar hadisələrindən 25 il ötür. Ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan 20 Yanvar xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu.

Azərbaycanın istiqlal tarixi çox faciələr görüb. Lakin qanlı 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaqdır. Bu, keçmiş sovet hərb maşınının böyük bir millətə tuşlanmış amansız terror aktı idi. İllər keçdikcə xalqımız 20 Yanvar qırğınının əsl mahiyyətinin səbəblərini daha aydın şəkildə dərk edir və hər dəfə də haqsızlığın miqyası heç bir ölçüyə sığmadığı kimi, faciəyə aparan ədalətsiz siyasətin, daha doğrusu, xəyanətkarlığın hüdud tanımadığı dönə-dönə sübut olunur. Bu qanlı tarixi unutdurmaq üçün vaxtilə nə qədər təşəbbüslər oldu: qəzetlər buraxılmadı, dövlət televiziyasının enerji bloku partladıldı, ölkənin bütün kütləvi informasiya vasitələri iflic vəziyyətinə salındı. Hətta 20 Yanvar faciəsi zamanı baş vermiş hadisələr bilərəkdən təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum olundu. Lakin xəyanətkarlar anlamırdılar ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin azadlığı və müstəqilliyi uğrunda ən ağır sınaqlara dözmək, hətta şəhid vermək qüdrətini bütün dünyaya göstərmək əzmindədir.

Bu qanlı tarix - 20 Yanvar faciəsi həm də SSRİ adlanan nəhəng imperiyanın iflasında da əsas amillərdən biri oldu.

Həmin gün 137 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın vətəndaşımızın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin bu hadisə eyni zamanda xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya, dönüş nöqtəsinə çevrildi.

Tarixi prizmadan yanaşdıqda aydın olur ki, 20 Yanvara aparan yol 1988-ci ilin ziddiyyətli hadisələrindən başlanır. Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə impulslar verdi. Respublika vətəndaşları SSRİ rəhbərliyinin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etirazlarını bildirdi, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını tələb etdi. Bu zaman ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı qətiyyətlə çıxan xalqımızın müqavimət əzmi daha da artmışdı. Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda bu hərəkatın qarşısını müəyyən qədər alsa da, əhalinin narazılığını qətiyyən boğa bilmədi.

1989-cu ildən etibarən ümumxalq etirazları yenidən bütün respublikanı bürüdü. Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tabeliyindən çıxarmaq yolunda Moskvanın atdığı növbəti addım SSRİ Ali Soveti Rəyasət Heyətinin muxtar vilayətdə xüsusi idarəetmə forması yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi fərman oldu. Dağlıq Qarabağın idarə olunması mərkəzin nümayəndəsi A.İ.Volskinin başçılığı ilə yaradılmış Xüsusi İdarəetmə Komitəsinə həvalə edildi. SSRİ rəhbərliyi qəbul etdiyi rəsmi sənədlərində belə bir təsəvvür yaratmağa çalışırdı ki, regionda yaranmış vəziyyəti normallaşdırmaq üçün atdığı addımlarda həm Azərbaycana, həm də Ermənistana münasibətdə paritetlik mövqeyindən çıxış edir. Halbuki Azərbaycana, azərbaycanlılara qarşı qərəzli münasibət açıq-aşkar göz qabağında idi. Azərbaycanlılar hələ 1988-ci ildən əvvəl də SSRİ-nin mərkəzi kütləvi informasiya vasitələrində və Ermənistanın müxtəlif mətbu orqanlarında məqsədyönlü şəkildə həyata keçirilən ideoloji təcavüzə məruz qalırdılar. Bu, 1988-ci ildə Ermənistanda, eləcə də DQMV-də başlanmış kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi də hesab edilə bilərdi. Ermənistanda yaşayan azərbaycanlıların misli görünməmiş qəddarlıqla ata-baba yurdlarını tərk etməyə məcbur edilən zaman neçə-neçə soydaşımız, o cümlədən qocalar, qadınlar və uşaqlar qətlə yetirildi. Bütün bunlar SSRİ rəsmiləri tərəfindən tam sükutla müşayiət olunurdu. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün xalq ayağa qalxdı. SSRİ rəhbərliyi isə hüququ pozulan azərbaycanlılara divan tutmaq yolunu seçdi.

1990-cı il yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların bölmələri Bakı şəhərinə yeridildi. Bakının zəbt edilməsi xüsusi qəddarlıqla və misli görünməmiş vəhşiliklərlə müşayiət olundu. Öz milli mənafeyi və hüquqlarının qorunması üçün ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və beləliklə sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycana, azərbaycanlılara qarşı hərbi təcavüzü və ağlasığmaz cinayəti idi. Bu, insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən “İnsan hüquqlarının ümumi Bəyannaməsi”, “Vətəndaş və siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların, habelə keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarının kobudcasına pozulması demək idi. Kommunist diktaturası vaxtilə Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Ordu hissələrinin tərkibində Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da var idi.
SSRİ DTK-sının “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə saat 1-dək xeyli adam öldürülmüşdü. Bakıda fövqəladə və-ziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq.
Respublikanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ulu öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər lider oldu. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar ulu öndərin Moskva Nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı gördülər. Ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi.

Burada Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması qarşıya qoyuldu. Həmin məsələ ümummilli liderin fəaliyyətinin bütün sonrakı mərhələlərində də aktuallığını qoruyub saxladı. Ulu öndər Heydər Əliyev həmişə bu mövqedə olmuşdur ki, xalqa qarşı törədilən hər hansı cinayət cəzasız qalmamalıdır. Təsadüfi deyil ki, hadisəyə ilk hüquqi- siyasi qiymət də 1991-ci ilin noyabr ayında - onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Həmin il noyabr ayının 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda (1991-ci il 21 noyabr) 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması göstərildi. Sənəddə ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalandı və onların birbaşa məsuliyyət daşıdıqları göstərildi. Bu, hadisəyə verilən ilk rəsmi hüquqi-siyasi qiymət idi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi məsələsi günün tələbi oldu. Çünki bu hadisə Azərbaycan tarixində özünün dolğun mənzərəsini əks etdirməli idi. Ümummilli lider dövrün mürəkkəbliyinə baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə ciddi məşğul oldu. Dövlət səviyyəsində layihələr hazırlandı. Yalnız bundan sonra mətbuatımız da böyük qayğı ilə üzünü qanlı Yanvar hadisələrinin tarixinə yönəltdi. Bütün iştirakçıların, şahidlərin ifadələri toplandı, hadisələrin bütün təfərrüatı dəqiqliyi ilə sənədləşdirildi. Baş verənlərə obyektiv siyasi qiymət vermək çağırışı və təkidi ən çox ulu öndər Heydər Əliyevə məxsus idi. Ölkə rəhbərinin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarda yanvar hadisələrinin əsl səbəblərini açıqladı, həqiqi günahkarlar aşkarlandı. Bu, xalqımızın, dövlətimizin milli tariximiz qarşısında müqəddəs borcu idi. Azərbaycan Yanvar faciəsinin milli azadlıq mübarizələrini şanlı tariximizin fonunda yenidən gördü və qiymətləndirdi.
1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi. Ümummilli liderin 2000-ci ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında imzaladığı fərmanda deyilirdi ki, XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir.
Bu gün 20 Yanvar iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Dövlət başçısı 2004-cü ildə 20 Yanvar faciəsinin 14-cü ildönümünün keçirilməsi ilə bağlı sərəncamında bildirirdi ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdilər.

Faciədən sonrakı tarixi proses xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi. 20 Yanvar hadisələrində qurbanlar verildi, lakin həmin faciəli günlər inam və sınaq günü kimi də yadda qaldı. Qəhrəman xalq həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut etdi.

“Azərbaycan”


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR